Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 14:03:00
Avropanın qabaqcıl ali təhsil müəssisəsi Bakıda magistr proqramı ilə tədris fəaliyyətinə başlayır  

Xarici universitetlərin yüksəksəviyyəli texniki ixtisaslarına yiyələnmək üçün Azərbaycanda növbəti mühüm addım atılıb. Avropanın qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin (TUWien) “Mühəndisliyin idarə edilməsi” (“Engineering Managment”) magistr proqramı müasir əmək bazarının tələbatlarına uyğun hazırlanmış xüsusi kontenti ilə cari ilin noyabr ayından etibarən Bakıda fəaliyyət göstərəcək.

AzEdu.az xəbər verir ki, tədris proqramının Vyana Texnologiyalar Universiteti tərəfindən koordinatorları bu məlumatı təsdiqləyiblər və sənəd qəbuluna başlanıldığını qeyd ediblər. Bildirilib ki, beynəlxalq səviyyədə akkreditə olunmuş və tanınmış “Master of Science” diplomuna sahib olmaq üçün Avropa şəhərlərinə üz tutub, yüksək məbləğdə vəsait xərcləməyə gərək yoxdur. Bu magistr proqramını başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edir. Onlar təhsil müddətində Avropa universitetlərinin tələbələrinə şamil olunan imkanlardan da yararlana biləcəklər. Belə ki, Bakıda təhsil alsalar da, təhsil müddətində tələbələr Avstriyada yaşamaq hüququnu alır, universitet kampusundan, kitabxanasından faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur, iş axtarma icazəsini əldə edir, iş axtarma prosesində köməkdən istifadə edir və s.

Avropa və Amerikada xeyli rəğbət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olub. Texniki sahənin peşəkarları, habelə mühəndislər, hüquqşünaslar, iqtisadçılar proqrama qatılmaqla marketinq, biznesin təşkili və idarə edilməsi, logistika, müasir mühəndisliyin əsasları kimi sahələrdə tamamlayıcı təhsilə sahib olurlar. Məzunlar həm kiçik və orta biznes sektorunda, həm də nəhəng şirkətlərdə şöbələrin idarəçiliyi üzrə ixtisaslaşma imkanı əldə edirlər.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftəsonunda keçirilən cəmi 13 modul üzrə paylanılıb. Beləliklə, 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaq. Təhsil müddəti 3 semestrdir və 2020-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək davam edəcək. Dərslər həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaq. Proqrama hər hansı sahədə bakalavr dərəcəsi olan, yaxud uzun müddətli texniki və ya inzibati peşəkarlığa sahib olan, ingilis dilini bilən və iş təcrübəsi olan hər kəs müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq ediləcək və təhsil haqqı 11 min 500 avro səviyyəsində hesablanacaq. Vyanada bu proqramın təhsil haqqı 19 min 900 avrodur. Bakıdakı proqrama erkən müraciət edənlər üçün əlavə güzəşt şamil olunaraq, bu məbləğ 9 min 900 avro təşkil edəcək.

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətinə başlayan Vyana Texnologiyalar Universitetinin proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün avqustun 31-dək doldurulmuş anket [email protected] email ünvanına göndərilməlidir.

Qəbul üçün tələb edilən sənədlərin siyahısı ilə https://engineering.tuwien.ac.at/baku_track/ saytında tanış olmaq mümkündür. Proqram keyfiyyətinə nəzarət məqsədilə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıb və gec müraciət edən tələbələr sonrakı proqram üçün nəzərdə tutulacaq.

Tədris yerlərinin məhdud olduğu magistr proqramı ilə əlaqədar əlavə məlumatları www.azerobotics.com saytından əldə etmək mümkündür.