Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 15:11:00
Magistratura imtahanları çox çətin keçib? – “Heç belə gözləmirdik”

 

Dövlət İmtahan Mərkəzi fevralın 23-ü magistratura səviyyəsinə qəbul imtahanı keçirib.

İmtahanla bağlı apardığımız müşahidlərdən məlum olur ki, bakalavrlar magistraturaya  qəbul imtahanlarından narazıdırlar.

BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi Elburus İbrahimov öz təəssüratlarını AzEdu.az-a danışıb:

“Təşkilatçılıq baxımdan imtahan yüksək səviyyədə keçirildi. İstər dinləmə mətnlərinin səsləndirilməsində, istərsə də zal nəzarətçilərinin davranışında heç bir problem yaşanmadı. Suallara gəldikdə isə informatika həddindən artıq çətin idi. Humanitar sahələr üzrə təhsil alan bakalavrları nəzərə almamışdılar.  Əminəm ki, hətta ixtisası informatika olan bakalavrlar belə bu sualları cavablandırmaqda  çətinlik çəkiblər. Variantlar elə qoyulmuşdu ki, onlara cavab tapmaq üçün informatikanı mükəmməl, hər xırda detalına qədər bilmək tələb olunurdu. 

İngilis dilinə gəldikdə isə dinləmə mətni tam eşidilsə də,  mətn çox sürətli səsləndirilirdi.  Ümumiyyətlə, qəbul imtahanlarında dinləmə bacarıqlarının yoxlanılmasını düzgün hesab etmirəm. Çünki nə orta məktəbdə, nə də universitetdə  dinləməyə dair heç nə etməmişik. Yadıma gəlmir ki, universitetdə xarici dil müəllimiz bunu bizdən ya tələb edə, ya da dərsdə səs yazısından istifadə edərək dinləmə bacarıqları formalaşdırsın.  Ona görə bu sistemdə qəbul imtahanı  keçirilməsi düzgün deyil.  Yəni formalaşdırılmayan bacarıqlar  bizdən tələb edilməməlidir.

Ümumilikdə götürüldükdə, məntiq hər iki fəndən daha asan idi. Daha çox riyazi məntiqə üstünlük verilsə də, fiqurlar, anologiya, yəni humanitaryönümlü məntiqi tapşırıqlar da var idi ”. 

Tələbənin fikrincə, xeyli sayda bakalavr imtahanda iştirak etsə də, bu il qəbul az olacaq:

“Əvvəlki illərin  magistratura qəbul imtahanları ilə müqayisədə bu il  çətin idi.   İmtahanın birmərhələ keçiriməsinin  çətinlik səviyyəsinə nə dərəcədə təsir etdiyini bilmirəm. Amma yəqin ki, keçid balları aşağı salınmasa  çox az sayda bakalavr  magistraturaya qəbul olacaq”.

BDU-nun Kitabxanaçılıq və informasiya  fakültəsinin tələbəsi Ləman Əliyeva da  imtahanın çox çətin olduğunu vurğulayıb:

“Ən çətin suallar informatika fənnindən idi. Adətən, qəbul imtahanlarında məntiq daha çətin olurdu, bu il isə əksinə.   İnformatika fənnində orta səviyyəli suallar demək olar ki, yox idi. Təqribən 15 sual hədsiz dərəcədə çətin tərtib olunub. O sualları ancaq informatika üzrə təhsil alan bakalavrlar cavablaya bilərdi. Ümumiyyətlə, əlimizdə tam baza olmasa da, qəbul testləri üzrə çox işləmişik. Çox ciddi hazırlaşdığım halda sualları cavablaya bilmirdim. 

DİM-in magistraturaya qəbul üzrə keçirdiyi sınaq çox asan idi.  Amma qəbulu heç belə gözləmirdik. İngilis dilini təxmin etmək olurdu ki, çətin olacaq.   Məntiq isə bu iki fənlə müqayisədə ən asanı idi.

İngilis dilində həm dinləmə mətni, həm də əlavə yazılı mətn verirlər. Mətnlər də kifayət qədər geniş olur, vaxtı çatdırmaq olmur.  Məsələn, mən o mətni oxumağa vaxt  çatdıra bilmədim.  İmtahanda iştirak edən hamı tapşırıqların çox çətin olduğunu deyir. Ümid edirik, ballar aşağı salınacaq. Çünki nəticələr heç yaxşı deyil”-deyə L. Əliyeva  sözlərinə əlavə edib.

AzEdu.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin də mövqeyini öyrənib:

“DİM-dən verilən məlumata görə  nəticələr elan olunmadan imtahanın asan və ya çətin olması haqqında dəqiq fikir söyləmək olmaz.  Fevralın 24-dən etibarən  imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur”.