Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 11:14:00
“Tətil müddətinin uzadılması istisna olunmur, lakin...”- Sədr müavini  

 

Qısa zaman müddətində bir çox ölkələrdə müşahidə olunan koronovirus, Azərbaycana da təsirsiz ötüşməyib. Bu məqsədlə də bir sıra əsaslı tədbirlər görülür. Ötən günlərdə Təhsil Nazirliyinin qərarı ilə təhsil müəssisələrinin müvəqqəti şəkildə dayandırılması, gücləndirilmiş iş rejimi ilə bütün müəssisələrdə dezinfeksiya işlərinin aparılması buna bariz nümunədir.

 

Bununla əlaqədar əhalini maraqlandıran suallardan biri də tətil müddətinin uzadılma ehtimalı ilə bağlıdır:  Bəs, koronavirus təhlükəsi azalmayacağı təqdirdə tətil müddəti uzadıla bilərmi? 

 

Bu barədə AzEdu.az-a danışan təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov öncə korovirusun panika xarakterli olduğunu vurğulayıb:

 

“Hesab edirəm ki, bizdə koronovirusla bağlı vəziyyət real təhlükədən daha çox panika xarakteri daşıyır. Əhali arasında təşviş yaradılmasında bəzi kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin də rolu az deyil. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu koronavirusla bağlı yalan məlumatlar yayan sayt rəhbərinə xəbərdarlıq edib. Əlbəttə təhlükə ehtimalı varsa qabaqlayıcı tədbirlər qaçılmazdır ki, bu məsələ də istər Respublika rəhbərliyinin, istərsə də əlaqədar dövlət qurumlarının diqqət mərkəzindədir.

 

Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib. Belə ki, Təhsil Nazirliyi koronavirusla bağlı valideynlərə müraciət edib, orta məktəblərə müəyyən göstərişlər verilib, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin demək olar ki, yarısını təşkil edir. Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Məktəblərin profilaktik işlərlə bağlı müvəqqəti bağlanması başa çatdıqdan sonra müddətin yenidən uzadılması əlbəttə ki, istisna olunmur. Tətil müddətinin uzadılıb-uzadılmaması barədə konkret qərarın qəbul edilməsi martın 10-dan sonra hadisələrin hansı axarda cərəyan edəcəyindən asılı olan məsələdir. Hələ ki, əsas vəzifə ölkənin təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə daha həssas yanaşılması, tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən ibarətdir. Bir də ki, havaların getdikcə istiləşməsi virusun yayılma ehtimalını minimuma endirir. Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm. O ki, qaldı tətil günlərinin necə kompensasiya olunacağı məsələsinə, yəqin ki, bununla bağlı əlavə rəsmi məlumat veriləcək”.