Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-15 15:29:00
Əmək və Sosial Müdafiə naziri Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Budapeştdə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Macarıstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

AzEdu.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, S.Babayev Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətində yetişməkdə olan nəslin qayğı ilə əhatə olunmasının, onların hərtərəfli inkişafına, faydalı məşğulluğuna, ölkənin ictimai-siyasi həyatında iştirakına şərait yaradılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

O, hər il orta hesabla 80-100 min gəncin əmək bazarına daxil olduğu ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları, bu proqramların ildən-ilə genişləndirilməsi üçün atılan mühüm addımları qeyd edib. Nazir bildirib ki, 2000-ci ildən etibarən dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində 11 min 900-dən çox Azərbaycan gənc təhsil alıb. Xüsusilə, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı çərçivəsində gənclərimiz xarici ölkələrdə, dünyanın nüfuzlu təhsil ocaqlarında təhsil almaq üçün geniş imkanlar əldə ediblər. Hazırda 500 gənc də Macarıstanda ali təhsil alır.

Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlar barədə məlumat verən S.Babayev qeyd edib ki, ölkəmizin bütün sahələrdə inkişafında gənclərə xüsusi önəm verilir. Onlar bütün istiqamətlərdə islahatlarda aparıcı qüvvə kimi çıxış edirlər. Xüsusilə də sosial-iqtisadi idarəetmə sistemlərinin tam müasirləşdirilməsi proseslərində müasir biliklərə yiyələnmiş gənclərin fəal iştirakına şərait yaradılıb. Xaricdə təhsilini yüksək səviyyədə başa vuraraq ölkəmizə qayıdan, müasir elmi-texnoloji biliklərə malik gənc kadrların da aparılan islahatlara cəlb edilməsi diqqətdə saxlanır.

Nazir eyni zamanda, dövlət xətti ilə xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulunun müsabiqədən kənar həyata keçirildiyini bildirib.

Görüşdə S.Babayev gəncləri maraqlandıran sualları cavablandırıb.