Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 09:00:00
Tarix fənninin milli təəssübkeşliyimizin artmasında rolu nə qədərdir?- Boşluqlar və təkliflər

 

Günümüzdə ali məktəbə hazırlaşan abituriyentlərin çoxu yalnız seçdikləri ixtisas blokuna uyğun fənləri oxuyurlar. Lakin bir sıra dərslər vardır ki, onların öyrənilməsi olduqca vacibdir. Çünki bu tip fənlər yalnız məktəb vaxtı deyil, insanın bütün həyatı boyu onun təfəkkürünün formalaşmasına yardımçı olur. Bunlara misal olaraq, tarix, coğrafiya, ədəbiyyat və Azərbaycan dilini  göstərmək olar.

 

Bu fənlərin sırasında aparıcı rol oynayan Azərbaycan tarixinin əsas funksiyalarından biri də vətəndaşlıq və milli təəssübkeşlik meyarlarını yüksəltməkdir.  Təbii ki, bu meyarların nə dərəcədə tədrisi artıq  tarix müəllimlərinin yanaşma və fəaliyyətindən asılıdır.

 

 

Təbii ki, Azərbaycan tarixi fənninin təkcə III fənn bloku üzrə hazırlıq  üçün deyil, milli təəssübkeşlik zəmnində nə dərəcədə tədris olunduğu və şagirdlərin onu necə mənimsədiyini ən yaxşı tarix müəllimlərinin özləri deyə bilərlər.

 

AzEdu.az bu məqsədlə bir neçə tarix müəllimi arasında kiçik sorğu keçirib:

 

Mətanət Kərimova (Oğuz şəhəri, 3 nömrəli məktəb-lisey):

 

“Bu proses məktəbdə müəllimin fənni tədrisetmə formasından çox asılıdır.  Pedaqoq predmeti şagirdə düzgün təbliğ etməlidir. Məktəblərimizdə tarix fənnini sevən və gərəkdiyi kimi tədris edən kifayət qədər layiqli müəllimlərimiz var. Azərbaycan tarixi 5-ci sinifdən etibarən tədris olunmağa başlayır. İlk başdan şagirdə tarixi şəxsiyyətlərimizi sevdirmək lazımdır.

Vətənpərvərlik hissləri təbliğ olunmalıdır deyə, tarix fənninin bütün ixtisas qruplarına salınmasını düzgün hesab etmirəm.

İmtahana düşəcəyi üçün hansısa fənni sevmək olmur. Tarix müəllimi olsam da, bu fənnin bütün ixtisas qruplarında yer almasının tərəfdarı deyiləm. Hansı universitet və ixtisasa qəbul olmasından asılı olmayaraq, ilk kursda Azərbaycan tarixi fənni tədris olunur. Buraxılış imtahanına isə salınmalıdır. Necə ki ana dilimizdən hər bir şagird imtahan verir, eləcə də tarix də bu imtahanlara əlavə olunmalıdır. Bütün şagirdlər ümumi informasiyalara sahib olmaq üçün tarixi oxuyub, buraxılış imtahanı verməlidirlər”.

 

Emin Piri (Xızı rayonu, Türkoba kənd Ümumi məktəbi)

 

“Millilik, qanunlarımıza hörmət istəyiriksə, öncəliklə konstitusiya dərsləri bərpa olunmalıdır. Bunu həm də ona görə deyirəm ki, bu sahəyə tarix müəllimləri baxırdı. Bu baxımdan dövlətin qanunlarını, konstition hüquqlarını şagird bilməlidir ki, ona sayqısı da yaransın. Əlbəttə, sevgi anlayışını savadla əlaqələndirmək istəməsəm də, bizə savadlı vətənpərvərlər lazımdır. Qanunlarını, hüquqlarını, eyni zamanda dövlətinin də təməl prinsiplərini bilənlər. Həmçinin müasir Azərbaycan dövrü-daha doğrusu ikinci müstəqillik dövrümüz 11-ci siniflərin son həftələrinə düşür. O zaman da məktəblərdən kitablar yığılır, ya yay fəsli, ya da digər səbəblərdən bir növ şagirdlər bu mövzulardan yayınmış olur. Tarix dərsliklərində sovet işğalı dövrü ikinci respublika dövrü kimi tədris olunur. Düşünürəm ki, bu yanlış yanaşmadır. Əgər biz işğal dövrünü də eynilə hazırkı müstəqillik və ya 1918-20-ci illərin cümhuriyyəti ilə eyni tuturuqsa, şagirdə dövlətçilik baxımdan nəyisə izah etmək, düşüncələrinə yeritmək çətindir “.

 

Aygün Rəhimova: (Sumqayıt şəhəri 28 saylı orta məktəb)

 

 “Öz dövlətinin tarixini bilməyən şəxsin bu torpaqda yaşamaq hüququ yoxdur. Xocalı soyqırımı ərəfəsində yaşadığım Sumqayıt şəhərində sorğu keçirilirdi. Jurnalist insanlardan “26 fevral” tarixinin nə günü olduğunu soruşurdu. Eşitdiyim cavablar məni məyus etdi. Hətta bir nəfər həmin günün qətl sınan gün olduğunu bildirmişdi. Çox möhtəşəm qərar olardı ki, “Azərbaycan tarixi” fənni bütün ixtisas qruplarına əlavə olunsun. Hazırda ən öndə olan fənn kimi dəqiq fənləri qeyd edirlər. Hər kəsin fikrinə hörmətlə yanaşıram, ancaq düşünürəm ki, milli tariximiz hər yerdə təmsil olunmalıdır”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları