Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 09:00:00
Uşaqların “məktəbsiz “müəllimləri” - Dayəlik kurslarının yoxluğu ilə evlərə gələn problem - ARAŞDIRMA

Dayəlik Azərbaycanda son 10-15 ildə yaranmış, ənənəsi olmayan yeni sahədir. Ölkəmizdə təxminən, 30-40 mindən çox belə işçi var. Keçmişdə ancaq zadəgan övladları dayələrə - xüsusi mürəbbiyələrə həvalə olunarmış. Bu adət indi də Qərb ölkələrində qorunub saxlanır. Dünya təcrübəsində bu peşəyə yiyələnmək istəyənlər üçün özəl kurslar fəaliyyət göstərir. Xarici təcrübəyə görə, dayə xidməti göstərmək istəyənlərə hətta hüquq, pediatriya və psixologiyadan dərslər keçirilməlidir.

Dayə ən azından, pediatriya barədə məlumatlı olmalı, uşaq təhlükə ilə üzləşdikdə ona ilkin yardım göstərməyi bacarmalıdır. Bakıda isə  dayəlik təhsili verən 1-2 kurs olsa da, oranı bitirənlərin bu biliklərə nə dərəcədə yiyələndikləri və gələcək fəaliyyətlərini hansı şərtlər altında həyata keçirəcəkləri sual doğurur. Ümumiyyətlə, qanunvericilikdə dayə məktəblərinin fəaliyyətinin nizamlanması ilə bağlı nələrsə nəzərdə tutulubmu?

Mövzu ilə bağlı AzEdu.az saytına danışan Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov dayələrlə işəgötürən arasındakı qeyri-rəsmi razılıq səbəbindən gələcəkdə hüququ tapdalanan tərəfin heç nəyi sübut edə bilmədiyini deyib:

“Biz bəlkə də 10 ildən çoxdur ki, Əmək Məcəlləsinə “sahibkar olmayan fiziki şəxs” anlayışının gətirilməsini təklif edirik. Bu gün bir şəxs digərini əmək müqaviləsi olmadan işə cəlb edə bilmir. Yalnız onda edə bilər ki, onlar hər ikisi vergi qeydiyyatında olsun. Mən süpürgəçi işləmək istəyirəmsə də gedib vergi qeydiyyatına durmalıyam. Həmçinin bu, dayələrə də aiddir. Dayələrə ehtiyac durmadan artır. Onları işə məhz qanuni yolla cəlb etməyin xeyli müsbət tərəfləri var. Belə olduqda tərəflərin məsuliyyəti yaranır. Dayəni işə qeyri-rəsmi formada götürəndə problemlər yaranır, bəzən o, uşağı incidir, evdən oğurluq edir. Və ya əksinə, dayəni həmin evdə incidir, məcburi əməyə cəlb edirlər. Tərəflər isə bu zaman şikayət mexanizmindən istifadə edə, heç nəyi sübut edə bilmirlər. Amma dayə ilə işəgötürən arasındakı münasibətlər rəsmi olsa, bu problemlərin 90%-i həllini tapmış olar”.

Onun sözlərinə görə əmək məcəlləsində bununla bağlı bir sıra yeniliklərə ehtiyac var:

“Əmək məcəlləsinə elə bir yenilik gətirilməlidir ki, vergi qeydiyyatında olmayan fiziki şəxslər də əmək müqaviləsi bağlaya bilsin. Bu, dünya ölkələrinin qanunvericilik təcrübəsində də var. İkinci variant isə dayələrlə bağlı özəl müəssisələrin olmasıdır. Onlar dayələri işə cəlb edirlər. Dayənin köməyindən istifadə etmək istəyən artıq həmin şirkətlə müqavilə bağlayır. Şirkət müştəriyə dayə xidmətini təqdim edir. Bu halda dayənin edəcəyi qanunsuz rəftara görə cavabdeh şirkət olur. Müştəri dayə ilə bağlı problem yaşadıqda ona deyil, şirkətə müraciət edir. Bu özəl qurum da tələbi ödədikdən sonra reqres qaydada öz işçisinə qarşı  əks tələb qoyur”.

