Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-18 11:01:00
"Məişət qayğıları bu düşüncəmin üstündən xətt çəkdi" - MÜSAHİBƏ

Müsahibimiz Qubanın II Nügədi kəndinin müəllimi Mehdi Şərifovdur. Sumqayıtda doğulub, ailəsi orda yaşayır, amma özü Qubanın kəndində tarix ixtisasını tədris edir.

Müəllimlik həyatına necə başladınız?

2016- cı ildə Təhsil Nazirliyinin MİQ imtanahına əsasən 54 bal toplayaraq Xaçmaz rayonu Çılğır kəndi ümumi orta məktəbinə tarix müəllimi kimi qəbul olundum. Bir il orada çalışdım. 2017 –ci ildə isə yerdəyişmə imtahanı əsasında Quba rayonu II Nügədi Oktay Məmmədov adına 1 saylı tam orta məktəbinə qəbul olunmuşam. 3 ildir ki, həmin kənddə çalışıram.

Xaçmazı niyə Qubaya dəyişdin? Bəlkə problem yaradırdılar sənə?

Maddi məsrəflərim daha uzun müddət çalışmağa imkan vermədi. 200 manat civarında maaş alırdım. Ailəliyəm, övladım var. Nəzərə alsanız ki, yol məsrəfləri və başqa xərclər var, məni anlayarsınız.

Digər tərəfdən nisbətən daha böyük və " səs –küylü” bir məktəbdə çalışmaq istəyim var idi.

Necə səs-küy?

Sadəcə daha böyük kollektivdə çalışmaq istəyirdim. 965 nəfərlik şagird , 50 nəfərdən artıq müəllimin çalışdığı bir məktəbdə çalışmaq məncə daha maraqlıdı. Halbuki, əvvəl işlədiyim məktəbdə cəmi 70-80 şagird təhsil alırdı.

Kirayə qalırsan. Bu məsələlər necə həll olunur? Yeməyin, məişət qayğıları...

Bəli kirayədə qalıram. Başqa bir müəllim yoldaşla bir evdə. Kənd insanlarının qonaqpərvərliyi bizi darıxmağa qoymur. Hər hansı çətinliyimiz olanda yardımlarını əsirgəmir. Kirayə həyatı, evdən uzaqlıq insanı bütün sahələrdə öz ayağı üstündə durmağa məcbur edir. Özüm öz məişət qayğılarımı həll edə bilirəm.

Ucqar kəndlərə gedən müəllimlərə müavinət verilir...

Kommunal xərclər , kirayə, yol pulu və.s xərclərə görə Təhsil Nazirliyi 60 manat müavinət ayırır.

Müəllimlər adətən dolanışığını repetitorluqla keçindirməyə çalışır. Səndə vəziyyət necədir, qazana bilirsən?

Əvvəllər repetitorluq etməyə marağım yox idi. Düşünürdüm ki, ehtiyacı olan şagirdlərə müəyyən məsləhətlərim ilə yardım edim. Məişət qayğıları isə bu düşüncəmin üstündən xətt çəkdi. Müəyyən sayda şagirdlərim var , çox şükür, bir qədər qazancım olur.

Şagirdlərin arasında uğur qazananlar var?

İki ildir ki, məktəbimizdə təmayülləşmə aparılıb. Tarix dərsləri daha çox tədris olunur. Əminəm ki, humanitar sahədə yaxın gələcəkdə məktəbimizin uğurları olacaq. Eyni zamanda hər il ölkənin titullu universitetlərinə məktəbimizin qəbul olan məzunları olur. Həmçinin, kollec və digər orta ixtisas məktəblərinə qəbul olunanları da əlavə etsək zəhmətimizin boş yerə xərcləndiyini söyləyə bilmərik.

Niyə məhz tarixçi..

Əslində orta məktəbdə oxuduğum illərdən tarix fənninə olan marağım böyük idi. Keçmişdə baş verən hadisələr , onların səbəb və nəticələri , baş verən müharibələr haqqında öyrənmək məndə maraq oyadırdı. Dəqiq fənlərin öyrənilməsinə həvəs o qədər də böyük deyildi.

"Kəndlərə gedən müəllimlər savadsızdı və ya şəhərə daxil ola biləcək bal toplaya bilmirlər” kimi sözləri də eşitməli oluruq...

MİQ imtahanı haqqında məlumatı olanlar bilir ki, 50-60 bal toplamaq yüksək nəticədir. Ailəm Sumqayıtda yaşayır. Sumqayıtda tarix üzrə vakansiya çıxarılmayıbsa və ya cəmi 1-2 müəllim yeri vakansiya elan olunursa, mən nə etməliyəm? Təbii ki, digər rayonları seçməliyəm. Eyni zamanda bəzi müəllimlər də var ki, topladığı bal üzrə Bakıya düşə bilmək imkanına baxmayaraq kəndi seçib. O insanlara stimul vermək əvəzinə qınamaq insafsızlıq və məlumatsızlıqdır.

İşlədiyin kənd turizm məkanı kimi məşhurdur. Hər il minlərlə turist qəbul edir. Bir növ hamının dincəlməyə getdiyi kəndə sən işləməyə gedirsən...

