Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 13:27:00
AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti  Baku Steel Company MMC şirkətində işgüzar görüş keçirib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, görüşdə iştirak edən AzTU-nun məzunu və şirkətin  vitse-prezidenti Ramin Kərimov universitetlə müəssisənin uzun müddətli işgüzar tarixə əsaslanan əməkdaşlığından söz açıb.

 

Qeyd olunub ki, AzTU-nun 626 tələbəsi metallurgiya sahəsi üzrə istehsalat sahələrində istehsalat təcrübəsində iştirak edir. On ildir ki, Baku Steel Company MMC  müvafiq test və kurs imtahanlardan uğurla keçmiş AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin,  həmçinin müəssisənin profilinə uyğun  fakültələrin məzunlarını tələbatına uyğun  işlə təmin edir, bundan başqa, təcrübə zamanı fərqlənən tələbələrə xüsusi təqaüd verilir. Hal-hazırda AzTU-nun 135 məzunu "Baku Steel Company" MMC -də işləyir.

 

İşgüzar görüş zamanı Ramin Kərimov vurğulayıb ki, sənaye şirkəti ilə təhsil müəssisəsi arasında birgə kadr hazırlığının 10 illiyi münasibəti ilə yaxın günlərdə  "Baku Steel Company"də AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılacaq. Filial “Azərbaycan Texniki Universiteti ilə Baku Steel Company MMC şirkətinin birgə Tədris Mərkəzi” adlanacaq.

 

Tədris Mərkəzi  müsabiqə yolu ilə işə götürmək üçün metallurgiya sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər, mühəndis- texniki işçilər sırasından magistratura və aspirantura xətti ilə və həmçinin, dissertantlardan elmi kadrların hazırlanmasında, universitet tərəfindən   istehsalat problemlərinin elmi- texniki həlli sahəsində şirkətə köməklik göstərilməsində, müəssisədə fakültənin profilinə uyğun tədris- metodiki vəsaitlər (ədəbiyyatlar, dərsliklər, metodik göstərişlər və s.) bazasının yaradılmasınında yaxından iştirak edəcəkdir.

 

MMC gələcəkdə şirkətə işə qəbul olunmaq üçün seçilən metallurgiya fakültəsinin tələbələrinə müsabiqə əsasında adlı təqaüdlərin təyin edilməsini, daha çox fərqlənmiş tələbələri oxumaq üçün başqa ölkələrin ali təhsil müəssilərinə  göndərilməsini, tələbələrlə istehsalat mütəxəssislərinin vaxtaşırı görüşlərinin təşkil edilməsini, universitetin elmi- tədqiqat işlərinin həyata keçirilməsi üçün müvafiq şəraitin təmin edilməsini öz öhdəsinə götürür.

 

Qeyd edək ki,  MMC-nin vitse-prezidenti Ramin Kərimov “Baku Steel Company”də karyerasına poladəridən köməkçisi vəzifəsindən başlayıb. Sonralar poladəridən, poladəritmə sexində növbə rəisi, şıxta tədarükü sahəsində baş inspektor, şıxta tədarükü sahəsinin rəisi, poladəritmə sexinin rəisi, istehsalat direktoru vəzifələrində çalışıb. Hazırda "Baku Steel Company" MMC-nin vitse-prezidentidir.