Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 13:30:00
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə üzv şirkətlər üçün görüş təşkil edib

Fevralın 28-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” mövzusunda görüş təşkil etdi. Tədbirdə səfirliklərin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak ediblər.

AzEdu.az xəbər verir ki, görüş CCIAF-ın idarəedici direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqi ilə başlanıb. Sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi tədbirlərin təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Sonra Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki son islahatlar, təhsilin modernləşdirilməsi üçün müəyyənləşdirilən strategiya və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib. O, uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə dövlət institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev də çıxış ediblər. Onlar universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat veriblər.

Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam edib. Xatırladaq ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir. Palatanın əsas məqsədi iki ölkə arasında iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Bununla yanaşı, üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.