Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 11:30:00
Ölkəyə  dərs  keçən  məkandan reportaj – Teledərslər necə hazırlanır?-FOTOLAR

 

 Bütün dünyanı gərginlik altında saxlayan koronavirus pandemiyası planetdə 290 milyondan çox şagird və tələbənin təhsilini yarımçıq qoyub.

 

Belə məqamda, təhsilin fasiləsizliyini qoruyub saxlamaqdan ötrü alternativ tədris metodları ən uyğun çıxış yoludur.

 

Orta məktəbdə təhsilin fasiləsizliyini təmin etmək  üçün ən yaxşı üsullardan biri də “teledərslərdir” .  

 

Martın 11-dən etibarən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihəyə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  “Mədəniyyət” kanalında  “Dərs vaxtı”  adlı teledərslərə start verilib.  

 

Başqa sözlə desək, həftəiçi hər gün saat 10:00-dan, 16:00-a qədər müəllimlər bütün evlərin qonağı olur.

 

Qeyd edək ki, qısa zaman kəsiminə baxmayaraq, teledərslər öz faydalılığını  tam gücü ilə sübut etdi. Telelayihə  tədrisdə yaranacaq boşluqların qarşısı müəyyən mənada almağı bacardı.

 

 

Ekrana yaxın əyləşək...”Dərs vaxtı”efirdədir...

 

AzEdu.az teledərslərin çəkildiyi  Bakı şəhər 6 saylı məktəbdən reportajı təqdim edir. 

 

İçərişəhərdə yerləşən məktəb binası öncə geniş dəhlizləri və şagirdlərin əl işləri ilə bəzədilmiş otaqları ilə diqqətimizi çəkir.

 

Elə tabloda ilk olaraq bu sözləri oxuduq: “Sağlamlıq fərdə nə üçün lazımdır?”,  “Sağlam həyat tərzi nə deməkdir?”, Məsuliyyət və s.

 

Bunu bir təsadüf olaraq qarşılayıb gülümsəyirik. Qeyd edək ki, məktəb dezinfiksiya olunmaqla yanaşı, yenə də  ehtiyatı əldən vermir.  Az qala, hər addımbaşı  masalar üzərində spirtlər, maska qutuları və gellər düzülüb.

 

Hazırda məktəbdə dayanmadan çalışan, bununla doğrudan da çox böyük iş görən şəxslərin də hər biri maska və baxıl istifadə edir.

 

Bizi ilk qarşılayan   Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa  Yaqublu oldu.  Onunla söhbətə yaranmış vəziyyətə müəllimlərin uyğunlaşıb-uyğunlaşmadağını soruşmaqla  başlayırıq:

 

“Müəllimlər də müxtəlifdir.  Bu işdə səriştəsi olanlar var, çünki bir neçə il əvvəl edumedianın təşəbbüsü ilə elektron dərsləri hazırlayan müəllimlər var. Onlar bu standartı bilir  və rahat  işləyirlər.  Digərləri isə tədricən alışırlar.

 

Montaj prosesindəki  çətinlik  dərəcəsi müəllimin özünü ekran qarşısında nə qədər rahat hiss etməyindən asılı olaraq dəyişir. Əgər  müəllim kamera qarşısında rahatdırsa,  fikirləri qarışmır və dərsi   sərbəst, səlis  şəkildə ifadə edir. Bu zaman   montaj prosesi də asan olur  və  teledərs tez ərsəyə gəlir.  Bu müəllimin şəxsi xüsusiyyətləri ilə bağlı olan bir işdir. Dərsin çətinliyi, yaxud asanlığı ilə bağlı deyil.

 

Əlbəttə teledərslər bütövlüklə real dərsi əvəzləmir, amma tədris proaramına əsasən buraxılan mövzuları kompensasiya etməyin ən optimal yoludur.

 

 

 

 Hazırda UNESKO-nun məlumatına görə 290 milyondan çox şagird təhsildən uzaqlaşıb.  Dünya ölkələrinin əksəriyyəti məhz telədərslər vasitəsilə şagirdlərin təhsil hüququnu kompensasiya etməyə çalışırlar. Çünki televiziya vasitəsilə  dərslərin yayımlanması onların bütün şagirdlərə çatdırılması deməkdir.

 

İnternet rayonların hamısında yaxşı tutmur, yaxud ailələrdə internetə qoşulmaq üçün vasitələrin yoxluğunu,  televiziyanın daha əlçatan, geniş yayılmış  vasitə olduğunu nəzərə alaraq bu üsuldan istifadə edirik”.

 

Kiçik bir haşiyəyə çıxaraq bildirmək istərdik ki, teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Belə ki, ibtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.

 

 

 “Hər cür rəy bildirən insanlara  təşəkkür edirik”. 

 

 

Sosial şəbəkələrdə gələn reaksiyalardan görünür ki, teledərslər təkcə şagirdlərin yox, valideynlərin də diqqət mərkəzindədir. Bəs onların reaksiyaları necədir?

 

Vəfa xanımın bu sualımıza cavabı da maraqlı olur:  

 

“Biz sosial şəbəkələrdə yazılan rəyləri izləyirik.  Fikirlər müxtəlifdir: müsbət və mənfi  olanları da var.  Müsbət rəylər bizi işimizi görməkdə daha da ruhlandırır, mənfi rəylər isə nöqsanları göstərir.  Həmin rəylərə əsasən də günü-gündən işimizi təkmilləşdirməyə səy göstəririk.  Bizi dünən buraxdığımız səhvi bu gün təkrarlamamağa sövq edir. Buna görə də hər cür rəy bildirən insanlara  təşəkkür edirik.  Valideynlərin nələrisə demək, rəy bildirmək hüququdur. Onların fikirlərinə hörmət nümayiş etdirməkdə borcluyuq. 

 

Amma əsassız olan rəylər də var.  Həmin məsələləri də arqumentlərlə izah etməyə çalışırıq. Məsələn,  onlardan birini qeyd edim:  İrad kimi bildirirlər ki, ibtidai sinif üçün təqdim olunan ingilis dili dərslərində niyə müəllim Azərbaycan dilində heç nəyi izah etmir.  Bunun cavabı odur ki, müasir metodikaya əsasən 13 yaşına qədər uşaq xarici dili həmin dilə bütövlüklə cəlb olunmaqla öyrənə bilər, nəinki öz ana dilində analogiyalar qurmaqla. 

 

Yəni, bu yaşlı uşaqla yalnız ingilis dilində danışaraq, əşyaları, hərəkətləri  göstərərək  daha tez öyrətmək olar.  “Bu kitabdır, ona ingilis dilində  “book” deyirlər” yalnış metoddur. Bu 0-13 yaşlı uşaqların xarici dili öyrənməsi üçün müvafiq üsul deyil.   Valideynlərin bu iradına cavabımız belədir.

 

Vəfa xanımdan   teledərslərin qiymətləndirmə üsullarını da soruşaraq söhbətimizi  yekunlaşdırırıq:

 

“Şagirdlər dərsə qayıdanda  müəllimlər tərəfindən kiçik və böyük summativlər keçiriləcək. Şagirdlərin verdiyi biliklər əsasında müəllimlər bizə informasiya göndərəcəklər ki, onlar təxirə salınmış  günlərdəki dərsləri necə mənimsəyiblər. Əgər ölkə üzrə mənimsəmə səviyyəsi çox aşağı olsa, bununla bağlı Nazirlikdə xüsusi müzakirələr aparılacaq”.

 

Ölkəyə dərs keçən məkan...

 

 Təhsil Nazirliyinin şöbə müdirindən zəruri bilgiləri aldıqdan sonra hazırda dərs, montaj gedən siniflərə də baş çəkirik. 

 

Bu günə qədər şagirdlərin, indisə kamera qarşısında dərs keçən Bakı Avropa liseyinin ibtida sinif müəllimi Qədimova  Pərvinə  bizimlə öz təəssüratlarını bölüşür:

 

“ Fikirləşəndə ki, sənin tədris etdiyin dərs vasitəsilə bir neçə şagird yox, bir kütlə maraqlanır, təhsil alır, böyük bir məsuliyyət hiss edirsən. Həm də maraqlıdır, səylə işləməyə çalışırıq.  İndi görürsünüz, burda cəmi bir neçə müəllim var. Onların hamısı ilə məlumat mübadiləsi aparırıq. Fərq etmir  ki, hansı ixtisas müəllimidir.  Daimi bir-birimizə dəstək oluruq.

 

Düzü, 45 dəqiqəlik dərsi birdən-birə 10 dəqiqəyə sığışdırmaq bizim üçün bir az çətin oldu.  Amma təlimat veriləndə ki, yalnız izahat və şagirdlərin yetərli bacarıqlarının üzərində işləmək lazımdır, işimiz yüngülləşdi.  Müəllimlər indiyə qədər şagirdlərinin müstəqil öyrənmə bacarıqlarının da inkişaf etdiriblərsə, biz də ancaq təlimat verməklə onları istiqamətləndirə bilərik.

 

 

İbtidai sinfin ilk dərsləri çox çətin olur. Amma hazırda biz bölmənin ortasından tədris apardığımız üçün bu asandır. Məsələn, artıq şagirdin beynində təəssürat formalaşıb, mən misal-məsələ ilə sadəcə bilikləri genişləndirirəm.  Amma ilkin dərsi izah etmək çox çətindir.  Məsələn, vurma əməlini keçdim. Bu şagirdlər üçün çox vacib bilgidir. Təsəvvür edin,  10 dəqiqəlik dərs vasitəsilə yeni bir əməl öyrədirsiz.  Düzdür, ondan sonrakı dərslərdə ilk dərsin vacib məqamlarını vurğulamaq məcburiyyətindəyəm. Çünki şagird o izahı müəllimindən deyil, artıq məndən alır. Mən onu elə düzgün istiqamətləndirməliyəm ki, o, məktəbə qayıtdıqda, müəllim əlavə əziyyətə düşməsin.  Şagird  yetərli qədər məlumatı məndən ala bilsin. Bununla yanaşı, ona  öz müəlliminin, evdə valideynin kömək etməyi artıq ikinci mərhələdir”.

 

“Oturacaqlara baxmıram, kameraya fokuslanıram və mənə elə gəlir ki, şagirdlərim  mənə cavab verirlər”.

 

Pərvinə müəllim kamera  qarşısında olarkən  nələrə diqqət etdiyini vurğulayır:

 

“Çalışıram pozitiv olum, gülərüzlə danışım.  Dərs keçdiyim məqamda şagirdlərin verə biləcəyi, çətinlik çəkəcəkləri  məqamları öncədən duyduğuma görə həmin hissələrə daha çox diqqət edirəm. Müəllimlik də əslində belə bir şeydir.  Boş sinifdə dərs keçmək qəribədir, insan fərqli hiss edir. Amma ekran qarşısında şagirdlərimə fokuslananda narahatlıq olmur.

 

Mən teledərsdə ikinci sinfin dərsin keçirəm. Amma məktəbdə üçüncü sinifdə tədris aparıram.  Burada işim bitəndə öz şagirdlərim üçün də videodərslər hazırlayıb göndərirəm.  Hər videonun sonunda onların nəzərinə çatdırıram ki, nəyisə başa düşməyəndə mənə bildirsinlər.  Onlar nəyisə başa düşməsələr, mütləq məndən soruşurlar. Bunu da onlara aşılamaq lazımdır ki, bilmədiklərini anında soruşsunlar.  Sinifdə olanda mən artıq onların gözlərindən başa düşürəm ki, nəsə qaranlıq qalıb, başa düşməyiblər, amma onlayn dərslərdə bunu hiss edə bilmirəm. Uzağı mən təxmin edə bilərəm”. 

