Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 17:44:00
 Kamal Abdulla Avstriyanın ölkəmizdəki səfiri ilə görüşüb

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb. Səfiri universitetdə növbəti dəfə görməkdən məmnunluğunu bildirən rektor iki ölkə arasındakı diplomatik və elmi-mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Ali təhsil ocağının rektoru qeyd edib ki, Azərbaycan Dillər Universiteti Alman mədəniyyətinin, dilinin öyrənilməsi və tədrisində Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyini hər zaman yaxından hiss edib: “Biz Avstriyanın mədəniyyəti, tarixi, ictimai düşüncəsi ilə bağlı nə varsa, onu tələbələrimizə böyük məhəbbətlə təbliğ edirik. Sizin simanızda Avstriyanın da bizə münasibətinin bütün məqamlarda yüksək səviyyədə olduğunun şahidi olmuşuq. Bunun üçün sizə təşəkkür edirəm”.

 

Rektor daha sonra ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

 

Bernd Aleksandr Bayerl səmimi qəbula görə təşəkkürünü bildirib, Avstriya və Azərbaycan arasında elm və təhsil sahəsindəki əlaqələrin inkişafından məmnun olduğunu deyib. Avstriya üçün bu sahələr üzrə əməkdaşlıq, dilin təbliği, Avstriya kitabxanalarının mövcudluğunun önəmli amil olduğunu vurğulayan diplomat  təhsil üzrə əlaqələrin möhkəmləndirilməsi istiqamətində müxtəlif məsələlərin həllində göstərdiyi dəstəyə görə rektor Kamal Abdullaya minnətdarlığını bildirib:

 

“Avstriyanın Azərbaycandakı səfirliyi olaraq biz Dillər Universiteti ilə yüksək səviyyəli əməkdaşlıq qurmağa, onu davam etdirməyə böyük önəm veririk. Siz Avstriyanın dostusunuz və inanıram ki, bütün istiqamətlərdə olan uğurlu münasibətlərimiz bundan sonra da ən gözəl şəkildə davam edəcək”.

 

Daha sonra qarışılıqlı əməkdaşlıq -  birgə layihələrin təşkili, treninqlərin keçirilməsi və s. məsələlər müzakirə olunub.