Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 17:49:00
 “Biz bu təhsil formasına tam hazır deyildik” – Nadir İsrafilov

 

 Ali təhsilin bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib.

 

 Nazirlər Kabineti bununla əlaqədar “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.

 

 Dəyişiklik əyani təhsildə “fulltime” (əyani formasının tədrisə tam cəlb olunma) və “parttime” (tədrisə qismən cəlb olunma) formalarının tətbiq olunacağı ilə bağlıdır.

 

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması olub.

 

Xatırladaq ki, eksternat  ümumtəhsil məktəblərində  tətbiq olunan 4 təhsil formasından biridir.  Ümumtəhsil məktəblərində təhsil almanın 4 forması var:  Əyani, qiyabi, distant və eksternat. Sərbəst təhsilalma forması (eksternat) əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyən şəxslər bu prossesə cəlb olunurlar.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bu təhsil forması ləğvinin labüd səbəblərindən bəhs edib:

 

“Hər şeydən əvvəl bilmək lazımdır ki, eksternat təhsil (latıncadan “externus” - kənar) – dövlət akkreditasiyası olan təhsil müəssisələrində ümumi orta və ali təhsil proqramlarının müstəqil öyrənilməsini özündə ehtiva edən attestasiya formasıdır.

 

Eksternatın mahiyyəti təhsil alana gündəlik olaraq məktəbə və ya universitetə getmədən, orta və ya ali təhsil almaq imkanı yaratmaqdır. İki illik (və ya daha çox) proqramlar yekun attestasiya imtahanı vermək şərti ilə daha qısa müddətə başa çatdırıla bilər. Hazırda beynəlxalq təcrübədə eksternaturada təhsilə rəğmən əsasən distant təhsilə önəm verilməsi məsələsi daha çox gündəmə gətirilir. Bir də ki, təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi baxımından eksternat təhsil ali məktəblərlə müqayisədə orta məktəblər üçün daha xarakterik və məqbul sayıla biləcək təhsilalma forması ola bilər. Məhz buna görə də"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sərbəst təhsil (eksternat) əyani, qiyabi, distant (məsafədən), evdə təhsil və fərdi təhsillə yanaşı təhsilalma formalarından biri  kimi nəzərdə tutulmuşdu. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyırdı. Ümumiyyətlə sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması olub.

 

Nadir İsrafilov eksternat təhsilin ləğv olunma səbəbinə də toxunub:

 

“Dəyişikliyə ən başlıca səbəb kimi, bizim sərbəst təhsilalma formasına hələ ki, tam hazır olmamağımızda görürəm”.

 

Təhsildə edilən bu dəyişikliyin hansı amillə bağlı olması olduqca maraqlıdır. Eksternat təhsilin ləğvi nə ilə əlaqədardır?

 

“Yəni dəyişkilik əsasən əyani təhsildə tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma formalarının tətbiq olunacağı ilə bağlıdır. Başqa sözlə, ali təhsil (bakalavriat və magistratura) və təkrar ali təhsil üzrə əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək. Həmçinin dəyişikliyə görə ali bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib”.

 

Ülkər Abdurahmanlı