Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 12:03:00
İsrail səfiri Bakı Ali Neft Məktəbində - Fotolar

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Modern.az-ın  məlumatına görə, görüş zamanı İsrail şirkətləri və ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Rektor Elmar Qasımov bildirib ki, Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və təhsil sahəsində də əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir. Görüşdə nümayəndə heyətinə Bakı Ali Neft Məktəbi barədə ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, Ali Məktəbdə yüksək intellektual potensila malik, savadlı gənclər təhsil alır və onlar məzun olduqdan sonra 100 faizlik işlə təmin olunurlar.

BANM-də texniki ixtisaslarla yanaşı, texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor, bu ixtisaslar üzrə yeni proqramların reallaşdırılmasının və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. E.Qasımov bu baxımdan, İsrail universitetləri ilə təcrübə mübadiləsinin aparılması və birgə innovativ tədqiqat mərkəzlərinin yaradılmasında maraqlı olduğunu bildirib.

Səfir Corc Dik isə öz vöbəsində qeyd edib ki, Azərbaycan İsrail üçün vacib tərəfdaşdır.

Ali Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən səfir İsraillə təhsil sahəsində əlaqələrin inkişafından danışaraq bu istiqamətdə əməkdaşlığın daha inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, o İsrail şirkət və ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulmasına dəstək göstərəcəyini bildirib.

Daha sonra qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olublar.