 

“Offlayn” , canlı dərslərdə müəllimlər, şagirdlər daha çox zövq alır.

 

Müsahibimizə dövrün tələbi olan distant təhsil barədə söhbətləşirik. Onun gənc bir müəllim kimi məsələyə münasibəti maraqlıdır:

 

Auditoriyalarda reallaşan dərslərdə canlı ünsiyyət olur, müzakirədən hər iki tərəf zövq alır. Amma onlayn dərslərdə çətinlik odur ki, nəticəni təxmin edirəm və şagirdləri ona yönəldirəm. Nə cavab tapacaqları, səhv yaxud doğru nəticə əldə edəcəkləri, mənim tapşırıqlarımı nə dərəcədə mənimsəməkləri və s. bütün bunlar müəllim üçün qaranlıq qalır. Canlı dərs isə aktiv olur.

 

Təbii ki, distant təhsil danılmazdır. Belə bir məqamda isə vacibliyi artır. İndi teledərslər olduğu üçün dərsin müddəti az olur.  Gün ərzində 4-5 saat ancaq “Dərs vaxtı” efirdə olur, şagirdlər mütəmadi izləyirlər. Bu çox gözəldir. Yəni televiziya edə biləcəyini ən yaxşı şəkildə  edir. Amma distant təhsildə müddət çox olduğu üçün effektli ola bilər.

 

Təhsil Nazirliyinin, Mədəniyyət kanalının rəsmi feysbuk səhifələrində teledərsləri yerləşdirirlər. Mən həmişə videolara gələn rəylərə də diqqət yetirirəm. Bu ona görə vacibdir ki, qaranlıq qalan məqamları orda yazırlar.  Həftənin yekununda 6-ci gün  isə müəllimlər canlı yayımda ev tapşırıqlarının izahını verirlər”.

Reportajımızı Səbayil rayon 91 saylı məktəbin kimya müəllimi Gülnarə Nəbiyeva ilə davam etdiririk.

 

"Məktəb şagirdləri, onlar da müəllimləri üçün darıxırlar"

 

“Bu vəziyyət bizim üçün gözlənilməz oldu.  Heç kimin sabah nə baş verəcəyinə  zəmanəti yoxdur.  Distant təhsilə gəldikdə isə qabaqcıl ölkələrdə artıq bu üsul uzun müddətdir tətbiq olunur. Biz də Təhsil Nazirliyinin təşəbbüsü ilə  keçirilən bu dərslərə çox böyük önəm veririk. İndi qonşu Türkiyə, Rusiyada da ən əlverişli çıxış yolu məhz distant təhsildir. Sizə bir faktı da demək istərdim.  Rusiyada  şaxtalı hava şəraitinə görə may ayına qədər  Sibirlə əlaqələri kəsilir, onlar paytaxt Moskva ilə onlayn, distant üsulla konfranslarını, tədbirlərini belə davam etdirirlər. 

Hər bir  peşəkar müəllim və digər şəxslər dövlətin qoyduğu təhlükəsizlik tələblərinə riayət etməlidir.  Müəllimlər daim hazır olmalıdır ki, belə hallarda şagirdlərimiz  çətinliyə məruz qalmasın. Təhsil Nazirliyi başda olmaqla, biz təhsilimizin davam etdirilməsinə həmişə hazırıq".

 

Müəllimlərimizə gördükləri işdə uğurlar arzulayıb məktəbdən xoş təəssüratlarla  ayırlırıq. Bütün bunlar əslində  cəmiyyətə təhsilin  vacibliyini və fasiləsizliyini göstərir. Amma təbii ki, fərdə ilk növbədə sağlamlıq lazımdır...