Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-01 14:21:00
UFAZ nümayəndələri Fizika İnstitutunda  

Fransanın Strasburq Universitetinin professoru Filippe Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin və UFAZ-ın direktoru Vazeh Əsgərov Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda olublar .

 

Qonaqlar institutun direktoru, akademik Nazim Məmmədovla görüşüb, Fizika İnstitutu ilə ətraflı  tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

V.Əsgərov UFAZ-ın  2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradıldığını,  universitetin 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərdiyini və burada  4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirildiyini bildirib. Vurğulayıb ki, layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rəhbərlik edir.

          

N.Məmmədov  institutun əsas fəaliyyət istiqamətlərinin  kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki- texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası, həmçinin energetikanın fiziki-texniki problemləri olduğunu vurğulayıb.

 

O, burada aparılan tədqiqatlardan, institutun beynəlxalq əlaqələrindən və  gələcəkdə əməkdaşlığın mümkünlüyündən bəhs edib.

         

Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar.