Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 10:59:00
Distant təhsil müəllimlərin maaşlarını kompensasiya edəcəkmi? – Problemdən daha çox etik məsələdir

Koronavirusa görə təhsil müəssisələrinin müvəqqəti bağlanması özəl sektoru çətin vəziyyətə salıb. Onlar aylıq gəlirlərindən məhrum olduqlarına görə, müəllimlərin əməkhaqlarını verməkdə çətinlik çəkirlər. Bəs belə bir durumda bu, necə tənzimlənməlidir? Onlayn fəaliyyət onu kompensasiya edə biləcək?

 “İşçilərin ödənişsiz məzuniyyət götürməsini təklif edərdim”

 AzEdu.az xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bildirib ki, əməkhaqqının ödənilməsi işçi ilə işəgötürən arasında yaranan və qarşılıqlı razılaşmaya əsasən tənzimlənən məsələdir: “Qanunvericilik belə halların dəqiq təsnifini vermədiyinə görə, yaranmış vəziyyətin hüquqi təhlilini apara bilmirik. Amma işçi öz xahişi ilə məzuniyyətə çıxmayıbsa, onun hansısa gəlirdən məhrum edilməsi doğru deyil. Eyni zamanda təhsil müəssisəsi fəaliyyətini davam etdirə bilmir, nəticədə gəlirlərindən məhrum olursa, bu, özəl müəssisələrin həddindən artıq ziyana düşməsinə səbəb olmamalıdır. Vəziyyətdən çıxış yolu kimi, işçilərin ödənişsiz məzuniyyət götürməsini təklif edərdim. Beləcə, sahibkar daha çox zərərə məruz qalmaz. Bu, hüquqi problemdən daha çox etik məsələdir. Sahibkar daha çox pul qazananda onun kiçik hissəsini də olsa, işçilərə əlavə bonuslar kimi ödəyirmi? - Xeyr. Buna görə də, sahibkarın öz işçisindən güzəşt istəməsi və bu güzəşti əldə etməsinin bu qədər ciddi problemə çevrilməsi normal qarşılanmalıdır”.

 “Sığorta şirkətləri hansısa məhsul hazırlamalıdırlar”

 Dərslərin dayandırılması nəticəsində xeyli çətinliklə üzləşən sahibkarlardan biri, “İndigo” uşaq bağçaları şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyevin fikrincə isə özəl müəssisələr proseslə bağlı məlumatlandırılmalı idilər: “Çünki onların özlərindən də asılı olmayan xərcləri var. Məsələn, icarə haqqı. Mülki məcəlləyə görə, fövqaladə vəziyyət zamanı heç kəs kiminsə qarşısında öhdəlik daşımır. Fövqaladə vəziyyət elan olunmadığına görə, obyekt sahibi də gəlir tələb edir. Müəssisə təhsilhaqqını valideyndən tələb etməyə məcburdur. Valideyn təhsilhaqqını verməsə, müəssisə onu məhkəməyə verə bilmir. Amma obyekt sahibi icarə haqqını verməyən sahibkarı məhkəməyə verə bilər. Özəl sektorun belə vəziyyətlərə tap gətirə bilməsi üçün bir yol var. Gələcəkdə belə halların qarşısını almaq üçün sığorta şirkətləri hansısa məhsul hazırlamalıdırlar. Belə olacağı təqdirdə sığorta şirkətləri həmin xərcləri kompensasiya etməlidirlər”.

 “Təhsilhaqlarını alıblar, artıq müəssisə valideynə borcludur”

Rasif bəy yaranan vəziyyətin əsasən uşaq bağçalarına təsir etdiyini bildirib. Səbəbi isə bu müəssisələrdə distant təhsilin tətbiq olunmaması ilə izah edib: “Özəl məktəblər illik təhsilhaqqı aldıqlarına görə çətinlik çəkmədilər. Uşaq bağçası və kurslar isə aylıq təhsilhaqqını aldıqlarına görə, problem yaşadılar. Martın əvvəlində məlumatlandırılsaydılar, belə olmayacaqdı. KOBİA müəssisələrə hansısa formada kömək edə bilər. Məsələn, yerinə yetirilməli olan vergi öhdəliklərini kompensasiya edə bilərlər. Ölkəmizdə özəl təhsil sektoru yeni yaranırdı. Bir ay isə böyük müddətdir. Nəzərə alaq ki, qarşıdakı aylarda onsuz da özəl təhsil müəssisələri işləməyəcək. Bu il onların işi çox çətin olacaq. Özəl orta məktəblər distant təhsilə keçmək məcburiyyətində idilər. Çünki təhsilhaqlarını alıblar, artıq müəssisə valideynə borcludur. Buna görə distant təhsilə əl atırlar. Əks halda iyun ayını işləmək məcburiyyyətində qalacaqlar. Özəl kursların şəraiti isə distant təhsilə imkan vermir. Üstəlik əlavə təhsil sayıldıqlarına görə, valideyn onların dayanmamasında maraqlı deyil. Bağçalar onlayn tədrisə keçə bilmirlər. Buna görə də kompensasiya etmək üçün müştərilərimizə dayə xidməti təklif etmişik. Müəssisə əməkdaşlarını köməkçi pedaqoq, dayə kimi valideynlərin evlərinə göndəririk. Amma bu geniş hal almayıb. Distant təhsil isə sadəcə özəl məktəblərin valideynlər qarşısında öhdəlikləridir”.

 Təhsil eksperti Anar Məmmədov isə bildirib ki, müəssisə özəldirsə, bu müddət ərzində şagirdlərə dərs keçməyin alternativ yollarını düşünməli, gəlirini təmin etməlidir: “Bunu onlayn dərs, vebinar şəklində etmək olar. Yəni, şagirdləri bir araya toplamadan müəllimlər internet üzərindən dərs keçsinlər. Əlbəttə, bunun da mənfi tərəfləri var. Məsələn, idman, musiqi, rəsm dərsləri istər-istəməz eyni effekti verməyəcək. Onlayn platforma üzərindən bir sıra üstünlüklərdən yararlanmaq olmur. Amma şagirdləri dərsdə geriləməyə qoymur”.(TED.az)