O, insanların “kölə iqtisadiyyatı”ndan çıxması üçün təkliflər irəli sürüb:

““Frilans”  deyilən anlayış var, özünüməşğul mənasını verir. Bir insan özünüməşğul qaydada dayə xidməti göstərirsə, özünə VÖEN aça və sahibkar kimi qeydiyyatdan keçə bilər. Belə olduqda qazancının cüzi hissəsini vergi verəcək. Biz vergi məcəlləsinin daha da sadələşdirilməsini, vergiqoyulmanın patent sisteminin tətbiq olunmasını təklif etmişik. Belə olduqda dayə xidməti göstərən insanın rüblük,  illik hesabatlar verməsinə ehtiyac olmayacaq. ASAN xidmətə müəyyən məbləğ  ödəməklə 6 aylıq patent ala biləcək. Yeri gəlsə, onun əsasında ailə ilə də müqavilə bağlaya bilər. Müqavilə notarial qaydada təsdiq olunandan sonra artıq heç bir vergi qeydiyyatına durmağa ehtiyac olmayacaq. Çünki o, patentliyin əsasında leqal fəaliyyət göstərir və cüzi pul ödəyir. Düzdür, dövlət bundan çox şey qazanmayacaq. Amma insanları da “kölə iqtisadiyyatı”ndan çıxarmaq lazımdır. Problem ondadır ki, bu iş görülmür. Bu, yalnız dayəyə yox, istənilən peşəyə aid ola bilər. Sadəcə, ən çox ailənin daxilində olan dayə, aşbaz və qulluqçular olduğuna görə tez-tez gündəmə gəlirlər”.

Dayə məktəbləri ilə bağlı vahid metodologiya olmadığını deyən Sahib Məmmədov ölkəmizdə peşə təhsilinin bərbad vəziyyətdə olduğunu dilə gətirib:

“Bizdə bəzi MMC-lər yaradıb, kurslar təşkil etməklə dayə hazırlığına səy göstərdilər. Əlbəttə, yaxşı olardı ki, burada bir metodologiya olsun və təhsil onun əsasında aparılsın. Bizdə isə bu barədə vahid metodologiya hazırlanmadı. Hərə müxtəlif üsullarla-biri xarici təcrübəyə, digəri özünün hazırladığı modullara əsasən dayələrə ibtidai vərdişlər verir.

Ən böyük problemlərimizdən biri də peşə təhsilinin bərbad vəziyyətdə olmasıdır. Agentlik yaratsalar da, bu, heç nəyi dəyişmədi. Vəziyyət olduğu kimi qaldı. Peşə təhsili düzəlsə, orada dayəlik üzrə də təhsil almaq olar. İndi İşsizlikdən Sığorta fondu yaradılıb. Onun funksiyalarında biri də qısamüddətli kurslar təşkil etməklə insanların peşə yönümünü dəyişməkdir.  Bu mexanizmi əvvəldən əyri yaratdılar.  Yeni nazirimiz bəlkə də nəyisə dəyişər. Amma hələ ki, heç nə yoxdur. Əslində fonddakı vəsaitlərin əhəmiyyətli hissəsi məhz bu məqsəd üçün ayrılıb. Kimsə gəlib iş axtaranda ona dayəlik kursu təklif olunmalıdır. Kursu keçdikdən sonra onu istiqamətləndirə bilirlər. Biri təklifi qəbul edərsə, fondun hesabına ona bilik verilir. Bunları etmək lazımdır. Bunlar hamısı cəmiyyət üçün  problem olaraq qalıb. Həll etmək istəyən də yoxdur. Bunu Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi etməli, və ya özəl qurumlar həyata keçirməlidirlər. Amma heç bir təşəbbüs yoxdur. Özəl qurumlar tələbatın olmadığını düşündüklərinə görə bu addımı atmırlar. Amma hər halda dövlət buna əl qoysa, problemi həll edə bilər”.

Millət vəkili Dilarə Cəbrayılova isə dayələrin pedaqoji təhsil almasının mütləq olmadığını bildirib:

“Dayələrə mütləq yaş məhdudiyyəti qoyulmalıdır. Nə çox cavan, nə də çox yaşlı insanların dayəlik etməsi düzgün deyil. Cavan xanımların təcrübələri az ola bilər. Yaşlı xanımlar isə pul xətrinə bu işlə məşğul olur, amma başqasının uşağını bədbəxt edirlər. Çünki həmin adamların səhhəti ilə bağlı və ya psixoloji problemləri çox olur.

Məncə, dayəni tanışlıqla götürmək olmaz. Mütləq elə qurum olmalıdır ki, dayə oradan sertifikat almalıdır.  Həm sağlamlıq, həm də psixi durumlarına görə sənədləri olmalıdır. Yaxşı olardı ki, dayələri hazırlayan qurum olsun. Orada pedaqoji təhsil də verilsin. Ali təhsilə gəlincə isə inanmıram ki, ali təhsilli müəllim dayə işləsin. Sırf ali pedaqoji təhsilli olması vacib deyil. Bəyəm bizim ata-analarımız pedaqoji kurs keçiblər?”

