Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 17:00:00
Koronovirusla döyüşərək imtahan verənlər, qızdırmanı ölçən DİM rəsmisi - REPORTAJ

Orta məktəb şagirdlərinin bizimlə ilk tanışlığıdır”

Bəli, DİM-in nümayəndəsinin də dediyi kimi o gün  orta məktəb şagirdlərinin DİM-lə ilk tanışlığı baş tutdu. Belə ki, 9-cu sinif orta təhsil bazasında həm kolleclərə qəbul, həm də buraxılış imtahanı keçirilib.

AzEdu.az kollektivi olaraq biz də imtahan prosesində iştirak etdik.

 153 nömrəli Bakı şəhər məktəbində keçirilən  imtahanın ümumi rəhbəri Elnur Qədirli  bizə məlumat verir. O qeyd edir ki, buraxılış imtahanında ümumilikdə 39966, bu binada isə 510 şagird iştirak edib.

“İmtahanda iştirak etməyən,  həmçinin, qadağan olunmuş vasitələrdən istifadə edən, köçürmə halları və digər qanunsuz səbəblərdən kənarlaşdırılan şagird yoxdur. Şagirdlər imtahan zallarına buraxılmamışdan əvvəl xüsusi qaydada yoxlanılır. Onların üstündə metal əşyalar, yazılı qeydlər edilmiş vasitələr götürülür. 

9-cu sinif şagirdləri ilə işləmək bizim üçün daha çətindir. Çünki onların bizimlə ilk tanışlığıdır. Dəfələrlə, sosial şəbəkələr, rəsmi və digər saytlar vasitəsilə imtahan qaydaları elan olunur,xatırlatma edilir. Lakin yenə də riayət etməyənlər tapılır. Məsələn, imtahana çanta, pulqabı, telefon gətirmək olmaz. Amma artıq bir neçə nəfər çanta ilə binaya daxil olub. Baxın, onların əşyaları burada stolların üstündə, pəncərənin qarşısındadır. Bu əşyalara görə biz heç bir məsuliyyət daşımırıq.

11-ci siniflərin buraxılış və qəbul imtahanlarında vəziyyət tamamilə fərqli olur. Onlar artıq qaydaları tam mənimsəyiblər, həm də daha sərbəst olurlar”.

Elə bu vaxt zal nəzarətçilərindən biri ümumi rəhbərə yaxınlaşır.  İmtahanda bir şagirdin özünü pis hiss etdiyini bildirib E. Qədirlidən onun qızdırmasını yoxlamağı xahiş edir:

Hər kəsin ağlına  2020-in “trend”inə çevrilən koronavirus gəlir. Burdakı məktəb nəzarətçilərindən biri  sanki bu sualı gözlərdən oxuyurmuş kimi inkar edir: -“yəqin ki, həyəcandandır, uşaqdır da baxma. Xəstə olmaz”.

  1. Qədirli bir neçə dəqiqədən sonra əlində xüsusi elektron cihaz, maskalar yenidən qayıdır. Şagirdin bədən tempraturunun normal -36.9 dərəcə olduğunu bildirir.

Ondan virus əleyhinə hansı tədbirləri görüldüyünü soruşuruq:

“Koronavirus təhlükəsini nəzərə alaraq, imtahan zallarına buraxılmamışdan əvvəl şagirdlərin yoxlanışı üçün xüsusi elektron qızdırmaölçən cihazlardan istifadə olunur.  Bu cihazlar Məleykə Abbaszadənin göstərişi ilə tender yolu ilə əldə olunub. İmtahan keçirilən bütün binalarda ümumi rəhbərə bu cihazlardan bir ədəd verilib. Biz şübhələndiyimiz, özünü halsız, xəstə hiss edən şagirdlərin tempraturunu yoxlayırıq.  Cihaz iki-üç saniyəyə bədən tempraturunu göstərir. Normadan çox olarsa, şagird imtahana buraxılmır.  Onlar 29 martda keçirilən əvvəlki ilin məzunları ilə birlikdə imtahanda iştirak edə bilərlər. Bununla yanaşı, bizə əlavə maskalar, lasyonlar, əlcəklər də verilib. Xəstə olan şagirdlərə maska paylayırıq”.

Elə bu zaman imtahandan ilk qəhrəman-35 nömrəli məktəbin şagirdi Xaqani Abdullayev çıxır. O heç də həyacanlı görünmür. Bizimlə imtahan təəssüratlarını bölüşür:

“Sınaqlarda dəfələrlər iştirak etdiyim üçün həyəcanım yox idi. Amma bu qədər çətin riyaziyyatı heç bir sınaqda görməmişəm.  6-7 aydır ki, hazırlaşdığım hal da suallarla  tanış deyiləm. Deyəsən, 10-11-ci sinif kitabından idi.  

