Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-07 12:48:00
Wi-fi 6 texnologiyasının tətbiq sahələri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib.

İnstitutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov  seminarın Wi-fi 6 texnologiyasının tətbiq sahələrinə həsr olunduğunu bildirib.

Simsiz şəbəkə texnologiyalarından bəhs edən institutun proqramçısı, mövzu üzrə məruzəçi  Təbriz Ağaşov  onları digərlərindən fərqləndirən əsas cəhət kimi ötürülmə mühiti olaraq radiosiqnallardan istifadə edildiyini deyib.

O, Simsiz Yerli Şəbəkələrin (WLAN) əvvəlcə hava limanları, internet kafe və otellər kimi mühitlərdə yaradıldığını, lakin o dövrdə simsiz şəbəkələrin məlumatların ötürmə sürəti, əhatə dairəsi və avadanlıq dəyəri baxımından digər simli şəbəkələrə görə kifayət qədər inkişaf etmədiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, zaman keçdikcə yeni IEEE 802.11 simsiz şəbəkə standartları və simsiz şəbəkələr, xüsusilə əhatə dairəsi və məlumat ötürmə sürəti baxımından daha da təkmilləşdirilib.

T.Ağaşov dünyanın ən böyük texniki mütəxəssislər birliyi olan Elektrik və Elektron Mühəndisləri İnstitutu tərəfindən hazırlanmış  802.11ax adlı Wi-Fi 6-nın inkişaf edən şəbəkə standartı olduğunu bildirib. Qeyd edib ki, Wi-Fi 5 və ya 802.11ac standartı ilə müqayisədə Wi-Fi 6 istifadəçilərə məlumatların 40% daha sürətlə ötürülməsini vəd edir. 

Wi-Fi 6 texnologiyasının əsas üstünlüklərindən danışan məruzəçi onun daha böyük yaddaş, eyni anda çox sayda cihazlarla məlumat mübadiləsi etmə qabiliyyəti və enerjiyə qənaətetmə özəlliyinə malik olduğunu söyləyib.

Qeyd olunub ki, Wi-Fi 6-nın əsas xüsusiyyəti OFDMA dəstəyinin olmasıdır. OFDMA (Orthogonal Frequency Division Multiple Access - Ortogonal Tezlik Bölməli Çoxsaylı Çıxış) eyni vaxtda daha çox insanın, cihazların bir-birinə qoşulmasını təmin etmək imkanına malik texnologiyadır. Wi-Fi 6, həmçinin Target Wake Time funksiyasına malikdir. Bu xüsusiyyət cihazların yuxu rejiminə keçməsinə və cədvəl üzrə qeyd olunmuş vaxtda “oyanmasına” imkan verir. Wi-Fi 6 həm də 2.4 və 5 GHz tezliklərini dəstəkləyir.

Məruzəçi Wi-Fi 6-nı dəstəkləyən cihazlar haqqında məlumat verərək onların sayının hazırda az olduğunu, yalnız bir neçə yüksək səviyyəli noutbuklar və Wi-Fi qəbuledicilərinin bu texnologiyanı dəstəklədiyini diqqətə çatdırıb. (Azərbaycan müəllimi)