Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 18:00:00
Əcnəbi tələbələrin Cümhuriyyətin 100 illiyinə bayram töhfəsi

Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə tədbir keçirilib.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, əcnəbi tələbələrin təhsili üzrə dekanlığının təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova əcnəbi tələbələrin təhsil aldıqları ölkənin keçmişinə, tarixinə, mədəniyyətinə dəyər verərək belə bir möhtəşəm mərasim keçirmələrini alqışlayıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə böyük ehtiramının göstəricisidir.

Sonra əcnəbi tələbələr Azərbaycana və bayrağımıza həsr olunan vətənpərvərik ruhunda şeirlər səsləndiriblər.

İran vətəndaşı, memarlıq fakültəsinin magistrantı Nəsrin Şəfiyi “Qarabağ” şikəstəsi, Türkiyə vətəndaşı, memarlıq fakültəsinin 3-cü kurs tələbəsi İlker Turalı isə “Xalq Heydər söyləyəcək” mahnısını oxuyub. Tələbələrin şeir və musiqilərdən ibarət bədii kompozisiyası alqışlarla qarşılanıb.

Əcnəbi tələbələr Azərbaycan, Türkiyə, Ukrayna, Türkmənistan və ərəb rəqslərini məharətlə ifa ediblər. Onlar sonda alqış sədaları altında əl-ələ tutub “Yallı” gediblər.