Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 14:15:00
Birinci sinfə qəbul elektron qaydada aparılacaq

Qəbul prosesində bir sıra yeniliklər tətbiq ediləcək

 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Elektron qəbul prosesində valideynlərin xeyrinə bu ildən tətbiq edilən bəzi yeniliklər var.

 Beləliklə, ölkənin bütün ümumi təhsil müəssisələrinin I sinfinə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə martın 13-dən sentyabrın 15-dək olan müddətdə həyata keçiriləcək.

 Lisey və gimnaziyalara qəbul ümumi qaydada aparılacaq

 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla, bütün lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək.

 Birinci sinfə məktəbəhazırlıqdan gələnlər

 Artıq 3 ildir ki, birinci sinfə qəbul məktəbəhazırlıqdan başlayır. Bu il 105 min nəfərdən çox 5 yaşlı uşaq ümumtəhsil müəssisələrindəki məktəbəqədər təhsil qruplarından birinci sinfə avtomatik şəkildə qəbul olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayevanın sözlərinə görə, məktəbəhazırlıq qrupunda təhsil aldığı məktəbi və müəllimi dəyişmək istəyənlər şəxsi kabinetinə daxil olub sorğusunu silə və istədikləri məktəblərdən birini seçə bilərlər: “Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn martın 10-dan 13-dək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir”.

 Məktəbə gecikənlər

 Məktəbə məktəbəhazırlıq qruplarında təhsil almayanlar da hazırlaşır. Hətta müxtəlif səbəblərdən gecikənlər, 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da 5 yaşlılarla eyni hüquqa malikdirlər. Həm 7-8 yaşlı uşaqlar, həm də sağlamlıq imkanları məhdud olanlar onlayn qeydiyyat vasitəsilə müəllimini və məktəbini seçəcəklər. İlhamə Abdullayevanın sözlərinə görə, həm xüsusi, həm də ümumtəhsil müəssisələrinin evdə təhsil alacaq uşaqları elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək: “Onlar martın 10-dan qeydiyyatdan keçib, martın 13-dən başlayaraq istədikləri məktəblə bağlı elektron sistem vasitəsilə sorğu yerləşdirə bilərlər”.

 Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə zərurət olanlar

 Tədrisi digər dillərdə aparılan qruplarda təhsil alanların birinci sinfə  qəbulu müsahibə komissiyasının müsbət yazılı rəyi əsasında müəyyən olunur. Məktəbəhazırlıq qrupunda təhsil alanlarla birinci sinfə birbaşa qəbul olunanlar üçün müsahibələr müxtəlif vaxtlarda təşkil edilir. Belə ki,  bu il ümumtəhsil müəssisələrindəki məktəbəqədər təhsil qruplarının tədrisi digər dillərdə aparılan bölmələrində təhsil alan uşaqların 1-ci sinfə qəbulu üçün fevralın 24-dən respublika üzrə 50-dək müsahibə komissiyası fəaliyyət göstərir. Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimovun sözlərinə görə, müsahibələr hələ yekunlaşmayıb: “105 min nəfərdən çox 5 yaşlıların 6,8 faizi tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alıb. Ümumilikdə 7278 uşaqdan söhbət gedir ki, onların 3500 nəfəri Bakı şəhərinin, qalanları isə regionların payına düşür. Onlardan 6668 nəfəri müsahibədə iştirak edib. 6125 nəfər müsbət rəy, 543 nəfər isə mənfi rəy alıb. Martın 3-də bütün ölkə üzrə müsahibə komissiyalarının işinin yekunlaşması nəzərdə tutulsa da, Balakən rayonunda və Bakı şəhərində müxtəlif səbəblərdən müsahibələrə qatıla bilməyənlər olub. Onların müsahibələri martın 4-nə təyin edilsə də, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə əlaqədar vaxt dəyişdirilib. Müsahibələrə qatıla bilməyən həmin 599 nəfər martın 10-da yenidən müsahibələrə dəvət ediləcəklər”.

 Birinci sinfə birbaşa qəbul olunanlar üçün müsahibələr isə aprel ayında təşkil ediləcək: “Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Odur ki, onlayn qeydiyyat zamanı tədris üçün başqa dil seçənlər şəxsi kabinet yaratdıqdan sonra “müsahibəyə yazıl” bölməsini seçəcəklər. Vətəndaşların yaşadığı əraziyə uyğun olaraq həm Bakıda, həm də rayonlarda müsahibə komissiyaları yaradılıb. Valideynlər sistemə daxil olaraq müsahibə komissiyalarından birini seçir, aprel ayının 1-dən başlayacaq müsahibəyə gün alırlar. Aprel ayı ərzində müsahibələr davam edəcək. Müsahibənin nəticəsindən asılı olaraq, mayın 1-dən valideynlər istədikləri məktəbə sorğu yerləşdirə biləcəklər”.

 Onlayn qeydiyyatda yenilik

 Elektron qəbul sistemində bu ildən tətbiq ediləcək yenilik qeydiyyatda olmadıqları ərazidə yerləşən təhsil müəssisələrini seçmək istəyənlər üçün maraqlı olacaq. Belə ki, bu ildən başlayaraq, övladının təhsil alması üçün qeydiyyatda olmadığı ərazidən məktəb seçmək istəyənlərə şans verilib. Məktəb ailənin yaşadığı, ancaq qeydiyyatda olmadığı ərazidədirsə, o, növbəyə yazıla və bu yolla övladına yer saxlaya biləcək. Ərazidə qeydiyyatda olanlar yerləşdiriləndən sonra məktəbdə yer qalarsa, növbədə olan siyahı sorğuya çevriləcək və həmin siyahı üzrə yerləşdirmələr həyata keçiriləcək.

 “Sağlam təhsil” sinfində təhsil almaq istəyirsinizsə...

 Elektron qeydiyyat sistemində “Sağlam təhsil” siniflərinin olduğu məktəblərə qeydiyyat zamanı məhz həmin sinfi seçmək istəyənlər üçün “Sağlam təhsil” bölməsi yerləşdirilib. Onlayn qeydiyyat zamanı valideynlərin qarşısına bu bölmə də çıxacaq.

 Xatırladaq ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər.