https://www.zirve.edu.az/
09.03.2020 16:30
Tələbələr istehsalat təcrübələrindən necə faydalanırlar? –Universitetlər arasında sorğu
Çap et

 

 

Dördillik universitet təhsilində tələbələr ixtisasları ilə əlaqədar lazımi nəzəri biliklər əldə edirlər. Təhsil müddətinin son semestri isə tələbələrin nəzəri biliklərinin təcrübə əsasında möhkəmləndirilməsi və öyrəndiklərini tətbiqetmə bacarıqlarının inkişafına istiqamətlənir. Bəzi universitetlərdə bu müddət ixtisasa görə dəyişir. Belə ki, bir sıra universitetlər ixtisasa uyğun olaraq tələbələrin nəzəri biliklərinin təcrübə ilə möhkəmləndirilməsi prosesinə aşağı kurs müddətində başlayır. Ümumilikdə tələbələrin təcrübəsi  “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə”  əsasında tənzimlənir. Bəs təcrübə müddəti keçən tələbələr özləri bu barədə nə düşünür. Praktika müddəti və üsulu onları nə dərəcədə qane edir? Praktikanın hansı şəkildə aparılmasını daha uyğun hesab edirlər?

AzEdu.az  bu mövzu ilə bağlı Azərbaycan universitetlərinin bir qisminin tələbələri arasında keçirilən sorğunu təqdim edir.

   İlk olaraq əksər tələbələrin seçimdə üstünlük verdiyi universitet olan Bakı Dövlət Universitetinin tələbələrinin cavablarına nəzər yetirək:

“Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin tələbələri qeyd edir ki, təcrübə onları kifayət qədər qane edir.  Təcrübə müddətində müxtəlif proqramlar öyrənir, texnoloji biliklərini inkişaf etdirirlər. Hətta təhsil müddətində öyrəndiklərindən daha çox informasiya əldə etdiklərini, təcrübə sayəsində gələcək iş həyatı üçün lazımi bilik və keyfiyyətlərə yiyələndiklərini bildirdilər.

“Jurnalistika” fakültəsinin tələbələri isə məsələyə fərqli mövqedən aydınlıq gətirdilər. Onların fikrincə, tələbələrin  istək və maraq dairələrini nəzərə almaqla, ixtisas yönümlü təcrübənin tətbiq olunmasını daha məqsədə uyğundur. Ancaq hazır ki, təhsil üsulu ilə bağlı fikirləri də müsbət yöndədir. Bütün bunlara baxmayaraq əksər fakultə və ixtisas tələbələrinin əsas narazılıq bildirdikləri mövzu təcrübə müddətinin onları qane etməməsi ilə bağlıdır. Tələbələrin fikrincə, bir semestrlik təcrübə müddəti nəzəri biliklərin tətbiqini örənmək üçün kifayət etmir. Bu da onların təcrübi biliklərinin yarımçıq qalmasına səbəb olur.

Azərbaycan Dillər Universiteti Təhsil fakültəsi üzrə dördüncü kurs tələbələrinə təcrübə üçün iki imkan təqdim edir: rayonlarda müəyyən olunmuş məktəblər üzrə təcrübə keçmək, ya da Bakı şəhəri üzrə müəyyən olunmuş məktəblər üzrə təcrübə keçmək. Tələbələrin fikrincə,bu, yalnız Bakı məktəbləri ilə məhdudlaşmamaq, gələcəyin müəllimlərinin rayonlara inteqrasiyası baxımından çox müsbət haldır. Onlar qeyd edirki, digər təhsil müəssisələrində də bu tip seçimlərin olması arzuolunandır. Tələbələr təcrübə üsulunun onları kifayət qədər qane etdiyini,yalnız təcrübə müddətinin kifayət etmədiyini bildirdilər. Buna səbəb olaraq bildirdilər ki, hər tələbə mühitə tez alışa bilmir və bu halda  tələbə qısa müddət ərzində öz təcrübi bacarıqlarını sərgiləyə, nəzəri biliklərini təcrübi bacarıqlarla əvəz edə bilmir. Onların fikrincə, son kurs ümumilikdə təcrübəyə həsr olunsa daha yaxşı olar. Çünki tələbənin nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlara da ehtiyacı var. Hazırki dövrdə yalnız bilik deyil,eyni zamanda təcrübi bacarıqlarının da olması vacibdir.

Azərbaycan Texniki Universitetinin tələbələri üçün son semestrlə yanaşı ixtisas üzrə birinci kursun ikinci semetrindan sonra, yaxud üçüncü kursun ikinci semestrindan sonra təcrübə keçirilir. Tələbələr təcrübə metodunun onları son dərəcə qane etdiyini bildirdilər. Bu müddətdə nəzəri biliklərinin texnoloji avadanlıqlar üzərində təcrübə ilə daha yaxşı mənimsədiklərini, texnika ilə işləmə bacarıqlarına yiyələndiklərini qeyd etdilər. Ancaq təcrübə müddətinin onlar üçün kifayət etməməsi tələbələrin nisbətən narazılığına səbəb olur. Onların fikrincə, təcrübə müddətinin bir deyil iki semestr olması arzuolunandır. Onlar bildirir ki, dərs zamanı nəzəri şəkildə öyrəndikləri texnologiya ilə əyani şəkildə tanış olur və onunla işləmə bacarıqlarını inkişaf etdirirlər. Ancaq təcrübə müddətinin qısa olması bu mərhələnin tam həyata keçməsinə, təcrübi bacarıqların tam inkişafına mane olur deyə bilərik. Müəssisələrin təcrübə metodunun, təcrübə zamanı nəzarət prosesinin isə onları qane etdiyini bildirdilər.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrindən isə müxtəlif cavablar gəldi. Onların təcrübə ilə bağlı fikirləri təhsil aldıqları ixtisasa görə dəyişir. Tələbələrin bəziləri təcrübənin onları qane etdiyini, bəziləri isə kifayət qədər qane olmadıqlarını bildirdilər. Hətta bir neçə tələbə təcrübənin keçirilmə metodu ilə əlaqədar öz istəklərini bildirdi. Onların fikrincə, tələbələrin tədris müddətində keçdiyi bütün ixtisas fənləri nəzərə alınmaqla bir müəssisə seçilib ora praktikaya göndərilmələri daha məqsədə uyğundur. Eyni zamanda təcrübə keçən tələbələrlə müəyyən müddət ərzində müqavilənin imzalanması və bu müddətdə aktivlik göstərən tələbələrin lazımi ehtiyaclarının təmin edilməsinin məqsədəuyğun olduğunu bildirdilər. Ümumilikdə isə tələbələrin əksəriyyətinin ortaq fikri təcrübə müddətinin kifayət etməməsi oldu.

  Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübə metodunun onları qane  etdiyini bildirdilər. Bunu da vurğuladılar ki, təcrübə, ixtisasın hər istiqaməti üzrə təmin edilsə daha uğurlu olar. Məsələn, “Turizm və Otelçilik” ixtisasının tələbələri, oteldə lazımi təcrübə şəraiti ilə təmin olunduqlarını vurğulayaraq  qeyd etdilər ki, yalnız otel yönümlü deyil, eyni zamanda  turizmlə bağlı digər müəssisələrə: turizm agentliyi, turizm təşkilatları, bronlasdirma proqramlarının öyrədildiyi müəssisələr və s. də göndərilməkləri daha məqsədə uyğun olar. Həmçinin, tələbəblərə seçim imkanının yaradılması üçün təcrübə müəssisələrinin artırılması ilə bağlı fikir irəli sürdülər. Buna səbəb kimi qeyd etdilər ki, hər tələbə fərqli istiqamətlər üzrə fəaliyyət həyata keçirmək, təcrübi bacarıqlara yiyələnmək istəyir. Ümumilikdə isə tələbəbləri qane etməyən əsas məsələ təcrübə müddətinin az olmasıdır. Tələbələrin bir qismi nəzəri tədris müddəti ilə təcrübə müddətinin bərabərləşdirilməsinin arzuolunan olduğunu bildirdilər.

Azərbaycan Dövlət Neft və Sənaye Univerisitetinin tələbələrinin əksəriyyəti təcrübə müddəti ilə bağlı bu düşüncədədir ki, müddət diplom işi mövzusu üçün kifayət edir, amma ixtisası mənimsəmək üçün yetərli zaman deyil. Bununla yanaşı qeyd etdilər ki, təcrübə müəssisələri onları lazımi texniki avadanlıq və nəzəri biliklərin tətbiqi metodu ilə kifayət qədər təmin edir. Ancaq təcrübənin ödənişli olmasının arzuolunan olduğunu qeyd etdilər. Əgər təcrübə, həm təcrübəçi tələbə (təcrübə zamanı gündəlik ehtiyaclara görə), həm də müəllim üçün ödənişli olsa o zaman daha keyfiyyətli nəticə əldə edilmiş olar. Eyni zamanda müəssisənin tələbənin yaşadığı yerə nisbətən yaxın olması vaxt itkisinin olmaması üçün əlverişli olar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  bir qismi təcrübə metonun onları qane etdiyini, digər bir qismi isə kifayət qədər qane etmədiyini bildirdilər. Buna səbəb olaraq sistemin dəyişməsini qeyd edirlər. Təcrübə üçün seçilən məktəblər dəyişdiyinə görə nə təcrübəçi tələbələrin, nə də təcrübəyə nəzarət edənlərin adaptasiya ola bilmədiklərini bildirdilər. Praktika müddətinin kifayət etmədiyini vurğulayan tələbələrin buna səbəb olaraq cavabları isə belə oldu: “Qısa müddətdə hər sinfə bir ya da iki dərs keçməklə gələcəyə inamlı uşaqlar öyrədə biləcək bir müəllim yetişdirmək çox çətindir. İstər müəllim psixologiyasını, istərsə də şagird psixologiyasını üç aylıq praktika ilə öyrənmək qeyri-mümkündür. Müəllim olmaq üçün verdiyimiz imtahan da bizi bununla təmin etmir.” Bunu da qeyd etdilər ki, təcrübənin müddətinin artırılması, pedoqoq və psixoloqların gündəlik təcrübəçilərlə birlikdə olub tədrisi davam etdirməsi arzuolunandır.

Azərbaycan Universitetin tələbələrinin əksəriyyəti təcrübə metodunun onları kifayət qədər qane etdiyini bildirdilər. Təcrübə müddətinin isə ixtisasa görə dəyişdiyini qeyd etdilər. Bəzi ixtisas tələbəbləri təcrübə müddətinin az olmasından gileyləndilər, eyni zamanda bir sıra ixtisas nümayəndələri isə təcrübə müddətinin onları kifayət qədər qane etdiyini bildirdilər. Onların fikrincə, təcrübə müəssisələrinin bölgüsünün ixtisas tələbələri üzrə daha dəqiq aparılması, təcrübə müddətinin həftədə bir dəfə deyil ən azı dörd dəfə olması daha məqsədə uyğundur.

                                                                                  

Ayşən Mustafayeva
Müəllifin digər yazıları