Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 15:46:00
Ölkəni ABŞ-da təmsil edəcək şagirdlərimiz –“Yerə oxşayan planet kəşf etmək fikrimiz var”

 

Intel ISEF müsabiqəsi Intel korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir.

Müsabiqə imkan verir ki, ölkəmizin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndisliyin yüksək inkişafı təmin edilsin.

Azərbaycan bu tədbirə 2011-ci ildə qatılıb, 2012-ci ildən isə iştirak hüququ qazanıb.

İntel İSEF-in 2020-ci il üzrə final mərhələri bu ilin 10-15 may tarixində Amerikada keçiriləcək.

Müsabiqənin final mərhələsinə seçilən şagirdlər təəssüratlarını   AzEdu.az-la bölüşüblər.

7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Emil Rüstəmli  “Sabahın Alimləri” ində iki dəfə iştirak edib və nəticə olaraq İntel İSEF müsabiqəsinə seçilib:

“Sabahın Alimləri” müsabiqəsinə komanda yoldaşımla bərabər qatıldım.  İlk təqdim etdiyimiz layihə “Həndəsi silsilənin həndəsi modeli”   Yer kürəsinə bənzər planetin kəşfi ilə bağlı idi. Bu planet bizə dünyamızdan əlavə  ikinci bir həyat mənbəyi olacaqdı. Lakin bu planeti rahat şəkildə kəşf etməyimiz üçün bizə teleskop lazım idi. İkinci layihəmiz olan “Fraktal nəzəriyyənin kompüter qrafikasına tətbiqi” isə teleskopu düzgün şəkildə idarə etmək üçün lazım olan proqramın hazırlanması istiqamətində təşkil edildi.  Bu proqram olduqca mürəkkəb quruluşa malik idi. Onun yaddaş tutumunu genişləndirmək üçün  fraktal nəzəriyyəsini kompüter qrafikasına tətbiq etdik.  Bu tətbiq sayəsində az yerdən istifadə edərək güclü tutumu olan proqramı yerləşdirmək mümkün olacaqdı. Bu layihəni işləyərkən bizə ADA Universitetinin müəllim Samir Rüstəmov yardımçı oldu.  “Sabahın Alimləri” müsabiqəsində keçənilki layihəmizlə ikinci, bu il təqdim etdiyim layihə ilə isə birinci yeri qazandıq. Mayın 10-15-i tarixlərində Azərbaycanı riyaziyyat naminasiyası üzrə  İntel İSEF-də təmsil edəcəyik”.

Emil Rüstəmli layihənin hədəflərindən söz açıb:

 “Düşünürəm ki, daha çox çalışmaq lazımdır.  İntel İSEF-də Azərbaycan bayrağını qaldırıb, əsas medalın sahibi olmaq istəyirik. Müəllimlərimizlə may ayının sonuna kimi  sıx əlaqə saxlayacayıq. “Sabahın Alimləri” rəhbərliyinin nəzarətidə daim üzərimdədir.

 İntel İSEF-də verilən qiymətləndirmə meyyarları ilə “Sabahın Alimləri” müsabiqəsində verilən meyyarlar eynilik təşkil edir.  Qarşıda duran iki ayda  layihəmizi inkişaf etdirmək üçün çox önəmlidir.  Onu mümkün qədər irəli daşımağı düşünürük.  Layihənin Amerikada təqdimatı zamanı elmə gətirəcəyimiz yenilikləri xüsusi olaraq vurğulayacayıq. Həmçinin, onun bizə hansı istiqamətlərdə  yardımçı olacağı və həyatımıza hansı yenilikləri gətirəcəyi haqqında məlumat verəcəyik”.

 

Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov “Sabahın alimləri” müsabiqəsində “Blockchain” texnologiyasının birləşməsi” layihəsi ilə təmsil olunub və İntel İSEF yarışmasına qatılmaq hüququ qazanıb:

O, layihə haqqında təəssüratlarını bölüşüb:

“Layihə üzərində 2017-ci ilin dekabrından işləməyə başladım. Məqsəd iqtisadi münasibətlərdə alıcını və istehsalçını “Blockchain” texnologiyası ilə birləşdirmək idi. Bu layihə ilə Azərbaycanda “Goldenbyte”  yarışmasında 1-ci yerə layiq görüldüm və ölkəmizi Kiyevdə təmsil etdim. Bundan başqa Rumıniyada keçirilən “Infomatrix World Final” yarışında proqramlaşdırma nominasiyası üzrə eyni proyektlə üçüncü yeri qazandım. Proyekti inkişaf etdirdim və 2019-cu ildə keçirilən “Sabahın alimləri” yarışmasında, kompüter elmləri nominasiyasında birinci yerə layiq görüldüm, və ölkəmizi Inter ISEF yarışmasında təmsil etmə hüququ qazandım”.

Ruslan Rumıniyada layihəni təmsil edib və orada baş verən hadisələr haqqında fikirlərini bölüşür:

“Rumıniyada keçirilən yarışda 47 ölkə iştirak edirdi. Maraqlı hadisələrdən biri isə türklərin bizi öz məktəblərinə dəvət etməsi və şam yeməyinə qonaq çağırmaları oldu. Onlar Azərbaycanın mədəniyyətini və incəsənətini çox yaxşı tanıyırdılar”.

Ruslan yeni texnologiya haqqında məlumat verib:

““Blockchain” texnologiyası bankın müdaxiləsi olmadan hesab əməliyyatlarını həyata keçirməyə imkan verir. Bu isə sürətli ödəmələr prosesinin tətbiq olunmasına yol açır. Hazırda bu layihədə istifadə etdiyim texnologiyaları və tədbiqləri digər işlərimlə də əlaqələndirirəm”.

Ruslan layihənin üstünlüyündən də danışıb:

“İki tərəfin arasında vasitəçi olmadığına görə, onlar daha çox qazana və inkişaf edə bilərlər. Bu isə iqtisadi inkişafa, iş yerlərinin yaradılmasına və mağazalarda insanlar üçün qiymətlərin ucuzlaşmasına gətirə biləcək”.

Müsahibimiz gələcək hədəfləri haqqında bunları deyib:

“Alim olmaq istəyərdim ki, Azərbaycanı beynəlxalq arenada nüfuzunu yüksəldim. Hazırda 11-ci sinifdə oxuyuram, SAT və İELTS imtahanlarını vermişəm və istəyirəm ki,  xaricdə təhsilimi davam etdirim”.

Ruslan bir çox beynəlxalq  yarışlarda iştirak edib:

“Oktyabrda Dubay şəhərində  First Global 2019 yarışmasında iştirak etdim. First Global dünyada keçirilən ən böyük robotiks müsabiqələrindən biridir. Orada 191 ölkədən komandalar iştirak edir. Mən Azərbaycanın milli yığmasının kapitanı idim və ölkəmiz həmin yarışda  29-cu yeri qazandı”.

 Qeyd edək ki, Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artmışdır. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Müsabiqədə iştirak edən ölkələrin sayı artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdirsə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatmışdır. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır. İştirakçıların sayı artdıqca şagirdlər arasında mübarizə gərginliyi də yüksəlir. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları