Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 17:17:00
Elm koronovirus qarşısında niyə acizdir?- “Tam məğlub olmayacaq”

Bəşəriyyət inkişaf etdikcə xəstəliklərin xarakteri, tipləri və növləri də dəyişilməyə başlayıb. Bu gün bir sıra endemik virus xəstəlikləri XXI əsrin tibb və fiziologiya elmini narahat edən xəstəliklərin ön sırasında gəlir.

 

Son zamanlarda Çinin Uhan şəhərində ortaya çıxan və Covid-19 adı verilən xəstəliyə səbəb olan ölümcül koronavirusun müalicəsi üçün də elm adamları ilk gündən fəaliyyə başlayıblar.

 

Bəs istər koronovirus dönəmində, istərsə də gələcəkdə baş verəcək bu kimi anoloji hallarda elmin rolu hansı səviyyədədir? Nəyə görə elm bu cür hallarda acizdir?

 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“İlk növbədə qeyd edim ki, bəşəriyyətin tarixinə nəzər yetirəndə görürük ki, insan həyatını təhlükə altına alan xəstəliklərin yayılması bütün tarixi kəsimlərdə müşahidə edilib. Milyonlarla insanın həyatını alan taun, vərəm kimi xəstəlikləri yada salın. Qədim və orta əsrlərlə müqayisədə müsir elm, o cümlədən tibb və fiziologiya elmi xüsusilə aparıcı Qərb ölkələrində innovativ inkişaf səviyyəsinə nail olub.

 

Dünya gündəmini zəbt edən koronavirus (COVİD-19) kabusuna gəlincə, qeyd edək ki, ümumiyyətlə hər hansı bir virusa qarşı vaksinin hazırlanması bir neçə ay tələb edir. Bunu təcrübə də sübut edir. Bu virusun yayılma coğrafiyası genişləndikcə və vaxt uzandıqca dünya iqtisadiyyatı böyük itkilər verir. Bütün sahələrdə, o cümlədən təhsil sistemində axsamalar müşahidə edilir, bununla da təhsilin fasiləsizliyi tam təmin olunmur. Havaların getdikcə istiləşməyə doğru getməsi, son günlər dünyada koronavirusa yoluxma və ölüm hallarının sayında azalmanın müşahidə edilməsi insanlarda bir təskinlik yaratsa da, buna qarşı vaksinin tezliklə hazırlanması və sınaqdan keçirilərək tətbiqi zəruridir. Ümid edək ki, dünya tibb elmi bundan əvvəlki hallarda olduğu kimi bu dəfə də bu  xəstəliyə qalib gələ biləcək. Bu, tibb və fiziologiya elmi sahəsində dünyada koordinasiyalı fəaliyyət nəticəsində mümkün ola bilər. Onu da xatırladaq ki, bu xəstəliyin Çinin Uhan bölgəsində yayılmağa başladığı dövrlərdə Çin Xarici İşlər Nazirliyi bir sıra ölkələrə, o cümlədən Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin alimlərinə yeni koronavirusla mübarizədə qüvvələrin birləşdirilməsi təklifi ilə müraciət etmişdi”.

Aqşin Məmmədov bu cür hallar qarşısında panikaya düşməməyi tövsiyə edir:

“Bütün bunları nəzərə aldıqda tibb elminin bu tip viruslar qarşısında aciz qaldığını birmənalı demək düzgün deyil, qeyd etdiyimiz kimi bunun üçün vaxt lazımdır. Müasir elm hər hansı bir xəstəliyin, virusun yayılma səbəbləri və coğrafiyasına daha çevik reaksiya vermək qabiliyyətinə malikdir. Panikaya düşmədən həkimlərin tövsiyəsinə uyğun olaraq tələb olunan gigiyenik qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı qorumalıyıq.

 

Rusiya alimlərinin fikrincə, bu virusu tamamilə məğlub etmək olmaz, qrip kimi mövsümi olaraq özünü göstərə bilər. Ümumilikdə bu tip viruslar hər il epidemiya dalğaları ilə əhalinin ən həssas hissəsini vurur”

 

Qeyd edək ki, bu günədək 114 min 626 nəfər yeni növ koronavirusa yoluxub, 4030 nəfər isə dünyasını dəyişib.