Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 18:10:00
FHN Akademiyası kursant qəbulu elan edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2020-2021-ci tədris ili üçün təhsilinin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir.

AzEdu.az  xəbər  verir ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyaya qəbul boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2020-ci ilədək tamam olan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş 23 yaşı 15 sentyabr 2020-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları arasından seçilirlər.

Qəbul imtahanı Dövlət İmtahanı Mərkəzi tərəfindən keçirilir.

Sənədlər sənəd qəbulu komissiyası tərəfindən aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından ala bilərsiniz.