Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 10:02:00
Koronovirus xaricdə təhsil şirkətləri və hazırlıq kurslarını da “vurub” -PROBLEM

 

 İlk olaraq Çinin Uhan şəhərində meydana gələn və dünyanın qorxu ilə izlədiyi koronavirusun sürətlə yayılması nəticəsində bütün ölkələrdə qabaqlayıcı tədbirlər görülür.

 

Artıq Azərbaycan da daxil olmaqla bir çox ölkədə məktəb və universitetlərdə tətil elan edilib.

 

Virusun öz əhatəsini genişləndirməsi və nəhayət, dərslərin ləğv edilməsi ölkədə fəaliyyət göstərən təhsil kursları və şirkətlərinin də iş prinsipinə təsir göstərir.

Maraqlıdır, görəsən, koronavirus özəl təhsil şirkətlərinin fəaliyyətində nə kimi problemlərə səbəb olub?

“Zirvə” kurslarının direktoru, təhsil eksperti Rahib İbrahimov AzEdu.az-ın sualını bu cür cavablandırıb:

 

“Koronavirusun, təbii ki, şirkətlərin təhsil planlarına təsiri var. Təhsil şirkətləri  özəl olduğu üçün bu problem orada  həm maddi, həm də digər istiqamətlərdə təsir göstərir. Bildiyimiz kimi, qabaqdan qəbul imtahanları gəlir, proqramın çatdırılması məsələsi var. İstər-istəməz dərs buraxılır, qəbul vaxtına qədər hər bir kursun, özəl təhsil şirkətinin bəlli bir proqramı var ki, həmin proqram üzrə dərslərini təşkil edir. Artıq bir həftə geri düşdüyümüz zaman müəyyən problemlər yaranacaq. Məhz ən əsas məsələlərdən birisi budur. Ümid edirik ki, DİM bunu nəzərə alar və  uşaqların proqramı tam mənimsəməsi və nəticələrinə təsir etməməsin deyə bu il ali məktəbə qəbul imtahanlarının vaxtında dəyişiklik edilər. Əgər elə bir hal olmadığı təqdirdə isə biz məcburuq ki, dərs saatlarını artırmaqla proqramı daha intensiv şəkildə tədris edək və arada qalan boşluq kompensasiya olsun.

 

Xaricdə təhsil ilə bağlı isə onu qeyd edə bilərik ki, hazırda xaricdə təhsil üçün müraciətlər mövsümü deyil, əsasən dünya universitetlərinə müraciət may ayından başlayır. Koronavirusun bu müraciətlərə təsir edib-etməyəcəyini biz o zaman müşahidə edə biləcəyik. Havalar istiləşəndən sonra isə, yəqin ki, virus öləcək. Məhz buna görə də bu məsələnin xaricdə təhsil şirkətlərinin fəaliyyətinə təsir edəcəyini düşünmürəm”.

 

CELT Colleges Xaricdə Təhsil Mərkəzinin əməkdaşı Teymur Yusifov isə qeyd edib ki, koronavirusla əlaqədar şirkətə müraciətlər azalıb:

 

“Koronavirusun yayılması təhsil şirkətlərinin fəaliyyətinə müəyyən qədər təsir göstərir. Təhsil şirkətimizə hazırda müraciətlər azalıb, xüsusilə koronavirusun yayıldığı İtaliyaya bu günlərdə əvvəlki aylara nisbətən daha az müraciətlər olur”.