Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 22:29:03
İlk Avropa tipli məktəbi açan türkün faciəsi – Atatürk və Rəsulzadə ilə görüşlər
 
O, ilk təhsilini böyüyüb boya-başa çatdığı Oş qəsəbəsindəki mollaxanada-ibtidai məktəbində, sonra da mədrəsədə alıb. Sonradan təhsilini davam etdirmək üçün Buxaraya gəlir. Burada orta yüzillərdən Uluq bəy mədrəsəsi, Mir Ərəb mədrəsəssi, Kükəldaş mədrəsəsi, Əbdüləziz xan mədrəsəsi və b. məşhur təhsil ocaqları fəaliyyət göstərirdi.
 
 
Lakin o, burada mədrəsədə təhsili almaqla yanaşı, rusların açdığı məktəblərlə də maraqlanır, Avropada baş verənləri diqqətlə öyrənir. Çar Rusiyasına qarşı 1898-ci il mayın 17-19-da baş qaldırmış, daha çox üsyan rəhbərinin adıyla Dükçü İşan üsyanı kimi tanınan hərəkata qoşuldu. Üsyan yatırılanda o da həbs edilir. Ailəsinin xocalardan olması və ciddi sübutlar tapılmadığından Osman tezliklə həbsdən azad edilir.
 
 
 
Osman Xoca oğlu 1908-ci ildə dostları ilə birgə “Şirkət-i Buxara-i Şərif”i yaratdı. Bu şirkət ticarətlə məşğul olsa da, siyasi məqsədlə qurulmuşdu. Onlar yeni açılmış cədid məktəbləri dərs kitabları ilə təmin etmək, istedadlı uşaqların təhsilini davam etdirməsinə yardımçı olmaq istəyirdilər. Türküstanda mətbəələrin azlığı, yeni məktəblər üçün kitabları yaza biləcək pedaqoqların yetərsizliyi problemi, Osman Xocanı 1909-cu ildə Baxçasaraya, İsmail bəy Qaspıralının yanına gətirir.
 
Onun həyatının bundan sonrakı mərhələsi haqqında araşdırmaçı Əli Şamil geniş məlumat verir:
 
 
“Bağçasaraydan da İstanbula gedən Osman Xoca oğlu, Ənvər Paşa ilə görüşür. Geri döndükdə, yəni 1909-cu il oktyabrın 26-da “Buxara Təmimi-i Maarif Cəmiyyəti-i Xeyriyyəsi”ni qurur. Bu cəmiyyətin məqsədi Türküstandakı istedadlı, lakin aliələri kasıb olduğundan təhsillərini davam etdirə bilməyən uşaqları oxumağa göndərmək idi. Cəmiyyətin vəsaitilə 45 gənc İstanbula oxumağa göndərilir. Osman Xoca oğlu da İstanbula gedərək orada təhsilini davam etdirir.
 
1913-cü ildə yenidən Buxaraya qayıdan Osman Xoca Avropa tipli məktəb açır. Bu məktəbin ilk şagirdlərinin əksəriyyəti öz qohumları olur. Az bir zamanda onun açdığı məktəbin şöhrəti artır və şagirdlərin sayı 200-ü keçir. Yeni tipli məktəblərin şöhrətinin artması, oradakı təlim-tərbiyənin maraqla qarşılanması mühafizakarları bərk narahat edir. Onların təzyiq və təsiri ilə Buxara Əmiri bu məktəbi bağladır.
 
Monarxiyanın məhvə doğru getdiyini görən qabaqcıl fikirli insanlar vətənlərini abad və azad görmək üçün monarxıya idarə üsulunu dəyişmək uğrunda yollar axtardılar. Avropa maarifçilərindən təsirlənən yerli ziyalılar maarifçiliyi siyasi hərəkata və partiyaya çevrdilər”.
 
Birinci Dünya Savaşında çətin durumda qalan Çar Rusiyası 1916-cı ildə “arxa cəbhəyə gənclərin toplanması” haqqında qərar verdi. Bu qərar xalqın etirazına səbəb oldu. Buxaranın öncül maarifçilərindən Mamud Hoca Behbudinin başçılığı ilə Buxarada mitinq keçirildi. Mitinq iştirakçıları Türküstanın Rusiya işğalından azad edilməsini tələb etdilər. Mitinqin tələbləri ödənmədikdə xalq üsyan qaldırdı. Lakin Çar ordusu Türküstanda baş qaldırmış üsyanı qəddarlıqla yatırtdı. Üsyançıların bir çoxu həbs olundu və bəziləri də Buxaradan qaça bildilər.
 
Osman Xoca da cəzadan yaxa qurtaranlarla birlikdə yenidən toparlanaraq “Yaş Buxaralılar” (Gənc Buxaralılar) adlı siyasi təşkilat qurdular. Təşkilatın məqsədi monarxiyanı – Buxara Əmirini devirmək və Cümhuriyyət qurmaq oldu. Lakin təşkilatın daxilində fikir ayrılığı vardı: Bir qrup vətəni Rusiya işğalından azad edərək müstəqil respublika qurmaq, başqa bir qrup isə sosial ədalətə dayanan, sosialist və marksist respublika yaratmaq istəyirdi.
Sosial ədalətə üstünlük verən qrup bolşevikləri yardıma çağırdılar. Frunzenin komandanlıq etdiyi Sovet əsgəri birlikləri 1920-ci il avqustun 29-da Buxaraya doğru irəlilədi. Buxara Əmiri Alim Xan sentyabrın 2-də Əfqanıstana qaçdı. Sentyabrın 14-də ali hakimiyyət orqanları – Ümumbuxara İnqilab Komitəsi və Xalq Nazirlər Komissarlar Şurası yardıldı. Osman Xoca bu hökumətin Maliyyə naziri oldu:
 
“Buxaradan qaçan Alim Xan öz tərəfdarlarını toplayaraq yenidən Buxaraya hücum etdi. Buxara Xalq Sosialist Höküməti 1921-ci il sentyabrın 23-də ölkənin doğusuna çəkilərək kiçik muxtar Şərqi Buxara Milli Hökuməti yardıldı. Osman Xoca bu respublikanın prezidenti seçildi.
 
