Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 13:22:00
Direktorların əsas çatışmazlıq və problemləri nələrdir?-Ekspert təhlili

 

 Orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə və menecerlik bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır.

Müəllimlər barədə müxtəlif narazılıqlarını dilə gətirən direktorların özləri nə dərəcədə bacarıqlıdırlar?

Ümumiyyətlə, direktorların orta ümumtəhsil müəssisələrinin inkişafına mane olan hansı meyarların  köklü şəkildə dəyişməsinə ehtiyac var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib ki, direktorun bölgənin xarakterik xüsusiyyətlərinə bələd olması vacib şərtdir. O, ərazidə tanınmalı, ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır:

““Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən orta məktəbdə təhsil öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter  daşıyır. Məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Ona Təhsil Nazirliyinin təyin etdiyi direktor rəhbərlik edir.

Direktor konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır,  Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir. O, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır.

Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor  “müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir.

Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif  bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir”.

“İşçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir”

Nadir müəllim vacib xarakterlərdən bəhs edərkən bildirib ki, direktor məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir:

“O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Kollektivdəki işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir.

"Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın   VII bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilib. Həmin bölmədə direktorun əmək funksiyası da kifayət qədər əks olunub. 

2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi. Amma elə həmin ilin aprel ayında, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi. Təhsil Nazirliyinin 3 sentyabr, 2002-ci il tarixli əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi. Bir müddət sonra isə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişikliyə görə, yerlərdən verilən təqdimata əsasən, direktor nazirliyin müvafiq razılıq məktubu alındıqdan sonra, vəzifəyə təyin və vəzifədən azad oluna bilər.

Bundan sonra da bir neçə əmr, təlimatlar və göstərişlər verilib. Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi, direktorların peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib”.

“Direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə,  təyin edilmələridir”

Ekspertin sözlərinə görə, son əmrdə bildirilib ki,  məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur:

“Bu, təbiidir. Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Gərək lazımi səriştə və təcrübəsi, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Burada bir məsələ də var: imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə,  təyin edilmələridir. Məsələn, Xəzər rayonunda yaşayan biri Qaradağ rayonundakı məktəbə direktor təyin olunacaqsa, burda hansı səmərəli idarəetmədən söhbət gedə bilər? Direktor məktəbə müəllimlərdən heç olmasa ən gec halda 15-20 dəqiqə tez gəlməli və o qədər də gec getməlidir.  Tıxacları da nəzərə alsaq, şəhərin bir başından digər başına 100 km-lərlə məsafəni qət edən direktorun vəziyyətini bir anlığa təsəvvür etməyə çalışaq...

Hesab edirəm ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdə biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Onu da nəzərə almaq lazımdır ki, müəyyən müddət keçməsinə baxmayaraq, biz hələ də təhsildə keçid mərhələsini yaşayırıq, təhsil sahəsindəki problemləri aradan qaldırmaq, bu sahəni inkişaf etdirib təkmilləşdirməyin ən optimal yollarını axtarırıq...

“Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, “Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır? – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil…”

Nadir müəllim onu da vurğulayıb ki, direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən biri məktəbə rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır...

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları