Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 13:46:00
Builki qəbul imtahanları əvvəlki formada keçirilməlidir, əks halda.. - TƏHLİL

 

 

“Əgər virus təhlükəsini nəzərə alaraq  ənənəvi imtahan  modelini bu il üçün qəbul  imtahanlarında tətbiq etsək, Dövlət İmtahan Mərkəzi rahatlıqla imtahanları iyun ayında da keçirə bilər”. 

 

Bu fikirləri AzEdu.az -a açıqlamasında Hədəf Kurslarının Elm və Tədris işləri departamentinin direktoru Elxan Nəcəfov deyib. Onun sözlərinə  görə virus həyacanı ilə yanaşı,  imtahanla bağlı məlumatların qeyri-müəyyənliyi ictimaiyyətdə   narahtlıq yaradır:

 

“Buraxılış imtahanların təxirə salınması, məktəblərdə, eləcə də kurslarda, fərdi repetitor hazırlığının dayandırılması  şagirdləri, valideynləri  və müəllimləri narahat edir. Narahatlığı artıran səbəblərdən biri də DİM-in imtahanlarla bağlı mütəmadi məlumat verməməsidir.”

 

İmtahanların nə vaxt  keçiriləcəyi ilə bağlı hələ də məlumat verilmir.  Buraxılış və blok imtahanlarının vaxtının elan edilməməsi həyəcan üstünə əlavə bir həyacan gətirir.  Yəni bu mövzuda informasiya qıtlığı var.  Belə vəziyyətdə  aiddiyyatı qurumları təmsil edən nümayəndələr sosial şəbəkələr, saytlar, televiziya kanalları  və s. üzərindən mütəmadi  ictimaiyyətə informasiya verə bilərlər. Orta məktəblərdə həmçinin ölkəmizdə istənilən təhsil müəssisələrində tədrisin dayandırılması abitruriyentlərin qəbul proqramını mənimsəməyinə ciddi problem yaradır. Bütün bu narahatlıqları nəzərə aldıqda aidiyyəti qurumlar vətəndaşlara daha yaxın olmalı, nəzərdə tutulan planlar haqda məlumatlar verməklə narahatlığı azalda bilərlər.

 

Bu gün mən  desəm ki, buraxılış imtahanların keçirilməsi barədə  təklif  verirəm, bu, mənim sadəcə subyektiv fikrim olacaq.   Abituriyentlərin həyəcanını, virusun yayılma riskini nəzərə alaraq yaranan təşvişi aradan qaldırmaq üçün rəsmi qurumlar məlumat verməlidir. İnsanların DİM-ə inamı yüksəkdir. İnamı sarsıtmamaq üçün buna ehtiyac var.

 

DİM-ə  imtahan tarixləri barədə suallar ünvanlanda  onlar qeyd edirlər ki, dəyişiklik olmayacaq. Amma sonra məlum olur ki, imtahan təxirə salındı. Virus təhlükəsi bir yandan, imtahan həyəcanı da bir tərəfdən. Bu qəbul edilən bir hal deyil. Ona görə ictimaiyyətə məlumat vermək lazımdır ki,  yaranan vəziyyətdən çıxmaq üçün önləyici, məqsədə müvafiq təkliflər bunlardır və imtahanların filan tarixdə keçirilməsi nəzərdə tutulur”.

 

Elxan Nəcəfov həmçinin builki buraxılış və qəbul imtahanlarının keçirilməsində ciddi problemlər yaranma ehtimalını vurğulayıb. Məhz bunu nəzərə alaraq, ənənəvi imtahan modelinin tətbiq edilməsinin zəruriliyini bildirib.

 

“Mən sosial şəbəkələr, kütləvi informasiyalar vasitəsilə   düşüncələrimi bölüşmüşəm. Bu il yeni imtahan modelini tətbiq etməkdə ciddi sıxıntılar yarana bilər.  Çünki ötən ildən tətbiq edilən qəbul və buraxılış imtahanlarının yeni modeli nəticələrin elan olunması baxımından böyük zaman tələb edir. Açıq suallar, onların yoxlanması səbəbindən imtahanlar iki yerə bölünür.  Əvvəlcə ölkədə 3 istiqamət üzrə buraxılış imtahanı, onların yoxlanma prosesi bitdikdən sonra isə blok imtahanları keçirilir. Hər ikisində də minlərlə şagird iştirak edir.  Bundan əlavə həm buraxılış, həm də blok imtahanları iki dəfə keçirilməsi  imtahanların sayını çoxaldır. Şagirdlərin kütləvi toplaşmasının  virusun yayılmasına səbəb olacaq amil hesab edilir. Bu baxımdan qeyd etdiyim çoxlu sayda imtahanlar böyük risk yaradır.

 

Təklifim  budurki, kurikulum proqramını, yeni dərsliklərin bazasını saxlamaqla, test modellərində müəyyən  dəyişiklik edək. Qapalı suallar formasında  ənənəvi qəbul imtahan modelini bu il məcburi şərtlər daxilində saxlayaq.  İmtahan modeli ənənəvi, test tapşırıqlarının məzmunu isə yeni tələblərə uyğun olsun. Onsuz da ənənəvi imtahan modelinin sistemi, proqramı DİM-də var,  cavab kartları hər kəsə bəllidir, abituriyent sualları cavablandırmaqda heç bir çətinlik yaşamayacaq. Çox uzaq keçmiş olmadığı üçün müəllimlərdə, abituriyentlərdə bunla bağlı məlumatlıdırlar, ona görə bir sıxıntı yaratmaz və riskləridə azaldar. 

 

Əgər virus təhlükəsini nəzərə alaraq  ənənəvi modeli bu il üçün qəbul  imtahanlarında tətbiq etsək, DİM rahatlıqla imtahanlarının tarixlərini geri çəkə bilər və iyun-iyul aylarında keçirə bilər.  Məsələn, Nazirlik açıqlama versə ki, biz 15 gün tədris müddətin uzatmaqla təxirə salınan dərsləri kompensasiya edirik, DİM də həmin ay imtahanı keçirə bilər. Nə üçün bu rahat olacaq? Çünki qapalı test tapşırıqların yoxlanılması, indi tətbiq olunan imtahan modelinin yoxlanılmasından daha asan, sürətlidir. Çünki  markerlər tərəfindən tək-tək yoxlanılmayacaq, 3 gün içərisində emal edib nəticəni verə biləcək”.

 

“İndiki vəziyyətdə mənim məqbul hesab etdiyim yalnız budur.  Onu da qeyd edim ki, mən sosial şəbəkələrdə, həmçinin mətbuatda bu fikirləri  təklif edəndə ictimaiyyətin müsbət rəyini aldım. Çünki ağıla gələ bilən ilkin, əlverişli model budur”-deyə təhsil mütəxəssisi E.Nəcəfov sözlərinə əlavə edib.