Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 17:06:00
“Kurikulum ayrı-ayrı adamların şəxsi arzusu ilə yaranmayıb”-Direktor müavinindən etiraz

“Kurikulum təkcə summativlər demək deyil.  Guya əvvəlki təhsil sistemində rüblük, illik, yekun qiymətləndirmə yox idi ? Yəni demək istəyirəm ki, bu həmişə olub.  Bu şəxsi bir missiya, təşəbbüs deyil, dövlətin təhsil siyasətidir”.

Azedu.az xəbər verir ki, bu fikirləri mövzü ilə bağlı açıqlamasında Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov səsləndirib. O, son günlər yenindən gündəmə gələn kurikulum proqramının mahiyyətindən danışıb.

“Dünyada təhsil sistemləri arasında digər sahələrdə olduğu kimi inteqrasiya, yaxınlaşma prosesi gedir. Azərbaycanda da yeni quruculuğa uyğun olaraq islahatlar aparılır.  Müstəqil ölkəmizin yeni təhsil sistemi qurulub. Bildiyiniz kimi, bu islahatlar  1999-cu ildən  başlayıb indiyə qədər davam edir. Burda həm məzmun islahatları, həm təlim texnologiyaları baxımdan yenilənmə gedir. Bunlar hamısı kurikulumun tərkibində olan istiqamətlərdir. Kurikulum 40- 50-ci illərdə də  vardı, sonrakı illərdə də. Bu, proqram deməkdir. Ayrı bir şey deyil. 

Bugünki təhsil sistemi  şagirdlərdə düşüncə, dəyərlər, idraki və həyati  bacarıqlar  formalaşdırmaq məktəbini yaratmağa aparır.  Yəni, əsas siyasət  bundan ibarətdir. Bu, dövlət siyasətidir.  Məlum olduğu kimi 2003-cü ildə dövlət tərəfindən müəyyənləşdirilən istiqamətlərdən biri də kurikulum idi. 2013-cu ildə dövlət təhsil sistemində 5 komponetdən birincisi səriştə əsasında yeni məzmunun yaradılması oldu ki, burda təhsilin bütün səviyyə və pillələri üzrə kurikulumun yaradılması nəzərdə tutuldu.  Bu da ondan irəli gəlir ki, dünyada 70-ci illərdən sonra nəticəyönümlü sistem yarandı, təhsil sahəsi istehsal sahəsi kimi hesab olundu. Yəni bunlar ayrı-ayrı adamların şəxsi arzusu ilə meydana gəlmədi”.  

O, həmçinin kurikulumun yetəri qədər uğurlu nəticə verdiyini də vurğulayıb. Lakin onun yenidən təkmilləşdirilməsinin də vacib olduğunu bildirib.

 “Xaricdə təhsil alanların sayının artması, məktəblərimizin fəallaşması, diskusiyyalar-bütün bunlar necə yaranır? Birdən-birə ideal məktəb olmayacaq ki.  Aparan araşdırmalar onu göstərir ki, yeni islahatların tələblərinə uyğun qurulan sistem, ümumiyyətlə, məktəbi və şagirdləri fəallaşdırır. Fəallıq əsas şərtdir. O, olmasa təlimi səmərəli qurmaq olmaz.  Çünki biz passiv, qeyri-fəal təhsil sistemi ilə indiki cavanlarımızı yetişdirə bilmərik.

Əlbəllət ki,  proqramın yenidən müzakirəsinə, təkmilləşdirilməsinə ehtiyac var.  Mövcud olan standartlar üzərində iş gedir. Bu işlər daha çox həyati tələblərə yaxınlaşdırmaq məqsədi güdür. Məsələn, yeni təhsil sisteminə görə şagirdin yükü az olmalıdır. Ona öyrənməyə, düşünməyə imkan yaratmaq lazımdır.  Bəzən görürük ki, məktəbdə səriştəsiz müəllimlərimiz şagirdləri dərslərlə yükləyir. Lakin  bu o demək deyil ki, şagirdin yükünü artırmaq lazımdır. Əksinə azaltmaq, humanistləşdirmək tələb olunur. Şagird uşaq kimi oynamağa, istirahət etməyə vaxt tapa bilməlidir. Məktəbin problemini məktəbdə həll etmək lazımdır. İndiki dərs elə qurulmalıdır ki, dərsdə problem həll olunsun, onu təkrar evə vermək lazım deyil. Amma bəzən səriştəsiz müəllimlər dərsdə edə bilmədiyini şagirdlərə evdə etməyi tapşırır. Bu, indiki sistemin günahı deyil ki. Bu da tədricən düzələcək. Biz indi keçid dövrünü yaşayırıq”.

Direktor müavini qəbul imtahanlarında şagirdlərin bacarıqlarından daha çox hafizəsinin yoxlanılması məsələsinə də münasibət bildirib.

“Bu il qəbul imtahanlarında səriştələrə daha çox üstünlük verildi.  Standartların tələbinə uyğun olaraq qəbul proqramları, yeni model hazırlandı. Tədricən bunlar artmalıdır. Əvvəlki bilikyönümlülük yoxdur. Biz  bütün şagirdlərimizi ali məktəbə hazırlayırıq?  Bu Ulu öndər Heydər Əliyevin də sözü idi ki, biz uşaqlarımızı həyata hazırlayırıq.  Bir ildə 120-130 min şagird orta məktəbdən  məzun olur. Onlardan 20-30 mini ali məktəbə qəbul olur. Bəs 100 min necə olsun? Onlar hamısı həyata gedir. Biri pinəçi olur, biri dəyirmançı, təssərüfat adamı olur.  Ona görə də ümumtəhsil məktəbi elə adında da göründüyü kimi ümumi təhsil verir. Bütün elmləri şagirdlərə öyrədə bilmərik və onsuzda elə bir şey də tələb olunmur. İndiki sistem tələb edir ki, şagirdlərə həyati bacarıqlar, dəyərlər, səriştələr, ünsiyyət, düşünməyi, problem həll etməyi aşılmaq lazımdır”-deyə kurikulum təlimçisi Ə. Abbasov sözlərinə əlavə edib.