Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 10:40:00
Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində olublar

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində (MDU) olublar.

AzEdu.az-ın məlumatına görə, Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetdə həyata keçirilən kadr hazırlığının istiqamətləri, ali təhsil ocağının tarixi və mövcud akademik potensialı, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində reallaşdırılan tədbirlər, sürətlə dəyişən və qloballaşan əmək bazarının tələblərinə əsaslanan strateji məqsədlər barədə məlumat verib.

MDU-nu paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevirməyi hədəflədiklərini bildirən Ş.Bayramov milli ali təhsilimizin inkişafı və Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin yaratdığı imkanlardan MDU-nun da faydalanmasına çalışdıqlarını qeyd edib. Layihənin Azərbaycan ali təhsilinə verəcəyi töhfələrdən bəhs edən rektor regionda yerləşən universitetlərin inkişaf xüsusiyyətləri ilə tanış olmaq baxımından layihə rəhbərlərinin MDU-ya səfərini yüksək qiymətləndirib.

MDU-da olmaqdan məmnunluğunu bildirən Tvinninq layihəsinin Fransadan olan rəhbəri Bruno Kurval ölkəmizdə ali təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə olunan uğurlardan danışıb. Layihə çərçivəsində görülən işlər barədə məlumat verən B.Kurval hazırlanan pilot təhsil proqramları və səriştəyə əsaslanan ali təhsildən gözləntilərdən bəhs edib.

Layihənin Litvadan olan rəhbəri Giedrius Viliunas hazırda Avropa ölkələrində də ali təhsilin məzmununda islahatların davam etdiyini və bu prosesdə universitet – sənaye əməkdaşlığının həlledici rola malik olduğunu diqqətə çatdırıb. G.Viliunas tələbəyönümlü təhsil yanaşmasının tətbiqi ilə Azərbaycan ali təhsilinin məzmununun əhəmiyyətli dərəcədə inkişaf edəcəyinə əminliyini bildirib.

Layihənin Latviyadan olan rəhbəri Baiba Ramina Azərbaycan universitetlərində akademik potensialın gücləndirilməsi və inzibati heyət üzvlərinin bacarıqlarının inkişafı sahəsində görülən işləri xüsusi vurğulayıb. B.Ramina MDU-da strateji hədəflərə çatmaq yolunda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və bu istiqamətdə müvafiq ekspert dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Rezident tvinninq müşaviri Elizaveta Baydanova layihənin əsas məqsədləri, layihə çərçivəsində son iki il ərzində görülmüş işlər, seçilmiş pilot proqramlar və pilot ali təhsil müəssisələri barədə ətraflı məlumat verib. Layihənin Azərbaycandan olan rəhbərinin MDU-da fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayan L.Baydanova region ali təhsil müəssisələri ilə tanışlıq baxımından bu səfərə böyük önəm verdiklərini bildirib.

Sonra qonaqlar MDU-nun professor-müəllim heyəti və inzibati heyətin üzvləri ilə görüşüblər. Layihə haqqında ətraflı məlumatın verildiyi görüşdə Avropa Ali Təhsil Məkanı, Avropa Kredit Transfer Sistemi, keyfiyyətin təminatı, kreditlərin tanınması, səriştəyə əsaslanan təhsil proqramlarının məzmunu, tələbəyönümlü təhsil yanaşmasının xüsusiyyətləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçılarının çoxsaylı sualları layihə rəhbərləri tərəfindən cavablandırılıb.

Daha sonra layihə rəhbərlərinin MDU-nun tələbə və magistrantları ilə görüşü keçirilib. Ali təhsilin məqsədləri, əmək bazarına hazırlıq, xaricdə təhsil, müəllim-tələbə münasibətləri və digər mövzular üzrə suallara tələbələr tərəfindən verilən cavablar avropalı qonaqlarda xoş təəssüratlar yaradıb.

Qeyd edilib ki, 2018-ci ilin aprelindən başlayaraq reallaşdırılan Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanda ali təhsili səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir.