Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-15 14:25:00
ABŞ-a göndərilən 9-cu sinif şagirdi uğurlarından danışdı: “Bir ilkə imza atacağıq”

 Xəbər verdiyimiz kimi fevralın 13-ü “ Sabahın alimləri” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqənin qaliblərindən biri və ABŞ-a göndərilən layihənin müəllifi  Bakı şəhər 175 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Alışanova Nigar AzEdu.az-la həmsöhbət olub. O qeyd edir ki,  elmi rəhbəri və tərəfdaşı ilə birlikdə uzun müddət bu layihə üzrərində işləyib.

“Partnyorum Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Hacıyeva Məryəmlə  bu müsabiqə üçün bir il yarım işləmişik.  Əvvələr bu haqda sadəcə müəyyən fikirlərimiz vardı, müzakirələr edirdik. Sonradan bu fikirləri valideynlərimizlə paylaşdıq. Onlar bizi BDU-nun professoru İsmət Əhmədova yönləndirdi. Artıq birlikdə işləməyə başladıq, o bizim elmi rəhbərimiz oldu. Keçən ilin mart ayından “Baykal başlıqotu dərman bitkisində  nanodərmanın sintezi və onların antioksidant, antibakterial təsirləri” layihəsinin üzərində işləyirik. Əvvəlcə biz bu bitkidə deyil, müxtəlif texniki  bitkilərdə, məsələn, soğan, yovşan bitkiləri üzərində prosesi həyata  keçirdik. Amma effektli nəticə almadıq.  Daha sonra müəyyən bitkiləri araşdırdıq. Təsadüfən qarşımıza baykal başlıq otu çıxdı və həmin bitki haqqında müəllimin köməkliyi ilə  müəyyən elmi ədəbiyyatlardan araşdırma etdik.  Biz müəyyən etdik ki, baykal başlıq otunun tərkibində çoxlu sayda antioksidant mövcuddur və bu maddə gümüş nanohissəciklərin üzərində birləşərək nanodərman kimi funksiyalaşdırmasına gətirib çıxarır. Biz bunun üçün müxtəlif təcrübələr həyata keçirdik.  Onun tərkibində olan antioksidantların və nanohissəciklərin ölçülərini skan elektron mikroskopunda müşahidə etdik. Layihəni bitirdikdən sonra belə qərara gəldik ki, “Sabahın alimləri” müsabiqəsinə qatılaq”.

 Nigar bildirir ki, onların məqsədi ABŞ-da yer tutmaqla bir ilkə imza atmaqdır.

“Keçən il tam hazır olmadığı üçün müsabiqədə iştirak edə bilmədik.   Bu il münsiflərdən çox yaxşı nəticələr əldə etdik və öz layihəmizi ingiliscə təqdim etdik. İngilis dilini əvvəlcədən öyrənmişdim, layihə boyunca daha da təkmilləşdirdim və ABŞ-a gedənə qədər intensiv olaraq ingilis dilini yüksək səviyəyə çatdırmaq niyətindəyəm.  Biz müsabiqənin mükafatlandırılması mərasimində ikinci yerə layiq görüldük və ABŞ-a göndərilən 4 layihədən biri olduq.  May ayının 15-də  Kaliforniya ştatının Anexr şəhərində İSEF müsabiqəsi keçirləcək. Ümid edirəm ki, bu müsabiqədə yer tutmaqla bir ilkə imza atarıq .Biz inanırdıq ki, müəyyən yerə layiq görüləcəyik. Çünki bizim layihəmiz dünya miqyasında çox araşdırılan sahələrdəndir.  Xaricə göndəriləcək layihə olmasına baxmayaraq, bu bizim üçün surpriz oldu”.

O, gələcək hədəflərindən və hobbilərindən də danışıb.

“İdeyalardan əlavə piano ifaçılığı üzrə  5 il musiqi, 9 il rəqs, 8 il təsviri incəsənətlə məşğul olmuşam.  Gələcəkdə təhsilimi Türkiyə, Almaniya, ya da hər hansı bir xarici ölkədə davam etdirmək istəyərəm.  İxtisas olaraq da həkimlik, nanonevropatologiyanı seçəcəm”.  

Sonda Nigar bu uğuruna görə valideynlərinə, məktəb direktoruna və elmi rəhbərinə təşəkkür edib.

“Əlavə olaraq ilk növbədə məni bu istiqamətə yönəltdiyinə görə  öz valideynim- anam Mehriban Əliyevaya, məktəbimizin direktoru Tural Mirzəliyev və rəhbərimiz İsmət Əhmədova təşəkkür edirəm”.