Azərbaycan dili, ingilis dili yaxşı idi.  Çətinlik çəkmədim. Düzü, bu imtahanı o qədər  ciddiyə almıram,  nə də olsa, ikinci mərhələsi də var ( gülür). Həm də universitetə hazırlaşıram, onu daha həyəcanlı, önəmli hesab edirəm”.

Xaqaniyə uğurlar arzulayıb onunla sağollaşırıq. 

Saat 12-dən sonra artıq bir-bir, iki-iki şagirdlər binadan ayrılır. Onlar məktəbin qarşısında valideynləri, müəllimləri, bacı-qardaşları gözləyir.

“Dövlətin imtahanı dura-dura, bir müəllimin summativ qiymətinə güvənəcəm?”

Bunu  övladının yolunu gözləyən valideyn deyir. O qeyd edir ki, övladı genetik olaraq riyaziyyat, məntiq bilicisidir, buna görə də ona çox güvənir.

“Müəllimi summativ qiymətləndirmədən ona  riyaziyyatdan “4” qiyməti yazıb. Ona görə də bu imtahana prinsip olaraq yanaşır. Burda yüksək bal toplayaraq müəllimə özünü sübut edəcək.  Düzü, summativ qiymətləndirmə onu ruhdan salsa da, yaxşı olacağına inanır. Onun əmisi oğlu universitetə 695 balla qəbul olub, yəni riyaziyyat, məntiq genetikdir”.

52 nömrəli məktəbin şagirdi Hacıdadaşova Nəzrinə yaxınlaşırıq.  O, birinci sinifdən hazırlığa getsə də, yenə də riyaziyyatın qarşısında aciz qaldığını vurğulayıb.

“ Birinci sinifdən Azərbaycan dili, riyaziyyatdan hazırlığa gedirəm. İngilis dilindən isə iki ildir hazırlaşıram.   Riyaziyyatdan başqa digər fənləri yaxşı yazdım.   Riyaziyyatdan isə cəmi 5 suala cavab verə bildim. Tanış olmadığım suallar idi.

 Əlsində kurslarda keçirilən sınaqlarda iştirak etmişəm. Amma yenə də həyəcanlı idim. Bundan əlavə sınaqlar çox asan olur, bu isə çətindir.  

Uzun müddətdir hazırlığa getməyimin səbəbi valideynlərimin istəyidir. Məndən olsa oxumaram. Daha doğrusu, ibtidai sinif müəllimliyini sevirəm. Ona marağım var. Amma valideynlərim bunu istəmir. Deyirlər III qrupda həm fənnlər çətindir, həm bal yüksəkdir, həm də müəllimlik istəmirlər. Məni məcbur etdiklərinə görə ikinci qrupa hazırlaşıram”.

“Aylıq 210 manat hazırlığa pul verirəm”

İmtahan həyəcanın məktəbin qarşısında yaşayan valideynlərdən biri ilə söhbətləşirik. Gülşən Əliyeva (şərti ad) qeyd edir ki, yaxşı nəticə əldə etmək üçün dərsdən kənar hazırlıq çox vacibdir.

“ Əslində, oğlumla o qədər imtahanlara getmişəm ki, artıq adi hala çevrilib. Amma yenə də ona görə narahatam. İki ildir hazırlığa gedir, aylıq 210 hətta daha çox pul xərcləyirəm. Sinifdə şagird sayı çoxdur, müəllim hamısına çatdıra bilmir. Daha yaxşı nəticə əldə etmək üçün hazırlıq vacibdir”.

Şagirdlər, valideynlərlə söhbətlərdən belə başa düşdük ki, imtahan iştirakçıların əksəriyyəti hazırlıqlıdır. 

Saat ikiyə qalmış artıq imtahan otaqları boşalırdı. Şagirdləri isə bir kütlə qarşılayır, onları sorğu suala tuturdu: Necə yazdın? Sənə də ingilis dilindən “Şokaladlar” mətni düşüb? Bəs Azərbaycan dilində “Camal kişi” idi?  və s.

Cavablar isə təxmini eyni olurdu: “Riyaziyyatı yaza bilmədim,  çox çətin idi”.

Beləliklə, şəhər və rayonlarda ümumilikdə 87 imtahan binasında senari eyni vaxtda başlayıb, eyni vaxtda yekunlaşdı.