Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 15:00:00
"Məktəbdə şagirdlərlə dovğa, qutab bişirən müəllimə…" - MÜSAHİBƏ “Kənd müəllimi”

Kənd müəllimi rubrikasının bu dəfəki qonağı Xızı rayonu Türkoba kəndinin ümumi orta məktəbinin texnologiya müəllimi Saray Yəhyazadədir. O, 1993-cü ildə Göyçay rayonunda anadan olub.

- Təhsiliniz, Xızının Türkoba kəndinə necə gəldiyiniz barədə danışardınız.

- 2012-ci ildə ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinə daxil olmuşam. 2016-cı ildə oranı texnologiya müəllimliyi ixtisası üzrə bitirmişəm. 2017-ci ildə Müəllimlərin işə qəbul imtahanında iştirak edərək Türkoba kənd məktəbinə daxil oldum. Elə o vaxtdan bu kənddə müəlliməlik edirəm.

- Göyçaylı qız Xızıda. Adətən bəzi ailələr qızlarının başqa yerdə işləməsini istəmir. Bir növ gözünün qabağında olmağını istəyir.

- Haqlısınız, belə hallar çox olur. Düzdü, son zamanlar bu cür düşüncə yavaş-yavaş itməyə başlayıb. Sırf mənə gəldikdə isə tələbəlik illərim də Gəncədə keçib. Yəni, azad, öz ayağımın üstündə durmağı, məişət qayğılarımı həll etməyi o vaxtdan bilirəm. Ona görə də tələbəlikdən sonra müəlliməlik həyatı mənə hər hansı çətinlik yaratmadı. Əksinə, ailəm bu baxımdan mənə həmişə dəstək olub. Eləcə də Xızıya müəllim kimi qəbul olarkən eyni dəstəyi göstərdilər. Düşünürəm ki, ailələr bu cür məsələlərdə qızlarına qarşı çıxmaq əvəzinə dəstək olsalar, onlara mane olmasalar bizim xanımlar daha çox şeyə nail olar. Eyni zamanda təkcə özü üçün deyil, cəmiyyət üçün də nələrsə edə bilərlər.

- Bildiyim qədər kənddə işləməyinə baxmayaraq Xızıda deyil, Sumqayıt şəhərində yaşayırsınız. Kənd həyatı qorxudur sizi, yoxsa ayrı səbəblər var? Istənilən halda Sumqayıtdan kəndə gedib-gəlmək çətin olar.

- Kənd həyatı qorxutduğuna görə deyil. Sumqayıtda qohumlarım yaşayır. Buna görə orada yaşayıram. Həmçinin, Sumqayıt çox sakit və gözəl şəhərdi. Eyni zamanda Xızıya ən yaxın şəhər Sumqayıtdır. Düzdü, səhər getmək baxımdan problem var. Çünki səhərlər kəndə marşrut işləmir. Adətən yol maşınlarından istifadə edərək gedirəm. Daha sonrasa müəllim yoldaşlarla taksi tutaraq kəndə-məktəbə gedirik. Bir qədər yollar adamı yorsa da, eybi yox, buna dəyər.

- Rayon mərkəzinə uzaq kəndlərə qəbul olunan müəllimlərə əlavə müavinət verilir?

- Bəli, o müavinətdən mən də yararlanıram. Düzdü, texnologiya fənninin saatları az olur, amma kənd müəllimi olduğuma görə dövlət maaşdan əlavə 140 manat da verir.

- Kənd camaatı necədir?

 - Çox mehriban və dürüst insanlardı. Indiyə kimi hər hansı problemlə üzləşməmişəm. Çox gözəl, qarşılıqlı anlaşmağımız var.

 Axıska türklərinin saldığı "qaçqın kənd”

- işlədiyiniz kənd haqqında danışardınız. Kənd bir növ "qaçqın kənd”i adlanır..

- Elədir. 1988-ci ildə Özbəksitanda baş verən qırğınlar zamanı axıska türkləri Azərbaycana pənah gətirdi. Onların bir hissəsini isə burada məskunlaşdırdılar. Əvvəllər onların sayı burada çox olub. Sonra bir hissəsi Türkiyənin Bursa şəhərinə köçüb. Bir hissəsi isə Azərbaycanın digər şəhərlərinə. Amma yenə kənddə bir çox axıska türkü aillələri yaşamaqdadır. Deyilənə görə onlar məskunlaşdıqdan sonra yeni salınmış kəndə elə türklərə görə Bəxtiyar Vahabzadə "Türkoba” adını verib. Elə o vaxtdan da Türkoba kimi adlandı, sənədləşdi.

- Həmin ailələrin uaqları da məktəbdə şagirddir. Bu hansısa fərqlər, çətinlik yaratmır?

- Eyni millətik, nəsə ayrı bir fərq hiss etmmişəm. Azərbaycanlılarla necə, onlarla da elə. Əksinə, həmin fərqlər də tam itib. Bir-birinə qaynayıb, qarışıblar.

- Bəs, digər şagirdlər? Şagirdlərlə aranız necədir? Fənninizi sevdirə bilirsiniz?

- Açığı, bunu şagirdlərdən soruşsanız daha yaxşı olar. Mənim deməyim təvazökarlıqdan uzaq çıxar. Bacardığım qədər onlarda maraq oyatmağa çalışıram. Məncə nail olmuşam. Tədrislə yanaşı uşaqlarla dil tapmağa çalışıram. Məncə bu da önəmlidir. Uşaqlarla işləmək mənə zövq verir.

- Nə vaxta kimi Türkobada çalışmağı düşünürsünüz?

- Bunu zamana buraxmaq istərdim. Həm gələcək planlardan, həm şəxsi həyatdan aslıdır. Ailə həyatı baxımdan hər hansı dəyişiklik olarsa bu barədə düşünərəm.

- Adətən gəlmə xanım müəllimələrə yerli ailələr tərəfindən elçi düşənlər çox olur.

- Bəli, ara-sıra olur bunlar...

- Texnologiya fənnini tədris edirsiniz. Insanlar əsas fənn və digər fənlər adlı bölünmə edir. Belə yanaşma sizi narahat etmir?

- Hər fənnin öz saatı, keçmə metodu var. Düzünü desəm, bunu o qədər də düşünmürəm. Əksinə, düşünməklə yalnız özümə narahatçılıq yaradaram. Texnogiya bir insanın ayaqda qalmasını, öz qayğılarını tək həll etməyi öyrədirsə nəyi pisdir? Ona görə də seçdiyim ixtisasa görə narazı deyiləm.

- Xızı rayonu cənub regionu kimi müəyyən qədər mühafizəkar yerdir. Erkən nikah, qız uşaqlarının məktəbdən yayınma halları və.s. bu kimi hallara qarşı bir müəllim kimi nələr edirsiniz?

- Buna görə də təhsil önəmlidir. Qızlara təhsilin önəmindən, onlara öz ayağı üstündə durmağı aşılayırıq. Açığı, bizim məktəbdə qız uşaqlarının məktəbdən yayınma halı yoxdur. Bu da məktəbə olan inam, etibar, həmçinin daha düzgün apardığımız söhbətləşmələrin nəticəsidir.

- Müəllim kollektiviniz 3-4 nəfərdən başqa demək olar hamısı 35 yaşdan aşağıdır. Hətta direktorunuz da. Gənc kollektivlə işləmək daha rahat olar.

- Elədir. Daha energetik kollektivimiz var. Məktəbimizi gənc məktəb adlandırmaq olar. Həm eyni dövrün təhsilini görmüş heyət, həm də gənclik. Çox mehribanlıq yaranır və anlaşma daha rahatdır.

Dovğa, qutab bişiririk

- Məktəbdə dovğa, qutab və digər yeməkləri bişirirsiniz. Maraqlıdır. Bəlkə məktəbdə yemək bişirərkən məni də qonaq edəsiniz? Yeməyin dadı olmasa söz verirəm, kimsəyə deməyəcəm.

- Uşaqlarda texnologiyaya maraq oyatmaq, onlara kulinariyanı da aşılamaq, bir növ öz ayağı üstündə qalmağı öyrətməkçün tədrisin izn verdiyi formada yararlanıram. Şagirdlərimlə qutab bişiririk, dovğa hazırlayırıq və.s Məncə dadı da əla alınır. Istədiyiniz vaxt qonaq ola bilərsiniz. Şagirdlərimin və özümün əl işinə güvənirəm.

Bəzi rayonlarda müəllimlər şikayətlənir ki, təhsil şöbəsi onlardan rüşvət istəyir. Müxtəlif adla pul yığır. Belə halla rastlaşmısınız?

- Açığını desəm, belə halla indiyə kimi üzləşməmişəm. Nə mən təklif etmişəm, nə də məndən istəyən olub.

- Qorxmayın, alıblarsa mənə deyin, heç kimə deməyəcəm. Uzaq başı qəzetdə dərc olunacaq.

- Belə hal olsa birinci sizə deyəcəm(gülür)