https://www.zirve.edu.az/
21.02.2020 13:46
Şagirdlərin sağlamlığını qoruyan siniflər
Çap et

Artıq 6 ildir ki, Azərbaycanda tətbiq edilən “Sağlam Təhsil-Sağlam Millət” layihəsi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv vətəndaş yetişdirmək məqsədi daşıyır.

 Bildiyiniz kimi 2013-cü ildə təhsil nazirinin əmri ilə təhsilalanların sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu yaradılıb, 2014-2015-ci tədris ilindən icrasına başlanılan  “Sağlam Təhsil-Sağlam Mİllət” layihəsinin tətbiqinə start verilib. 

Bu layihə 2014-cü ildə “müəllim də mühəndisdir” yanaşması ilə fəaliyyətə başlamışdır. Belə ki, pedaqoji prosesləri qurarkən təhsilalanların fərdi fizioloji, psixoloji, sosioloji tələblərinin nəzərə alınması sağlam və proqrressiv vətəndaşın formalaşmasında əsas şərtlərdir.

Layihə tətbiq edildiyi gündən mütəmadi olaraq monitorinqlər aparılıb, nəticələri ictimaiyyətə təqdim edilib. 2014-cü ildə 2500 şagirdin cəlb edildiyi monitorinqin nəticələrinə görə, yuxarı sinif şagirdlərinin 45%-də görmə problemi aşkar edilib.

2014-cü ildə monitorinqə cəlb edilmiş 2500 şagirdin təxminən 50%-ə qədərində qamət pozuntusu aşkarlanıb.

 Mövcud dünya təhsil sisteminin problemlərinə baxsaq bir sıra faktlarla qarşılaşmış olarıq.

  1. Məktəblilərin sağlamlıq vəziyyətinin məktəbdaxili mühitdən və tədris formasından yüksək dərəcədə asılılığı son illərin gigiyenik müayinələrində təsdiqini tapmışdır.
  2. Məktəbyaşlı uşaqlar oyaq vaxtının 25%-ni sinifdə keçirir. Mövcud dünya təhsil texnologiyaları ilə uşaqlar həmin vaxtın əksəriyyətini sinifdə məhz oturaq vəziyyətdə keçirməyə məcbur qalırlar.
  3. Ümumi təhsilini başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərindən sayılır.
  4. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 2-15%-i tam sağlam olur.

 Azərbaycan Respublikası Statistika Komitəsinin 2009-2014-cü illər üçün verdiyi 14-17 yaşlı yeniyetmələrin xəstələnmə hallarının müqayisəli təhlili göstərir ki, bu illər ərzində göstəricilərdə artım qeyd edilir.

2013-2014-cü tədris ilində layihə çərçivəsində Bakı şəhərində təhsil alan 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edilmiş və nəticələrin təhlili göstərmişdir ki:

 

  • İbtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-də belə problem var;
  • Yuxarı sinif şagirdlərinin 41%-də qamət problemləri aşkar edilmişdir;
  • Oğlanlar arasında normal fiziki inkişafdan kənara çıxmalar olan uşaqların sayı birinci sinifdə 19% təşkil etdiyi halda, beşinci sinifdə bu göstərici 33%-ə, məktəbi bitirəndə isə 40%-ə çatır. Qızlarda eyni problemə oğlanlardan orta hesabla iki dəfə az rast gəlinir.

Layihənin fəaliyyəti dövründə- 2014-2018-ci illərdə Təhsil İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən aparılan monitorinqlər göstərmişdir ki:

  • Ənənəvi sinif şagirdlərində 4 il müddətində qamət pozgunluğunda pisləşmədə 2 dəfə artım olub;
  • Sağlam təhsil siniflərində isə qamət pozğunluğunda artım halları müşahidə edilməyib
  • Ənənəvi sinif şagirdlərində uzaqdan görmə itiliyində 4,2% yaxşılaşma olub;
  • Sağlam təhsil sinif şagirdlərində uzaqdan görmə itiliyində 25% yaxşılaşma olub;

 

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi hal hazırda 50 məktəbdə 244 sinifdə tətbiq edilir və 4000-dən artıq şagirdi əhatə edir.

Artıq sadəcə layihənin sinif müəllimlər ilə deyil eyni zamanda layihənin tətbiq edilmədiyi məktəblərin ibtidai təhsil sinif müəllimləri ilə də sinif gigiyenası, sağlam təhsilin prinsipləri, şagirdlərin sağlamlığının qorunması yolları istiqamətində təlimlər aparılır. Bu tədris ilində Bakı şəhərində 2000ə yaxın müəllimin təlimləndirilməsi planlaşdırılır.

Eyni zamanda şagirdlərlə sağlam həyat tərzi, sağlam qidalanma, şəxsi gigiyena mövzusunda görüşlər keçirilir.