Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 11:41:00
“Tədris dayanıbsa, repetitorlar da hazırlıq keçməməlidirlər”-ETİRAZ

 

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tədrisin  müvəqqəti olaraq dayandırılmasından sonra mediada repetitorların cəzalandırılması haqda informasiyalar yayılıb.

 

Hüquqşünas Əlövsət Allahverdiyev Azedu.az-a açıqlamasında bildirib ki, “Evdə keçirilən məşğələlərdə şagirdlərin sayı kursdakı qədər olmur:

 

“Abituriyentlərin imtahanı yaxınlaşır deyə, məşğələdən qalması doğru deyil. Təbii ki, bir qrupda 30-40 abituriyentin toplaşması düzgün deyil. Kursların bu müddətdə fəaliyyətini düzgün hesab etmirəm. Dezinfeksiya olunmayan təhsil ocaqları şagirdlər üçün təhlükəli hal alır. Eyni zamanda, dövlətin qanunlarına zidd olaraq fəaliyyət göstərməkdir. Çünki bu cür kurslara təkcə abituriyentlər deyil, xarici vətəndaşlar da gəlirlər”.

 

Laçın rayonu Mişni kənd orta məktəbinin müəllimi Gülnar İsmayılın da fikrincə, repetitorlar da bu ərəfədə dərs keçməməlidirlər:

 

“Dövlət qərar verib ki, dərs keçirilməsin. Bu qərara əsasən, məktəblər və digər təhsil mərkəzləri fəaliyyətini dayandırıb. Həmçinin repetitorlar da buna əməl etməlidir. Ancaq müəllimlərin dərs keçdikləri üçün cəzalandırılmasını düzgün hesab etmirəm. Cəzanın tərəfdarı deyiləm. Müəllimlər maarifləndirilsə, bu cür hallarla qarşılaşmayacağıq. Mən də repetitor kimi fəaliyyət göstərirəm. Ancaq indi dayandırmışam”.

 

“Zirvə” kurslarının direktoru, təhsil eksperti Rahib İbrahimov bildirir ki, bu məsələdə maarifləndirici işlərə ciddi ehtiyac var:

 

“Mediada gedən söz-söhbətlərin qeyri-dəqiq informasiya olduğunu düşünürəm. Hələlik heç bir repetitor cəzalandırılmayıb. Cəza çıxış yolu deyil, onun əksinə maarifləndirici addımlar atılsa, daha faydalı olar. Hər kəs bu məsələyə həssas yanaşmalıdır. Düşünürəm ki, 15 günlük tətil müddəti nəzərə alınaraq, qəbul imtahanının vaxtı dəyişdirilər. Təhsil mərkəzləri qapadılaraq, dezinfeksiya olunub. Lakin “Mall” kimi ticarət obyektlərində hər yaş qrupundan olan şəxslər toplaşır. Burada da profilaktik tədbirlər görülməlidir”.

  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları