Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 17:46:00
“Ölkəmizdə belə təhsil layihəsi hələ reallaşmayıb” – Qrant  müsabiqəsinin qalibi

“Layihənin pilot olaraq  iki məktəbdə həyata keçirəcəyik. İlkin olaraq iki müəssisəni əhatə edəcək və nəticəsi anketlərlə izləniləcək layihə üçün hələlik Təhsil Nazirliyi tərəfindən 3 800 manat vəsait ayrılıb. Layihə çərçivəsində müxtəlif təlim, tədbir və anketlər keçirəcəyik”.

Bu sözləri AzEdu.az-a Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qaliblərindən biri, müəllim Həbib Əlizadə deyib. O, qrant müsabiqəsində yer tutan layihənin Azərbaycanda bir ilk olacağını bildirib:

“Bu layihə dünyanın 15 ölkəsində həyata keçirilib. Rəhbəri Kembric Universitetində Devid Frost olan  layihənin Türkiyədəki təşkilatçısı  Harvard  məzunu Özgür Boladdır. Düşündük ki, eyni onu Azərbaycanda da tətbiq etməyə ehtiyac var. Layihə “müəllim liderliyi" adlanır. Ölkəmizdə hələ ki, bu reallaşmamışdı. Ümid edirəm ki, uğurlu alınacaq”.

O, təşkilatçısı olduğu layihənin ölkəmizdəki digər layihələrdən fərqini izah edib:

““Müəllim liderliyi” uzunmüddətli təlim layihəsidir, digər layihələrdən fərqlənir. Azərbaycanda keçirilən təlimlərin əksik tərəfi onların qısamüddətli olması, 10-15 gün, ən yaxşı halda isə 1 ay müddətində  həyata keçirilməsidir. Bu, o qədər də uğurlu olmur. Bu layihələrdə daimi izlənmə, nəticələrin müşahidə olunması yoxdur. Amma bizim layihəmiz uzunmüddətlidir. Burada həm təlimlər, həm müəllimlərdən tələb olunan nəticələrin izlənməsi var. Adətən  təlimlərdə müəllimlər konkret fənn üzrə müxtəlif məktəblərə gedib, təlim keçirlər. Amma biz akademik nəticələri aşağı olan iki müəssisəni nəzərdə tutub orada çalışırıq”.

Bölgələrdə müəllim-şagird münasibətlərinin elə də yüksək səviyyədə olmadığını deyən Həbib Əlizadə layihənin bunu aradan qaldırmağa yardımçı olacağını vurğulayıb:

“Təlimlər akademik nəticələrin yüksəlməsindən daha çox şagirdlərlə düzgün ünsiyyət və davranış qaydalarının qurulması haqqındadır. Akademik hədəf  ona görə ikinci planda qalır ki, davranış, rəftarın düzgün qurulması akademik nəticələrə də müsbət təsir göstərir. Azərbaycanda xüsusilə də rayonlardakı təhsil müəssisələrində şagirdlərlə düzgün ünsiyyət  və davranış qaydaları yüksək səviyyədə deyil. Öncə bunu aradan qaldırmağı təklif edirik. Eyni zamanda valideynlərlə də əlaqə qurulacaq. Ümid edirik ki, layihə çox uğurlu olacaq. Çünki o, müəllim, şagird, eyni zamanda da valideynlər üçün gərəklidir.  5-10 müəllimi deyil, məktəbdəki əksər müəllimləri cəlb edirik. Öncə layihəni iki məktəbdə tətbiq edib, uğurlu alınarsa, digər təhsil müəssisələrində də tətbiq etməklə genişləndirəcəyik”.

O, layihənin niyə “müəllim liderliyi” adlanmasını da açıqlayıb:

“Şagirdi ilə doğru-düzgün münasibət qura bilən müəllim onun dostuna çevrilir. Liderlik tamamilə idarəçilik deyil, həm də kollektivin dostu deməkdir. Layihə məhz buna görə “müəllim liderliyi” adlanır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları