Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 15:19:00
Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bankla əməkdaşlığa dair memorandum imzalayıb. PAŞA Bank və BANM arasında müasir təhsil (elm) proqramlarının həyata keçirilməsi sahəsində birgə əməkdaşlıq, tələbələrin Bankda təcrübə keçməsi tərəflər arasında əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən olunub.

AzEdu.az xəbər verir ki, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov imzalayıblar.

İmzalama mərasimində Bakı Ali Neft Məktəbinin və Paşa Bankın müxtəlif şöbələrinin rəhbərləri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi və İnformasiya Təhlükəsizliyi ixtisaslarının tələbələri iştirak edib.

Rektor Elmar Qasımov Paşa Bankla əməkdaşlıqdan məmnunluğunu bildirərək, tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyini qeyd edib. O, kadr potensialının gücləndiriməsi və xaricə beyin axının qarşısını almaq üçün ali təhsil müəssisələrində, eləcə də yerli şirkətlərdə effektiv biznes mühitinin yaradılmasının zəruriliyini vurğulayıb.   

Ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışan Cəlal Orucov Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib. Bank nümayəndəsi bu istiqamətdə BANM-lə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonda tələbələri təcrübə və iş imkanları ilə bağlı maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən sonra Paşa Bankın nümayəndələri BANM-in kampusu ilə tanış olublar.

Qeyd edək ki, tərəflər birgə layihələrin həyata keçirilməsi sahəsində uğurlu təcrübəyə malikdir. Belə ki, Bakı Ali Neft Məktəbinin bir neçə tələbəsi Bankda uğurla təcrübə keçərək, işlə təmin olunublar.