Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 16:14:00
Nazirliyin şöbə müdiri teledərslərlə bağlı əsassız irada cavab verdi

 

 

 

Bütün dünyanı gərginlik altında saxlayan koronavirus pandemiyası planetdə 290 milyondan çox şagird və tələbənin təhsilini yarımçıq qoyub.

 

Belə məqamda, təhsilin fasiləsizliyini qoruyub saxlamaqdan ötrü alternativ tədris metodları ən uyğun çıxış yoludur.

 

Orta məktəbdə təhsilin fasiləsizliyini təmin etmək  üçün ən yaxşı üsullardan biri də “teledərslərdir” .  

 

Martın 11-dən etibarən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihəyə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  “Mədəniyyət” kanalında  “Dərs vaxtı”  adlı teledərslərə start verilib.  

 

Başqa sözlə desək, həftəiçi hər gün saat 10:00-dan, 16:00-a qədər müəllimlər bütün evlərin qonağı olur.

 

Qeyd edək ki, qısa zaman kəsiminə baxmayaraq, teledərslər öz faydalılığını  tam gücü ilə sübut etdi. Telelayihə  tədrisdə yaranacaq boşluqların qarşısı müəyyən mənada almağı bacardı.

 

Lakin sosial şəbəkələrdə günümüzün reallığında böyük iş görən  teledərslərlə  bağlı bir neçə çatışmazlıq  göstərilir. İrad bildirmək, vacib məqamdır, haqlı irad çatışmazlığın aradan qalxmasına səbəb olar. Lakin hərdən bu mövzu ilə bağlı əsassız rəylərə də rast gəlinir. Onlardan biri də dərs müddətinin azlığı ilə bağlıdır.

 

Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa  Yaqublu AzEdu.az-a açıqlamasında  dərslərin nə səbəbdən  qısa olmasına aydınlıq gətirib:

 

“Real dərs rejimində 45 dəqiqə ərzində müəllim bir qrupla işləyir. Təlimatı verəndən sonra şagirdlərdən əks əlaqə gəlir və bu əks əlaqə zamanı öyrənmə prosesi gedir. Teledərslərdə isə bizim imkanımız yoxdur. Biz şagirdlərin verdiyi əks əlaqəni və reaksiyanı görmürük, müəllim birtərəfli işləyir. Bundan irəli gələrək dərs qısa olur. Çünki müəllim qarşısına qoyduğumuz məqsəd şagirdlərə ən vacib, açar bilikləri çatdırmaq, nəyə diqqət etməyin vacib olduğunu göstərməkdən ibarətdir. Şagird isə evdə valideynlərin, özündən böyük bacı-qardaşın köməyi ilə müstəqil öyrənmə vasitəsilə, dərslikləri oxumaqla, tapşırıqları yerinə yetirməklə təkmilləşə bilər”.