Osman Xoca prezident kimi radikal qərarlar qəbul etdi. O, Rusların basmaçılar adlandırdığı milli mücahidləri dəstəklədi. Buxarada olan Ənvər Paşa ilə görüşdü. Daxili nizamı təşkil edə bilmək üçün Rusiyanın əsir düşərgələrindən Buxaraya gələn türk zabitlərinin köməyi ilə müdafiə dəstələri yaratdı. 1921-ci il dekabrın 9-da rus qarnizonunu mühasirəyə alaraq rus diplomatlarını əsir götürdü, qarşılığından rus ordusunun Buxara torpaqlarından çıxmasını tələb etdi. Lakin rus ordusu ilə qarşıdurma yarandı. Bundan sonra Osman Xoca əli silah tutan bütün Buxara xalqını rus hərbçilərinə qarşı mübarizə aparmağa çağırdı.
 
1922-ci ildə Osman Xoca silah-sursat almaq, xarici ölkələrin dəstəyini qazanmaq üçün Əfqanıstana getdi və oradakı ingilis rəsmi dairələrilə görüşdü. İkili siyasət yeridən ingilislər Sovet Rusyası ilə bağladığı gizli müqaviləyə görə yeni yaradılmış Şərqi Buxara Milli Respublikasına köməklik etmədi.
Baş nazir Feyzullah Xoca gizli xəbər göndərdi ki, Ruslar Osman Xocanı edam etməyi planlaşdırıb. Buna görə də o bir müddət Əfqanıstanda yaşamalı oldu. Lakin bolşeviklər onun Əfqanıstanda da dinc qoymadılar. Sovet Rusyasına qarşı mübarizə aparacağını bildiklərindən Əfqanıstan hökumətini Osman Xocanı ölkədən çıxarmağa məcbur etdilər”.
 
1923-cü ildə İstanbula gələn Osman Xoca Mustafa Kamalla görüşdü. Atatürk onu yüksək səviyyədə qarşıladı. Söhbətdən aydın oldu ki, Şərqi Buxara Milli Hökümətinin və Türküstanlıların Qurtuluş Savaşı üçün topladıqları qızılın böyük bir qismini Vladimir İliç Leninin (Ulyanov) rəhbərlik etdiyi bolşevik Rusiyası mənimsəyib. Türkiyəyə toplanan vəsaitdən cəmi 100 milyon ruble qızıl göndərilib.
Atatürk göstərdikləri yardım üçün Osman Xocaya təşəkkürünü bildirdi və ömürboyu millət vəkili maaşı almasına, o ölərsə həmin maaşın həyat yoldaşına verilməsinə dair göstəriş verdi.
 
Osman Xoca Məmmədəmin Rəsulzadə ilə dəfәlәrlә görüşür. O, yalnız Azərbaycanın siyasi mühacirlərinə deyil keçmiş Rusiyadan getmiş mühacirlərə də mənəvi və maddi yardım göstərirdi.
 
Osman Xoca 1927-ci ildə İstanbula oxumağa göndərdiyi gənclərə “Türküstan Gənclər Birliyi” dərnəyini qurmağa köməklik etdi. Əhməd Zəki Vəlidi Toqan, Mustafa Şokayoğlu kimi Türküstan ziyalıları ilə birləşərək “Yeni Türküstan” jurnalını nəşr etdirdi. Onun ictimai-siyasi fəaliyyətindən narahat olan Sovetlər Birliyinin rəhərləri 1934-cü ildə “Yeni Türküstan” junalının bağlanmasına, bir çox siyasi mühacirlər kimi Osman Xocanın da Türkiyədən çıxarılmasına nail ola bildilər.
 
1938-ci ildə Polşaya mühacirət edən Osman Xoca orada çox qala bilməyib İrana getdi. Bir müddət burada yaşadıqdan sonra 1945-ci ildə yenidən Türkiyəyə qayıtdı. Lakin Türkiyədə də ictimai-siyasi fəaliyyətlə məşğul olmağa imkan verilmədiyini, Əhməd Zəki Vəlidi Toqan, Abdülqadir İnan və b. millətsevərlərin nahaqdan həbs edildiyini, məhkəməyə verildiyini gördü.
 
1951-ci ildə Pakistana gedən Osman Xocaya orada da ictimai-siyasi fəaliyyətlə məşğul olmağa imkan vermədiklərindən 1957-ci ildə yenidən Türkiyəyə qayıtdı.
 
Son nəfəsinədək Türküstan üçün çalışan, müxtəlif qəzet və jurnallarda Sovetlәr Birliyinin müstəmləkəçilik siyasətini pisləyən Osman Xoca 1968-ci il aprel 28-də dünyasını dəyişdi. Türküstanlı gənclər isə onun ideyalarını əldə bayraq tutaraq ölümündən 24 il sonra da olsa, Türküstanı Sovetlərin əsarətindən azad etdilər. (moderator.az)