Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 14:59:00
Təhsil karantin dövründə

Dünya ölkələri vəziyyətdən neçə çıxır?


 Dünyanı bürümüş koronovirus infeksiyası sərhədlər aşaraq bir çox ölkələri və təhsil sistemlərini cənginə almaqdadır. Artıq gündən-günə miqyası genişlənən infeksiyanın doğurduğu böhranlı vəziyyət cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsir göstərir.

 

Böhranlı vəziyyət ölkələrdən səfərbərlik və ehtiyat mexanizmlərinin işə salınmasını tələb edir ki, bu da dünyanın 4 qitəsində məktəblərin bağlanması ilə müşayiət olunur. Bir sıra Asiya ölkələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və s. ölkələrdə ən nüfuzlu universitet və məktəblərdə  tədris dayandırılıb və onlayn təhsilin təbiqinə başlanılıb. ABŞ-ın nüfuzlu Harvard Universitetində distant təhsilin tətbiqinə qərar verilib. Tələbələrdən ali məktəbə gəlməmələri xahiş olunub. Corc Vaşinqton Universiteti isə bütün kampuslarında 3 həftəlik məşğələləri dayandırıb. 

 

"Virusun yayılması ilə bağlı böyük narahatlıq var"


Böyük ölkələrdə təhlükəli virusun getdikcə yayılma arealının genişlənməsi tələbə mobilliyinə necə təsir edir?  Hansı qabaqlayıcı addımlar atılmalıdır ki, təhsildə böyük fasilə yaranmasın?  

 

ABŞ-ın Durham Universitetinin hüquq professoru  Tom Brodski "Azərbaycan müəllimi"nin  sorğusuna cavab olaraq bildirib  ki, infeksiyanın daha da genişlnməsi ehtimalı mövcuddur: "Virusun yayılması ilə bağlı böyük narahatlıq var və biz daha az sayda  əcnəbi tələbələrin ölkəyə səfər edəcəyini ehtimallaşdırırıq.  Çində təhsil məzuniyyətində  olan tələbələr geri qaytarılıb. Amma qalan hallarda universitetlərdə  təhsil  hər zamankı kimi davam edir və dərslər də normal gedir".

 

 

Tailandlı professor:  Mən də karantindəyəm...

 

Tailandın Suan Sunandha Rajabhat Universitetinin professoru,  "The EUrASEANs" jurnalının redaktoru  Denis Uşakov isə " Covid-19"  virusunin  tələbə mobilliyinə təsiri ilə bağlı sualımızı belə cavablandırıb: 


- Hazırda mən də dolayısı ilə koronovirusun  “qurbanı oldum”.  Fevral ayında Avropaya səfər etdikdən sonra  mən karantindəyəm. Sözsüz ki, Tailandda epidemiyanın ciddi nəticələri hiss olunur.  Tələbələrin vəziyyətindən danışsaq, vəziyyət qeyri-sabitdir.  Çinli tələbələr, əsasən, yanvarın sonlarında ənənəvi olaraq yeni ili qeyd etmək üçün Tailandı tərk ediblər və  bu vaxta qədər  Çin hakimiyyət orqanları tərəfindən ölkədən çıxışın  qadağan olunması səbəbindən geri dönməyiblər. Bir sıra universitetlər, eləcə də mənim işlədiyim ali məktəbin rəhbərliyi  tələbələri fərdi və onlayn təhsil proqramlarına cəlb edib. Ümid edirik ki, tələbələr vəziyyətin normallaşmasından sonra geri dönəcəklər.
 

Digər ölkələrdən olan tələbələr təhsillərini davam etdirirlər. Tailandda koronovirus ilə bağlı vəziyyətin az-çox nəzarətdə olduğunu və epidemiya xarakteri daşımadığını nəzərə alsaq (58 yoluxma)  əcnəbi tələbələr hələ kütləvi şəkildə ölkəni tərk etmirlər. Qeyd edim ki, professor - müəllim heyətinin xarici konfranslarda (xüsusilə Avropada) iştirakı ilə bağlı bütün planlar ləğv edilib və ya 2020-ci ilin payızına keçirilib.


Vəziyyətin yaxşılaşmasına ümid edirik. Ölkədə hər hansı panika yoxdur.  Ümumiyyətlə, vəziyyət sakitdir, baxmayaraq ki, iqtisadiyyat istənilən halda ciddi zərər görəcək.

