Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 13:28:00
Kurikulumun müzakirələrindən nə kimi nəticələr hasil etdik...? -Nadir İsrafilov yazır

 

AzEdu.az  təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun yazısını təqdim edir:

 

Günah kurikulumdadır, yoxsa onu düzgün başa düşməməyimizdə...?

 

İlk olaraq məsələnin mahiyyətinə  müəyyən aydınlıq gəirmək üçün kiçik bir xatırlatma yerinə düşər ki,  təhsilimizin son 12 ilinin səngimək bilməyən, bir növ problem xarakteri alan yeniliklərindən  biri də mənşəyi ölü latın dilinə gedib çıxan, lüğəti mənası təxminən "yol", "istiqamət", “plan”,“proqram” anlamına gələn, bir termin olaraq nə rus, nə də azərbaycan dilində ekvivalenti olmayan, təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminologiya kimi daxil edilən, tətbiqindən artıq kifayət qədər müddət keçməsinə baxmayaraq  tam mənimsənilməsi bu günə qədər də nə şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratması iddia olunan  kurrikulum konseptual sənədidir.

 

 

Bir sıra müsbət cəhətləri etiraf olunsa da, narazılıq və narahatçılıq yaradan əsas arqumentlər bir çoxları tərəfindən əsasən onunla izah olunur ki,  “Kurikulum sənədində çatışmazlıqlar çoxdur; bu sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir”, “Kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazım idi”, “Diaqnostik, formativ, summativ qiymətləndirmələr və formal hesabatlar müəllimlərin vaxtını alır”, “Dərsliklər kurikulumun tələblərinə cavab vermir, müvafiq yeni  dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasına ehtiyac var” və s.

Halbuki, bu islahatların əsas məqsədi “cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməklə, təhsilin keyfiyyətini şərtləndirən amillərə,  ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması” zərurətinin yaranması ilə əlaqədar olub, və “dünya təhsil sisteminə inteqrasiya, informasiya əsrinin tələbləri,  təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması, mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsinə rəğmən, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin təmin olunmasına nail olmaq” idi.

Başqa sözlə, ənənəvi təhsil proqramının bilik yönümlü olmasından fərqli olaraq, müasir kurrikulumun şəxsiyyətyönümlü,  əvvəlki kimi müəllim yönümlü deyil, şagird yönümlü,  fənyönümlü deyil, nəticə yönümlü, təklif yönümlü deyil, tələb yönümlü olması, ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqənin məqsədyönlü və sistemli xarakter daşımaması, müasir kurrikulumda isə inteqrativliyin əsas prinsip kimi qəbul olunması və digər bu kimi fərqləndirici  xüsusiyyətlər öz əksini tapmışdı.

Ən başlıcası isə, hələ Azərbaycan Respublikası Prezidentinin 10 mart, 1998-ci il tarixli, Sərəncamı ilə yaradılmış, Dövlət Komissiyası tərəfindən hazırlanmış,  ölkə başçısının 15 iyun, 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” nda  gözlənilən nətıcə kimi birmənalı şəkildə qeyd edilirdi ki, təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasinda qurulacaq. ”Təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətininin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.

 

Beləliklə, Kurikulum - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual  sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunmuş və konseptual xarakterli çərçivə sənədinə müvafiq olaraq, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” qüvvəyə minmişdi.

 

İlk narazılıqlar əsasən bir şoxları tərəfindən sözün kifayət qədər anlaşmazlığından irəli gəlirdi ki, bunun da nəticəsi o oldu ki,  “Kurikulum” sözü leksikonumuza gətirilən gündən onun ətrafında söz-söhbət səngimək bilmədı, əksinə, gün-gündən artmaqda davam etdi. Nə yaxşı ki, bu sənəd  heç olmasa "Təhsil haqqında Qanun"da elə əvvəlki adı ilə - Təhsil proqramı kimi vurğulandı. Halbuki, yaranan yerli,  yersiz söz-söhbətə birdəfəlik son qoymaq üçün, milli sözümüz olan“Təhsil proqram” nı deyil, əcnəbi sözü olan “kurikulum”u mötərizəyə alıb, alışdığımız proqram sözünü əvvələ keçirmək olardı, baxmayaraq ki, bu məzmunda heç bir dəyişikliyə səbəb olmurdu, bununla belə əcnəbi sözünün Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunması istər-istəməz kimlərdəsə qıcıq oyada biləcəyi ehtimalı nəzərə alınmalı idi.

 

Kurikulumla bağlı növbəti müzakirələrə, polemika və debatlara ötən il yeni modelə uyğun ali məktəblərə qəbul formatının dəyişməsi nəticəsində 700 ballıq nəticə göstərənlərin sayını sıfıra bərabər olması zəmin yaratdı.  2018-ci ildə 29 nəfər 700 bal toplasa da, ötən il ən yuxarı nəticənin olmaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bir qisim kurikulum sistemini, digər qisim yeni qəbul formatını günahlandırdı. 700 bal məsələsi ətrafında kifayət qədər ajiotaj yaradıldı. Bir çoxları bunu kurikulumun tətbiqinin uğursuzluğu kimi dəyərləndirdi. Halbuki, kurikulumun məqsədi heç də ümumtəhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoymayıb və təhsilə dair digər hüquqi-normativ sənədlərdə də belə bir zərurət tələbli məcburi göstəriş yoxdur. “Məktəbin vəzifəsi Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi ilə müəyyənləşdirilir.”

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmış  “Ümumi təhsil pilləsinin Dövlət standartı və proqramları  (kurikulumları)” ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müyyən edirsə, biz təhsilimizdə bilik faktorunu  əsas götürərək məktəblərimizin fəaliyyətini yalnız bilik  faktoru ilə - neçə məzunun ali məktəbə qəbul olunması, kimin neçə bal toplaması ilə ölçürük. Halbuki, kurikulumun vəzifəsi təkcə “kosmonavt” hazırlamaqdan ibarət olmayıb, şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Heç də əbəs yerə deyil ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət kimi nəzərdə tutulmuşdur.

 

Hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. “Kurikulum özünü doğrultmadı ifadəsi” heç də o anlama gəlmir ki, Nazirlər Kabinetinin 2006-cı il oktyabrın 30-dakı 233 nömrəli qərarı ilə təsdiqlənən Azərbaycanda Ümumi Təhsilin Konsepsiyasından və konseptual xarakterli çərçivə sənədi əsasında hazırlanan və Nazirlər Kabinetinin 2009-cu il yanvarın 13-dəki 9 nömrəli qərarı ilə təsdiq edilənən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”ndan və qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmış  “Ümumi təhsil pilləsinin Dövlət standartı və proqramları  (kurikulumları)”-ndan imtina etməliyik.

 

Vəziyyətin optimal hala salınması,  sistemin daha da təkmilləşdirilməsi və yeniləşməsi üçün istər Təhsil Nazirliyi, istərsə də DİM müvafiq və davamlı işlər görür. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarda, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsində edilən mütamadi dəyişikliklərin, buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə keçidin bilavasitə şahidi oluruq. Buna görə də söhbət kurikulumun ləğvindən deyil, yalnız təkmilləşdirilməsindən və pedaqoji kadr hazırlığına diqqətin artırılmasından gedə bilər.

 

Onu da qeyd etmək məqsədəuyğun sayıla bilər ki,  kurikuluma keçiddə tələskənliyə yol verməyimizi təkcə ekspertlər müəllimlər valideynlər, media nümayəndələri deyil, Təhsil Nazirliyinin və DİM-in ən yüksək vəzifəli rəsmiləri də zaman-zaman etiraf ediblər: “Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq.” (Mikayıl Cabbarov) ; “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.” (Məleykə Abbaszadə)”

Bir də ki, başlıca yanlışlıqlar əsasən müəllimlərin bu sistemin tələblərini lazımınca tətbiq edə bilməməsi ilə əlaqələndirilirdi. Halbuki, problemin kökü ondan qaynaqlanırdı ki, biz gərək ilk növbədə paralel olaraq ali məktəblərdə də bu konseptual çərçivə sənədinin məzmunu və mahiyyətinə uyğun pedaqoji kadr hazırlığını həyata keçirərdik, hazırlıq işləri başa çatdıqdan sonra onun orta məktəblərdə tətbiqinə başlayardıq. Nəzərə alsaq ki, Bu gün ümumi təhsil pilləsində işləyən 150 mindən artıq müəllimin ən azı 50%-i islahat illərində işə qəbul olunub, təxminən  20%- i son 3 ildə  fəaliyyətə başlayıb.  Heç olmasa, bundan sonra tətbiq edəcəyimiz yeni sistemlərə uyğun kadr hazırlığının həyata keçirilməsində bir az diqqətli olaq...

İstənilən halda təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir... Bunun üçün isə ilk növbədə “mentalitet” adlandırdığımız düşüncəmizdə korrektə işləri aparılmalıdır...