Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 16:46:19
Texniki Universitetdə yeni departament yaradılıb

Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi baş verib

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələrini bundan sonra daha geniş sferada həyata keçirmək mümkün olacaq.

Belə ki, AzTU-nun Elmi Şurasının qərarı ilə universitetin “Beynəlxalq Əlaqələr Şöbəsi” və “Xarici tələbələr üzrə dekanlıq”ın bazasında yeni struktur - “Beynəlxalq Əlaqələr Departamenti” yaradılıb.

AzTU-nun Beynəlxalq Əlaqələr Departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə 3 şöbədən – “Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, “Əcnəbi tələbələrin təhsili” və “Layihələr və mübadilə proqramları” şöbələrindən ibarət olan departamentin əsas misiyası AzTU-nu brend universitetə çevirməkdir. O, cümlədən , universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılması departamentin qarşısında məqsəd kimi qoyulub.

Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıqlara cəlbi, beynəlxalq əməkdaşlıqlar proqramlarının formalaşdırılması, tələbələrin xarici ölkələrdə təhsilinin, əməkdaşların isə təcrübəsinin təşkil edilməsi və xarici tələbələrin AzTU-ya cəlb olunması yeni yaradılan departamentin əsas vəzifələri olaraq müəyyən edilib. Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.

Qeyd edək ki, Azərbaycanın sürətli olaraq sənayeləşməsi texniki ali təhsil müəssisələri qarşısında böyük vəzifələr qoyub ki, bunlar da ilk növbədə ali təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki bazası ilə paralel olaraq beynəlxalq əlaqələrini gücləndirməkdən ibarətdir. Departamentin komanda fəaliyyəti artıq özünü göstərməkdədir. Belə ki, yaxın bir ay ərzində Türkiyənin, Qərbi Avropanın və Çinin bir neçə nüfuzlu universiteti ilə əməkdaşlığa nail olunub və xarici texnoparklarla mümkün əməkdaşlıqlar müzakirə edilir. Bununla yanaşı yeni sənaye və təhsil çağırışlarına cavab verə biləcək yerli təşkilatlarla da müzakirələrə başlanılıb.