 

"Bir sıra Moskva məktəblərində karantin elan edilib"

 

Moskvadakı 1409 nömrəli dövlət büdcə hesablı ümumtəhsil gimnaziyasının müəllimi,  Dünya Müəllimi Mükafının (Global Teacher Prize)  nominantı  Nataliya Kiselyeva  paytaxt məktəblərində  koronovirusun yayılması ilə bağlı mövcud vəziyyət və təhlükəli infeksiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər barədə qəzetimizə belə deyib:  


- Koronovirusun Moskva məktəbləri arasında ortaya çıxması və yayılması barədə heç bir məlumat yoxdur. Heç bir xəstəlik faktı rəsmən qeydə alınmayıb və  elan edilməyib. Buna görə koronovirusun Moskva məktəblilərinin təhsil nəticələrinə təsiri barədə danışmaq məntiqli deyil. Ancaq həqiqətən bir sıra Moskva məktəblərində karantin elan edilib. Məsələ ondadır ki, Rusiyanın bir çox regionları kimi, Moskva da öz coğrafi mövqeyinə və iqlim xüsusiyyətlərinə görə mövsümi olaraq kəskin respirator xəstəliklərinə və qrip epidemiyasına məruz qalır. Bu vəziyyət hər il paytaxtın Təhsil və Elm Departamentinin və "Rospotrebnadzor" tərəfindən idarə olunur. İldə iki dəfə (payız və yaz) virus infeksiyalarının yayılmasının profilaktikası üzrə tədbirlər görülür. Departament tərəfindən isə təhsil komplekslərinin direktorlarına infeksion xəstəliklərin yayılmasına nəzarətin gücləndirilməsi və profilaktikası haqqında əmrlər verilir. Xəstə sayının artması ilə pedaqoji kollektivin və məktəb rəhbərliyinin bu sahədə  fəaliyyətinin alqoritmləri işlənib. Bu, ilk növbədə, məktəb binalarına və sinif otaqlarına aiddir: tədris otaqlarının havalandırma və təmizlik rejimi dəyişir, dərs buraxanların  monitorinqi və bütün məktəblilərin səhhətinə nəzarət həyata keçirilir, müəllim və şagirdlərə qabaqcadan profilaktik peyvəndlər edilir, məktəblilərin səhər və nahar yeməklərinin vitaminləşdirilməsi gücləndirilir. Sinifdə olan xəstələrin sayı yüksək olduqda, sinif karantinə alına bilər,  xəstələnənlər daha çox sinifləri əhatə edərsə, onda məktəbin karantinə alınması qaçılmazdır.

                

"Təlim distant formatda davam etdirilir"

 

N.Kiselyevanın sözlərinə görə, karantin tətil deyil, boş vaxt da deyil. Karantin kütləvi tədbirləri məhdudlaşdırır, lakin təhsil prosesini məhdudlaşdırmır. Təlim distant formatda davam etdirilir. Bundan ötrü Moskvada hər cür şərait yaradılıb. Tamamilə bütün məktəblərin, müəllimlərin, şagirdlərin və onların valideynlərinin qoşulduğu Moskva Elektron Məktəbi (MEM) sayəsində tədrisin fasiləsizliyi təmin olunur.  
 

N.Kiselyevanın sözlərinə görə  elektron jurnal və gündəlik vasitəsi ilə şagirdlərə yerinə yetirəcəkləri tapşırıqlar göndərilir, müəllim mövzunun öyrənilməsi üçün  lazım olan istənilən materialları, eləcə də  MEM kitabxanasından (yeri gəlmişkən, bu resurs, ümumiyyətlə, təkcə moskvalılar üçün deyil, bütün arzuedənlər üçün açıqdır) hazır dərslərin ssenarilərini, öz tapşırıqlarını işləyib hazırlaya, video yaza və onları da şagirdlərinə göndərə bilər.  

 

N.Kiselyeva qeyd edib ki, MEM-in kitabxanası hazırda bütün tədris fənləri üzrə 30 mindən çox dərs ssenarisi təşkil edir. Müəllimin qarşısında lazımi materialın seçilməsi və prosesin özünün təşkil etdilməsi  vəzifəsi - tapşırıqların göndərilməsi və yerinə yetirilməsi cədvəli durur. Bu sistemin hələ beş il bundan əvvəl həyata keçirilməsinə başlanılıb, bu vaxt ərzində əhəmiyyətli dərəcədə müasirləşdirilib.

 

Bu aspektdə Moskva mövsümi karantinlər dövründə təlimin təşkilinə daha çox hazırdır.

 

Oruc MUSTAFAYEV