Buranın təbiəti, havası, insanları həqiqətən çox gözəldir. Insan zəhmətinin bəhrəsini görəndə həmin iş sonradan ona elə istirahət kimi görünür. Işimdən zövq alıram.

Evlisən. Ailədən, övladından uzaqda yaşamaq səni darıxdırmır?

Həftəsonları Sumqayıta gəlirəm. 1-2 gün ailəmlə birgə zaman keçirirəm. Əslində, bütün şagirdlər övladımdır.

Özün də müəllimsən,son parlament seçkilərində üç müəllimin( Fəzail İbrahimli, Musa Qasımlı, Anar İskəndərov) millət vəkili seçildi. Bəlkə müəllimlərinin yolunu getmək fikrin var?

İxtisasım tarix olduğuna görə siyasət haqqında oxumağa, bununla bağlı maraqlanmağa daha çox vaxt ayırıram. Müəllim olmağım bir yana, müəllimlərimin adına sevindim. Bir əsgər niyə general olmaq istəməsinki?

Evdən uzaqda və boş vaxt. Bunu necə dəyərləndirirsən?

Şeir kitabları oxuyuram. Əslində özüm də şeir yazıram. Eyni zamanda oxuduğum şeirləri qiraət edirəm, telefona çəkirəm. Bunu yalnız hobbi kimi edirəm. Dostlarıma göndərirəm, fikirlərini öyrənirəm. Açığı bundan zövq alıram, dincəlirəm. Bir düşüncəninki mərkəzində ədəbiyyat dayanır, bundan necə zövq almayasan?

Amma heç bir şeirini çap etdirmirsən.

Mənə elə gəlir ki, ədəbiyyat sahəsində uğur qazanmaq elə də asan bir iş deyil..Şablon yanaşmalar , təkrar olunan mövzular çox hallarda oxucunu yorur. Digər tərəfdən müasir dönəmin tələbləri daha böyükdür.Tanınmaq ,uğur qazanmaq üçün daha böyük iş ortaya qoymalısan. Nə zaman özümü daha hazır hiss etsəm, təbii ki, bu işdən kənarda qalan deyiləm.

Tarix müəllimi və ədəbiyyat. Tarix müəllimi kimləri oxuyur?

Az qala bütün ədəbi gəncliyi oxuyuram. Aqşin Yeniseyin yaradıcılığı ,ədəbi dili mənə çox yaxındı. Yaşlı nəsildən Ramiz Rövşən , Musa Yaqub yaradıcılığı ruhumu oxşayır. Onların şeirini səsləndirib dostlarıma göndərirəm. Ya da hansısa məclisdə səsləndirirəm.

Işlədiyin yerdə yerli deyilsən? Heç direktorla aranda problem olmur?

Xeyr, əksinə, məktəb direktorunun üzərimdə qayğısı hiss edirəm. Ilk dövrlərdə pedaqoji fəaliyyətimlə bağlı müəyyən səhvlərim olsa da öz dəstəyini digər müəllimlər kimi məndən də əsirgəmir.

Bu gün təhsilimizdə hansı islahatların aparılmasını regionlarda təhsilin inkişafına səbəb olacağını düşünürsən?

Mən belə düşünürəm ki, stimullaşdırıcı tədbirlərin artırılması müəllimlərin regionlarda çalışmasına marağı xeyli artıra bilər.Həm maddi tərəfdən təminatın yaxşılaşdırılması, eyni zamanda təlim prosesinin təşkili üçün lazım olan maddi texniki bazanın artırılması islahatların daha dərin inkişafına səbəb ola bilər.Bu baxımdan fənlərin tədrisinə uyğun olaraq məktəblərdə innovasiyanın təşkili, tədris resurslarının artırılması , yenilənməsi sagirdlərdə təhsilə marağı artıracaq.

Regionlarda ən ağrılı məsələrdən biri də qız uşaqlarının təhsildən yayındırılması və erkən nikahdır. Işlədiyin yerdə, ətraf kəndlərdə bu mövzuda vəziyyət necədir?

Bəli digər regionlarda olduğu kimi işlədiyim ərazidə də bununla bağlı problemlər mövcuddur. Düşünürəm ki məktəblə valideyn ittifaqı xüsusuilə gücləndirilməlidi. Dərsdən kənar işlərin aparılması, xüsusi maarifləndirici tədbirlər erkən nikahlardan uzaq dayanmağa, əksinə təhsilə olan marağın artırılmasını təmin edə bilər. İşlədiyim məktəbdə də müəllimlərimiz bunla bağlı dəyirmi masalar keçirir , xüsusi iclaslar tədbirlər təşkil edilir. Müsbət mənada müəyyən uğurlar əldə olunur.

Fərqli mədəniyyət, şəhər yaşayışı görmüş insansınız. Yerli əhaliylə necə anlaşır, mədəniyyətlərinə, adətlərinə necə uyğunlaşırsan?

Əksinə fərqli mədəniyyətin ,adətlərin içərisində olmaq mənə zövq verir.İnsanların regiona müvafiq olaraq ləhcələri, onların adət ənənələri bir tarixçi olaraq məndə maraq yaradır.