Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 12:29:00
Tanınmış jurnalistin kimyada yenilik edən məktəbli qızı – “İnsanda çox xəstəliklər yaranır ki...”

  Xəbər verdiyimiz kimi,  bu il “ Sabahın alimləri” IX Respublika  müsabiqəsinə xeyli sayda yuxarı sinif şagirdləri qoşularaq uğurlu layihələr təqdim ediblər.

Müsabiqənin finalçılarından biri, II yerin qalibi BDU-nun nəzdində Gənc istedadlar liseyinin  IX sinif şagirdi  Fidan Əkbərdir.  O,  tanınmış jurnalist, BDU-nun Jurnalistika fakültəsinin  Radio və televiziya kafedrasının müəllimi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəsirovanın qızıdır.

AzEdu.az sabahın alimlərindən olan Fidanla kiçikhəcmli  söhbəti təqdim edir:

“Müəllifi olduğum layihə “Üzüm tənəyinin tullantıları ilə mis (2) ionlarının sulu məhluldan çıxarılması” adlanır.  Bunun mahiyyəti su hövzələrindən ağır metal ionlarının çıxarılmasıdır ki, həmin ionlar flora və faunaya zərər verməklə yanaşı, ekoloji problemlər də yaradır. Hətta insan sağlamlığı üçün də təhlükəlidir. Ürək fəaliyyətinin zəifləməsi, anemiya və digər xəstəliklərin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, kimya fənnini çox sevirəm. Bu ideya da məhz kimya fənninə olan maraqdan qaynaqlanır. İlk dəfə fikirlərimi babama danışdım. Babam-Əkbərov Oqtay BDU-da çalışır, kimya üzrə professordur. O, fikirlərimi reallaşdırmaqda mənə dəstək oldu, elə elmi rəhbərim də babamdır. Bu müsabiqəyə də onun dəstəyi sayəsində qatılmışam. Təxminən, 4 ay fasiləsiz layihə üzərində işlədik. Ona görə də müəyyən mənada uğur qazanacağımı gözləyirdim”.

Fidan gələcək planları və maraqlarını da bizimlə bölüşüb:

“ Hazırda universitetə birinci ixtisas qrupu üzrə hazırlaşıram. Hansı ali məktəbdə  təhsil alacağımı müəyyənləşdirməsəm də, kompüter elmləri ixtisasında oxumaq istəyirəm.  Yəqin ki, bakalavr təhsilimi ölkədə, magistraturanı isə xaricdə oxuyacağam.  Dərslərimdən başqa, bədii  ədəbiyyatı oxumağı çox sevirəm. Xüsusilə, detektiv janrında romanlar oxuyuram. Məsələn, Aqata Kristinın “Mavi qatarın sirri”, Çingiz Abdullayevin  “Qərb bürküsü” romanları daha çox bəyəndiklərim arasındadır”.

O, sonda bu uğuru qazanmaqda ona dəstək olan ailəsinə, məktəb kollektivinə, xüsusilə kimya müəlliminə öz təşəkkürünü bildirib.