Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 15:43:00
İspan oyununun izahlı təhlili şagirdlər tərəfindən maraqla izlənilib

Muxtar respublikada ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu çərçivədə muxtar respublikanın Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə mütəmadi olaraq şahmat məşğələləri təşkil edir.

AzEdu.az xəbər verir ki, həmin tədbirlərin davamı olaraq Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlər, İspan oyununun izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Qeyd olunub ki, debütlərin 3 növü var: açıq, yarımaçıq, qapalı. İspan oyunu açıq debütlərə aiddir. 1.e2-e4; e7-e5 gedişləri ilə başlayır. Bu oyun haqqında ilk məlumata ispaniyalı şahmatçılar Lüsyenin və Lopesin əsərlərində rast gəlinir.

İnteraktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12:00-da isə ümumtəhsil məktəblərində Şahmat fənnini tədris edən müəllimlər üçün keçilib. Bununla yanaşı, saat 15:00-da isə rayon şahmat məktəbləri üçün təşkil olunan interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.

İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. Dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.