Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 10:00:00
Məktəblərin bağlanması şagirdlərin işini necə çətinləşdirəcək?- Təhlil

 

 

“Novruz bayramından sonra hadisələrin hansı axarda çərəyan edəcəyinə, nələrin baş verəcəyinə təminatımız yoxdur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

O, koronavirus təhlükəsinin təhsil müəssisələrində yarada biləcəyi mənfi hallardan söz açıb.

 

“Azərbaycanda koronavirusla bağlı real təhlükə olmamasına baxmayaraq, paytaxtda və bəzi bölgələrdə xüsusən də son həftələr qonşu ölkələrdə epidemiyanın aşkarlanması  ilə bağlı müxtəlif şayiələrin yayılması insanlarda təşviş yaradıb.

İstər dünya təcrübəsində, istərsə də respublikamızda müəyyən fövqəladə vəziyyətlərlə bağlı belə təhsil müəssisələrinin bağlanması istisna olunmurdu.  Bir sıra ölkələr koronavirus təhlükəsi ilə bağlı artıq belə addımı atıb”.

 

Təhsil eksperti bir həftəlik müvəqqəti tətildən sonra da məktəblərin virusdan qorunması üçün təkliflərlə çıxış edib:

 

“Biz indi məktəbləri bağladıq, lakin Novruz bayramından sonra hadisələrin hansı axarda çərəyan edəcəyinə, nələrin baş verəcəyinə təminatımız varmı? Bu məsələni ilk növbədə ali məktəblərdən başlamaq lazımdır. Ölkəmizdə xeyli sayda xarici tələbə var və ayrı-ayrı universitetlərimiz xarici ölkələrlə müəyyən əməkdaşlıq mübadilələri həyata keçirirlər. Məktəblərin bağlanması düşündüyümüz qədər sadə məsələ deyil. Bu proses hər şeydən əvvəl şagirdlərin  ağır olan dərs yükünü bir az da ağırlaşdıra bilər. Orta ümumtəhsil məktəblərimizdə normal davamiyyəti təmin etmək üçün profilaktik maarifləndirmə işləri və digər zəruri sayıla biləcək müvafiq tədbirlər həyata keçirilməlidir. Bu barədə də Təhsil Nazirliyinin rəsmiləri koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müəyyən tapşırıq veriblər ki, bu da əsasən ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə daha həssas yanaşılması, tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən ibarətdir”.

 Nadir İsrafilov valideynləri ehtiyatlı olmağa çağırıb:

 “Nəzərə almaq lazımdır ki, məktəblə yanaşı valideynlərdən də çox şey asılıdır. Vəziyyətin kəskinləşməsinin qarşısının kəsilməsi, daha gərgin xarakter almaması məqsədilə yaxşı olar ki, valideynlər övladlarında hər hansı narahatlıq hiss etdikdə, halsızlıq, xəstəlik əlamətləri gördükdə ev şəraitində və ambulator müayinə altında saxlasınlar.  Təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchizatına diqqət yetirməli, ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlər məhdudlaşdırılmalıdır.  Bir də ki, bu kimi məsələlərin həlli əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyindən asılıdır. Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarına əsasında həyata keçirilir.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları