Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 13:00:00
“I qrupdakı kimya suallarını 15 dəqiqəyə cavabladım” – Repetitorlar danışır

Dünən I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilib. Qəbul imtahanında hər iki qrup üzrə ortaq fənlərindən biri də kimyadır. Bəs, ötənilki qəbul imtahanının kimya sualları ilə müqayisədə builki testlər nə ilə fərqlənir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan kimyaçı Sabir İbadov ötənilki ilə müqayisədə kimya suallarının bir qədər çətinləşdiyini bildirib:

“IV ixtisas qrupu üzrə qəbul imtahanına düşən suallar orta səviyyədə idi. Arasında asanı da, çətini də var idi. Sualların üç səviyyəsi var: asan, orta və çətin. Amma yenə də onları çox da çətin hesab etmək olmaz. I qrupun kimya sualları isə uşaqların gözündə nisbətən asandır. Yəni, mən belə düşünürəm ki, suallar tamamilə qəbul imtahanına uyğundur, çox dürüst tərtib olunub. Şəxsən mən çox bəyəndim. Keçən il IV qrupun qəbul imtahanına düşən suallar çox sadə idi. Bu il bir qədər çətinləşsə də, qəbula layiq testlərdir. Suallar dəqiq yadımda qalmayıb. Amma düşünürəm ki, IV qrupun C variantında 35-ci sualda çətinlik çəkərlər. Şagirdlərimin hamısı 20-dən çox sualı düzgün cavablayıb”.

Onun sözlərinə görə IV qrupun kimya sualları I-ə nisbətən abituriyenti daha çox düşünməyə vadar edir:

“I ixtisas qrupuna imtahan verənlər riyazi sualları yaxşı yazırlar, IV qrup isə bəzən çətini yazıb, asanında səhv edirlər. IV qrupun sualları o birinə nisbətən elə idi ki, uşaq onları cavablamaq üçün bir az çox fikirləşməlidir. Məsələn, mən özüm I ixtisas qrupunun kimya suallarını 10-15 dəqiqə ərzində işləyib bitirdim. Amma IV qrupa bundan iki dəfə çox vaxt sərf etdim. Amma düşünürəm ki, oxuyan uşaq bu suallarda çətinlik çəkməməli idi".

Kimya müəllimi İdrak Əliyev isə bu fənnin suallarının əslində, gözlənilən olduğunu qeyd edib: “Elə də ciddi çətin suallar yox idi. I qrupun suallarına hələ ki baxmamışam. Amma IV qrupda demək olar ki, heç bir mübahisəli sual yox idi. Şagirdlərimlə hələ görüşmədiyimə görə, daha çox nədə çətinlik çəkdiklərini deyə bilmərəm. Onu deyə bilərəm ki, gözlənilən suallar idi”.

Qeyd edək ki, dünən 2018-19-cu tədris ili üçün ali məktəblərə I və IV qruplar üzrə imtahanlar keçirilib. Hər iki qrupda əsas fənlərdən biri də kimyadır. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları