Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 16:42:00
Məktəblərdə İKT şəraitinin zəif olması nələrin qarşısını alır?

Müəllimlər tez-tez informasiya texnologiyaları əsrində olduğumuzu xatırladır, məktəblərdə lazımi İKT mühitinin yoxluğundan şikayətlənirlər. Bəs məktəblərdə İKT şəraiti olsaydı, müəllimlər hansı fərqli ideyaları həyata keçirərdilər?

 “Kompüter üçün ayrıca otaqlar da nəzərdə tutulmayıb”.

AzEdu.az -a  danışan Astara rayonu Qapıçıməhəllə kənd məktəbinin müəllimi Həbib Əlizadə İKT mühitinin zəifliyini ümumtəhsil müəssisəsinin doqquzillik olması və şagird azlığı ilə əlaqələndirib: “Şagird az olduğuna görə, yeni tikilən modul tipli məktəb də kiçikdir. Buna görə, kompüter üçün ayrıca otaqlar da nəzərdə tutulmayıb. Amma məktəbə  notbuklar verilib. Üstəlik bir tanışım proyektor hədiyyə edib. Yəni məktəbdə internet və kompüterə çıxış olsa da, ağıllı lövhə yoxdur. Olsa, dərsləri daha interaktiv etmək olar. 

Bu problem əksər məktəblərdə yaşanır. Amma əsas məsələ müəllimlərin İKT bacarıqlarının zəif olmasındadır. Ofis proqramlarını belə bilmirlər. Buna baxmayaraq, əlimizdəki şəraitlə də bir sıra layihələr həyata keçirmişik. Məsələn, robototexnika üzrə yay məktəbi təşkil etdik. Təhsil Nazirliyi bunun üçün 400 manat civarında maliyyə ayırdı. Əslində isə 10-15 minə qədər maliyyə çıxa bilərdi. Maliyyəyə qənaət etmək üçün rayon məktəblərindən artıq notbuklar istədik. Bu yolla xərclərimizi minimallaşdırdıq. Pul yalnız aldığımız robototexnika avadanlığına xərcləndi. 4 şagirdimiz Azərbaycan Britaniya Məktəbindəki sərgidə yer tutdu. Vacib İKT şəraiti olsa, belə layihələrin də sayı çox olar”.

 

“Hər şagirdə kompüter düşmür”

 

Şuşa rayon 17 saylı məktəbin müəllimi Səməd Həsənov isə İKT imkanlarının tədrisin keyfiyyətini yüksəltmək üçün əsas rol oynadığını vurğulayıb: “Belə olsa, şagird biliyinə daha çox önəm verirlər. Gərək şagird izah ediləni həm də görsün. Bunun üçün  proyektora ehtiyac var. Məktəbdə İKT mühiti olsa da, gənc nəsil yaşlı müəllimlərdən daha fəaldırlar. Özümü misal çəkim, gənc müəllimlər məni çox qabaqlayıblar. Bizim dövrdə də İKT olsaydı, daha çox irəliləyərdik. Məktəbimizdə bir qədər İKT şəraiti olsa da, heç də hər şagirdə kompüter düşmür”. 

 

“Həftədə bir dəfə əcnəbi məktəblərlə onlayn əlaqə yaradardım”.

Laçın rayon Taxtakörpü kənd məktəbinin müəllimi Şəbnəm Cəbrayıl bildirib ki, çalışdığı məktəbdə İKT olsaydı, öncə ondan düzgün istifadə metodlarını şagirdləri ilə paylaşardı: “Dünya təhsil sisteminə inteqrasiyanın bununla birbaşa əlaqəli olduğunu düşünürəm. Dərsdə kompüterdən istifadə şagirddə öyrənməyə həvəs yaradır. Bilirsiniz, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Təsəvvür edin, şagird böyük ekrandan kimyəvi birləşmələri, "native speaker"lərin söhbətlərini  və ya oxuduğu əsər haqqındakı filmi izləyir. Bu, qavramanın 60 %-i hesab oluna bilər. Məktəbdə istədiyim İKT şəraiti olsaydı, twinning etmək, həftədə bir dəfə əcnəbi ölkələrdəki məktəblərlə onlayn əlaqə yaratmaq, dil bacarıqlarını inkişaf etdirmək istərdim. Məktəbimizdə elektron lövhə, səsgücləndirici, kompüter otaqları var. Amma kompüterlər köhnə model olduğına görə, kamerasızdır”.

“Dərsləri əməkdaşlıq şəklində keçmək olar”

 

Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin müəllimi Posu Mansırlı isə bildirib ki, bölgələrdəki orta təhsil müəssisələrində lazımlı İKT şəraiti qurulmadığına görə, dərslərin yeni metodlarla tədrisi çətinləşir: “Məsələn, coğrafiyadakı əksər mövzuların motivasiya mərhələsində videoçarxlardan istifadə olunmalıdır ki, şagirddə mövzuya dair anlayış yaradılsın.  Əsas vəsaitlər olmadığı üçün bu mərhələni tam təşkil edə bilmirik. İnternetin olmaması dərsdə əlavə məlumatları əldə etməyə çətinlik yaradır. Bundan əlavə, lazımı şərait olsa, dərsdə təcrübələrin bölüşdürülməsi üçün digər məktəblərlə, təcrübəli müəllimlərlə onlayn əlaqə yaradıb dərsləri əməkdaşlıq şəklində keçmək olar”.(TED.az)