Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 13:35:00
İqtisadi inkişafa töhfə

Qlobal bazarda universitetlər arasında rəqabət güclənir

Qlobal çağırışlar dövründə ali təhsil sistemi qarşısında duran ən mühüm vəzifələrdən biri  əmək bazarının tələbatına uyğun yüksək ixtisaslı mütəxəssis hazırlığı ilə bağlıdır. Heç kimə sirr deyil ki, daha savadlı işçi qüvvəsi ölkənin sosial-iqtisadi inkişafına, bununla da  dünya bazarında daha rəqabətə davamlı olmağa və öz növbəsində, ayrı-ayrı şəxslərin həyat şəraitini, firavanlığını və perspektivlərini yaxşılaşdırmağa kömək edə bilər.

Böyük Britaniyanın Times Higher Education (THE) nəşrinin fəal inkişaf edən iqtisadiyyata malik ölkələrin universitetlərinin növbəti reytinqi (Emerging Economies University Rankings) qlobal bazarda universitetlər arasında mübarizənin güclənməsi tendensiyalarından xəbər verir.  Reytinq FTSE  (Financial Times Stock Exchange) təsnifatı əsasında iqtisadiyyatı inkişaf edən  ölkələr kimi  təsnif edilmiş dövlətləri əhatə edir.  

Reytinq siyahısında 47 dövlətdən  533 universitet  (ötən il  - 43 ölkədən 450 universitet) yer alıb. Ali məktəblərin sayı üzrə reytinqə 81 universitetlə Çin liderlik edir, sonra Hindistan (56 ali məktəb) və Braziliya (46 ali məktəb) gəlir.

Reytinqin ilk 5-liyində Çinin 4 ali məktəbi yer alıb.  Çin universitetlərinin bu cür aktivliyi ekspertlər tərəfindən maraqla izlənilir.  Nəşrin baş redaktoru Fil Beyti: "Reytinqdə Çinin mövqeyi onun dünya ali təhsil arenasında sürətli inkişafını göstərir. Biz Çinin yaxın illərdə qlobal miqyasda dünya səviyyəli ali təhsili təqdim etməkdə davamlı səylərini gözləyirik".
Rusiya sıralamada 39 universitetlə təmsil olunur, bu da ötən ildəkindən dörd dəfə çoxdur. Onların arasında liderlik M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə məxsusdur. Tədqiqatın nəticələrini şərh edən MDU-nun rektoru, akademik V.A.Sadovniçi qeyd edib ki, rəhbəri olduğu təhsil müəssisəsi ənənəvi olaraq ali məktəblərin beynəlxalq reytinqlərində yüksək göstəricilər nümayiş etdirir.  Rektor diqqəti ona yönəldib ki, iqtisadiyyatı fəal inkişaf edən ölkələrin ali məktəblərinin reytinq sıralamasında MDU üçün ən əhəmiyyətli göstəricilər- təhsil komponenti, elmi-tədqiqat fəaliyyəti, biliklərin transferi, eləcə də beynəlxalq əməkdaşlıq nəzərə alınır. Bu meyarların hər birinə görə MDU ildən-ilə öz mövqelərini gücləndirir və bu, həm MDU-nun əməkdaşları, həm də ali məktəbin tələbələri üçün xüsusilə əhəmiyyətlidir. V.Sadovniçi beynəlxalq reytinqlərdə iştirakın məqsəd olmadığını, lakin ali məktəbin inkişaf dinamikasını obyektiv izləməyə, iqtisadi və sosial xarakterli aktual çağırışlara operativ reaksiya verməyə imkan verən alət olduğunu vurğulayıb.  

THE nəşrinin baş redaktoru Fil Beyti isə MDU-nun, eləcə də Rusiya ali məktəblərinin reytinqdəki fəallığını şərh edərkən "Rəqabətin daim artdığı qlobal bazar üçün bu, kifayət qədər təsirli nailiyyətdir", - deyib.

Reytinqin tərtib edilməsi metodologiyası tədris və təhsil mühiti, elmi işin intensivliyi, əməkdaşların elmi məqalələrindən sitatgətirilmə, müəllim və tələbələrin beynəlxalq akademik mobillik səviyyəsinə yönəlmiş 13 indikatora əsaslanır.  Tədqiqat müəllifləri qeyd edirlər ki, nəticələrin obyektivliyi universitetlərin ekspertlərin sorğusu əsasında təqdim etdikləri məlumatların keyfiyyətinin açıq mənbələrdən əldə olunmuş informasiyanın keyfiyyəti ilə uzlaşması hesabına təmin edilir.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)