Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 09:00:00
Uşaqların tətilini necə təşkil etməli? - Valideynlərə vacib tövsiyələr

 

Azərbaycanda  koronovirus pandemiyası səbəbindən  martın 27-dək tədris prosesi müvəqqəti olaraq, dayandırılıb.

 

Ekspertlərin fikrincə, tətilin maraqlı və səmərəli təşkili uşaqların  yeni tədris dönəmində daha enerjili olmasına kömək edir. Maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs ilinə həvəslə hazırlaşırlar.

 

AzEDU.az bir həftəlik tətili daha səmərəli keçirməyin yollarını araşdırıb.

 

Müəllim Sevinc Novruzova  açıqlamasında bildirib ki, şagirdlər daha çox mədəni istirahətə üstünlük verməlidirlər:

 

“Məktəblilər muzeylərə, teatrlara baş çəkərək vaxtlarını daha səmərəli keçirə bilərlər. Bu şagirdlərin dünyagörüşlərini artıracaq. Uşaqlar bədii kitablar oxuya və oxuduğu kitabları dostlarıyla müzakirə edə bilərlər. Bu onların yaradıcı təfəkkürünü və natiqlik bacarıqlarını inkişaf etdirəcək”.

 

Psixoloq Arzu Məmmədova deyib ki, tətildə şagirdlərə problem yaradan əsas məqam qida rasionunun dəyişməsidir:

 

“Bu şagirdlərin fiziki və psixoloji durumunuza təsir göstərir. Bu baxımdan, qida rasionuna fikir vermək lazımdır. Tətildə bayram şirniyyatlarıyla qidalanırıq deyə bir qədər tənbəllik sindromu yaranır. Bu zaman da şagirdlərin dərsə getməyə həvəsi olmur. Bölgələrə, qohum evlərinə səfərlər onları dərsdən uzaqlaşdırır. Bayram günlərində də tətildən əvvəlki gündəlik rejimə əməl olunmalıdır.

 

Tətili səmərəli keçirmək üçün məktəbli ailəsiylə bir yerdə vaxt keçirməlidir. “Vurma”, “toplama”, “çıxma” kimi riyazi əməllər çərəzlər üzərində öyrədilə bilər. Azyaşlı uşaqlar xəmirdən müxtəlif rəqəmlər düzəldə, bayram şənliklərinə qatıla bilərlər. Təbiətin oyanmasını nəzərə alaraq  güllər, çiçəklər əkmək həm əməyə sevgi, həm bədən sağlamlığı üçün çox önəmlidir”.

 

Təhsil eksperti Almaz Həsrətin sözlərinə görə, tətildə şagirdlərin ailələrinin əhatələrində olmaları vacib məsələdir:

 

“Tətil o demək deyil ki, məktəblilər tətil zamanı, yalnız dərs oxumalıdırlar. İstirahət mütləqdir. Novruz tətili digər tətillərin içərində milli adət-ənənələri özündə ehtiva edən, bütün fənn bilgilərini özündə birləşdirən, yeni biliklərin əldə olunmasına təkan verən bayramdır.

 

Məsləhət görərdim ki, məktəblilər bölgələrə valideynləriylə bərabər səfər etsinlər. Çünki təbiətin qoynunda sinif daxilində öyrəndiklərinin canlı şahidi olacaqlar. Məktəblilər sinif rəhbərlərinin verdiyi tapşırıqları yerinə yetirməlidirlər ki,  istirahətlərinə önəm verməklə yanaşı, dərslərindən də geri qalmasınlar.

 

Tətilin səmərəli keçməsində valideynlərin rolu böyükdür. Bəzi valideynlər tətildə uşaqların evdən çölə çıxmasına şərait yaratmırlar. Bu zaman azyaşlılar sosial şəbəkəyə, internetə meyl göstərirlər. Belə olan halda uşaqları, heç olmasa elektron kitablara yönləndirsinlər. Bədii ədəbiyyatı özündə əks etdirən elektron kitabxanamız var. Həmin kitablardan yükləyib uşaqlara oxutdura bilərlər. İstirahət, təhsil, ətraf mühitin öyrənilməsi - bütün bunlar kompleks şəkildə olarsa, məktəblilərin istirahəti səmərəli keçmiş sayılar”.