O, dayələrin işə qəbul üçün mərhələli təşkil olunan imtahanlardan keçməsini təklif edib:

“Millət vəkili kimi mənə dayə zorakılığı ilə bağlı müraciət olmayıb. Amma sosial şəbəkələrdən görmüşəm. Məncə bunların qarşısının alınması üçün hansısa qanun olmaldır. Dayələr mütləq çərçivə içərisində işləməlidirlər. Dayə məktəbləri də dövət nəzarətində olmalıdır. Mənə elə gəlir ki, dayələr də müəllimlər kimi imtahan verib, müəyyən mərhələləri keçib gəlməlidirlər. Çünki tamamilə bilmədiyin , tanımadığın insana övladını etibar etmək olmaz. Bu, çox çətin seçimdir. Son zamanlar yaman dəb halını alıb”.

Ölkəmizdə dayə hazırlığını həyata keçirən PASA - Peşəkar Ailə Servisi Akademiyasının nümayəndəsi isə burada dayələrə pediatriya və pedoqogika dərslərinin keçirildiyini bildirib:

“Akademiyamız yeni fəaliyyətə başladığına görə hələ k, dayələr üçün olan kriteriyaları müəyyənləşdirməmişik. Dayəlik üçün bizə müraciət edənlər var. Onlar hazırda kurs keçirlər. Kursu başa vurduqdan sonra ailələrə veriləcəklər.

Pedaqoji təhsili olmayanlara  Loqos Nitq və İnkişaf Mərkəzində pedaqoji kurs keçirik. Pedaqoji təhsillilərə isə əməkdaşlıq etdiyimiz Atlas Medical Center-də üçün ongünlük pediatriya kursu keçirilir. Burada onlar uşaqla necə davranmaq, qızdırmasını necə ölçmək lazım olduğunu öyrənirlər. Daha sonra dayələr psixoloji və pedaqoji imtahan verirlər. Dərslər gündə 8 saat olmaqla, 25 gün keçirilir. Həftə içi 5, yoxsa 6 gün olması isə iştirakçının istəyinə görə dəyişir”.

Onun sözlərinə görə həmçinin ailələrə təhvil verilən dayələrin üzərinə gizlilik kamerası quraşdırılır:

“İştirakçıları kursumuza götürülməsi bir neçə proseduru əhatə edir. Komisiyamız tərəfindən keçirilən müsabiqədə, müraciət edənlər sorğu-sual olunur. Onları araşdırırıq. Məhkumluqlarının olmaması,  qanında narkotikin olmaması haqda arayışlar tələb edirik. Bizə əsasən  25-55 yaş arası şəxslər müraciət edir. Kurs ödənişsizdir. Dayələrin maaşı isə profildən asılı olaraq dəyişir. Bəzi ailələr dayənin gecə də qalıb uşağa baxmasını tələb edir, bəziləri isə saat 9-dan 6-a qədər işləməsini. Elələri də var ki, dayənin  onunla  birgə hansısa əcnəbi ölkəyə gedib, uşağına baxmasını istəyir. Əməkhaqqı buna görə dəyişir, konkret rəqəm yoxdur.

Biz dayələrin üzərində gizlilik kamerası quraşdırırıq. Bu, onların hərəkətlərini qeydə alır. Onların davranışını izləyə bilirik. Həm səs, həm də hərəkətlər qeydə alınır.

Ailələr isə dayə seçərkən daha çox onların səliqəli və düzgün xarakterdə olmasına fikir verirlər. Hələ ki ailələr ilə dayə arasında hansısa anlaşılmazlıq müşahidə etməmişik. Dayələrin bizə maddi ehtiyac, yoxsa həvəsləri olduğuna görə müraciət etmələri haqda isə araşdırma aparmamışıq”.

Adının çəkilməsini istəməyən bir dayə isə ali təhsilli olsa da, maddi ehtiyac üzündən dayə kimi çalışdığını bildirib:

“Mən müəlliməyəm. Bakı Dövlət Universitetini bitirmişəm. Yoldaşım müharibə veteranıdır. Niyə axı mən ali təhsilli ola-ola kiminsə uşaqlarına baxmalıyam. Düzdür, onları öz övladım kimi sevirəm. Amma müəllimllərə normal maaş verilsəydi, dayə işləməzdim. Ehtiyacım olduğuna görə bu işdə çalışmağa məcburam”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları