https://www.zirve.edu.az/
14.02.2020 11:13
STEAM akademik uğura necə təsir edir?
Çap et

Bu yanaşma ilə yetişən uşaqlar gələcəkdə yeniliklər edə biləcəklər

Məlumdur ki, son illər dünya təhsil sistemində tətbiqi əhəmiyyət daşıyan əsas prioritetlərdən biri STEAM yanaşma əsaslı təlimin geniş yayılmasıdır. Yeni yanaşmanın mahiyyəti, hədəfləri, təhsil sistemində, təhsilalanların inkişafında rolu, bu sahədə dünya təcrübəsi barədə qəzetimizin ötən saylarında silsilə materiallar dərc olunub.  Növbəti araşdırmalardan biri isə STEAM  yanaşmanın şagirdlərin akademik uğuruna necə təsir etməsi ilə bağlıdır.  Çünki  yeni yanaşmanın tətbiqi təhsil sisteminin yenilənməsi baxımından nə qədər aktualdırsa, yeni innovativ  texnologiyanın təhsilalanların həyatında rolunu qiymətləndirmək də bir o qədər vacibdir.

STEAM  yalnız öyrənmə üsulu deyil, həm də düşüncə tərzidir

STEAM yanaşmanın əsas ideyası belədir: təcrübə nəzəri biliklər kimi vacibdir. Yəni, biz öyrənmə prosesində təkcə beynimizlə deyil, əllərimizlə də işləməliyik. Yalnız sinif divarları arasında qalan təhsil sürətlə dəyişən dünya ilə ayaqlaşa bilmir.  STEAM yanaşmanın əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada uşaqlar bir çox əşyanın uğurla  öyrənilməsi üçün  həm öz beyinlərindən, həm də əllərindən istifadə edirlər. Onlar əldə etdikləri bilikləri sərbəst şəkildə  qazanırlar. STEAM yanaşma  yalnız öyrənmə üsulu deyil, həm də düşüncə tərzidir.  STEAM təhsil mühitində uşaqlar bilik qazanır və dərhal onlardan istifadə etməyi öyrənirlər. Buna görə də onlar  böyüyür və real dünyada istər ətraf mühitin çirklənməsi olsun, istər  qlobal iqlim dəyişikliyi olsun, həyat problemləri ilə qarşılaşır, belə çətin məsələlərin yalnız müxtəlif sahələrdən olan biliklərə əsaslanaraq və hər kəslə  birlikdə çalışmaqla həll etməyin mümkün olduğunu başa düşürlər.  Burada yalnız bir fənnə aid biliklərə güvənmək kifayət deyil.

STEAM yanaşma öyrənmə və təhsilə olan baxışımızı dəyişir. Praktiki bacarıqlara diqqət yetirərək, məktəblilər öz iradələrini, yaradıcılıq potensialını, çevikliyini inkişaf etdirir və başqaları ilə əməkdaşlıq etməyi öyrənirlər. Bu bilik və bacarıqlar tədrisin əsas hədəfini, yəni bütün təhsil sisteminin məqsədini təşkil edir.

Təhsildə STEAM  yanaşma necə yaranıb?

STEAM nəzəriyyə və təcrübənin birləşməsinin məntiqi nəticəsidir. STEAM ilk dəfə Amerikada hazırlanıb.

Bəzi məktəblər onların məzunlarının karyerasının necə inkişaf etdiyinə diqqət yetirdilər və təbii elmlər, texnologiya, mühəndislik sənəti və riyaziyyat kimi fənləri birləşdirməyə qərar verdilər, beləliklə, STEM sistemi formalaşdı (Elm, Technique, Engineering və Math). Daha sonra STEM-ə incəsənət  əlavə edildi və STEAM  formalaşdı. Müəllimlər hesab edirlər ki, bu fənlər və ya,  bu fənlər üzrə biliklər gələcəkdə məktəblilərə yüksək səviyyəli mütəxəssis olmağa kömək edir. Nəticədə, uşaqlar yaxşı bilik əldə etməyə və dərhal onları işə tətbiq etməyə çalışırlar.

Dünya dəyişir, təhsil də yerində durmur. Son bir neçə onillik ərzində baş verən dəyişikliklər bizi həm heyran edir, həm də həyəcanlandırır. Bütün bu yeni əşyaların ixtirası ilə insanların əvvəllər heç vaxt qarşılaşmadığı bir çox yeni problemlər yaranır. Hər gün yeni iş növləri və hətta bütün peşə sahələri meydana çıxır, buna görə də müəllimlər öyrətdikləri bilik və bacarıqların zamanın tələbinə cavab verib-verməməsi barədə düşünməlidirlər.

Bilik öz ideyanızı hazırlamağa kömək edəcək, amma real iş bu fikri reallığa çevirəcək. Əgər biz ənənəvi təhsilin əsas məqsədinin düşünmə və yaratmaq üçün şagirdlərə bilik öyrətmək və onlardan istifadə etmək olduğunu deyiriksə, onda STEAM yanaşma real bacarıqlarla əldə edilmiş bilikləri kombinasiya etməyi öyrədir. O yalnız məktəblilərə sadəcə hansısa bir ideyalara malik olmağa deyil, həm də istifadə etməyə və reallıqda onları həyata keçirməyə imkan verir. Yəni, yalnız reallıqda istifadə etmək mümkün olan biliklər həqiqətən də qiymətlidir.

STEAM yanaşmanın ən tanınmış nümunəsi Massaçusets Texnologiya İnstitutudur (MIT). Bu dünya universitetinin şüarı “Mens et Manus” (“ağıl və əl”) təşkil edir. Massaçusets Texnologiya İnstitutu  STEAM kurslarını  işləyib hazırlayıb  və hətta bəzi təhsil müəssisələrində STEAM təlim mərkəzləri yaradıb ki, bu uşaqlara STEAM konsepsiyasını əvvəlcədən öyrənmək və tanış olmaq imkanı verir.

Ənənəvi təlim metodları ilə müqayisədə, orta məktəbdə STEAM yanaşma  uşaqları eksperimentlər aparmağa, modellərin hazırlanmasına, musiqi və filmlərin müstəqil yaradılmasına, ideyalarının reallıqda həyata keçirilməsinə və son məhsulun yaradılmasına həvəsləndirir. Bu təlim yanaşması uşaqlara nəzəriyyə və praktiki bacarıqları effektiv şəkildə birləşdirməyə imkan verir və universitetə daxil olmağı və daha da inkişaf etdirməyi asanlaşdırır.

STEAM - gələcəyin təhsili

STEAM STEM-dən yalnız bir istiqamət A-Art (incəsənət) üzrə fərqlənir, lakin  yanaşma fərqi böyükdür! Son zamanlarda ABŞ və Avropada həqiqi bir tendensiyaya çevrilən STEAM təhsili bir çox mütəxəssis tərəfindən gələcəyin təhsili adlandırılıb.

XXI əsrin bacarıqları hazırda müxtəlif səviyyələrdə fəal müzakirə olunan xüsusi bir sahədir. Konsepsiyanın mahiyyəti budur: sənaye dövründə savadlılığı müəyyənləşdirən əsas bacarıqlar oxumaq, yazmaq və hesablamaq idi. 21-ci əsrdə isə əsas diqqət tənqidi düşünmə qabiliyyətinə, qarşılıqlı əlaqə və ünsiyyət qurma qabiliyyətinə və biznesə yaradıcı bir yanaşmaya doğru irəliləyir. Beləliklə, gələcək 4K əsas bacarıqları formalaşır - ünsiyyət,  əməkdaşlıq, tənqidi düşüncə, yaradıcılıq.

Bu bacarıqları yalnız laboratoriyalarda və ya müəyyən riyazi alqoritmlərə dair  biliklərdən əldə etmək olmaz. Buna görə mütəxəssislər STEAM fənlərini daha çox öyrənməlidirlər.

Dəqiq elmlər və texnologiyalar suallara təmiz, aydın cavabları stimullaşdırır və humanitar elmlər (incəsənət) qeyri-müəyyən sualları həll edir. Yalnız dəqiq elm və humanitar yanaşmaların birgə tədrisi bugünkü mürəkkəb dünyada yenilikçilərə dəstək ola bilər.

STEAM  yanaşmanın tərkib hissəsi olan incəsənət (Arts) düşüncə tərzinin yeni üsullarını, əlaqələrin qurulmasının yeni yollarını açır, innovasiyaların və kreativliyin stimullaşdırılması vasitəsi ilə rəqabətə davamlılığı dəstəkləməyə kömək edir.

ABŞ təcrübəsi

Amerikalı alimlərin fikrincə, müasir inkişaf üçün xarakterik olan elm və incəsənətin qarşı-qarşıya qoyulması səmərəsiz hesab edilməli və hər iki istiqamət birlikdə inkişaf etdirilməlidir. Təhsilin incəsənətin (Arts) paralel inkişafı olmadan yalnız elm, mühəndislik işi və riyaziyyat istiqamətində aktivləşdirilməsi cəhdi gənc amerikalıların yaradıcılıq qabiliyyətlərinin itirilməsinə səbəb ola bilər.

2009-cu ildə ABŞ-ın Con Hopkins Universiteti tərəfindən aparılan nevroloji tədqiqat göstərmişdir ki, Arts-təhsil tələbələrin idrak bacarıqlarını yaxşılaşdırır, məşğələlər zamanı yaddaş və diqqət bacarıqlarını inkişaf etdirir, həmçinin akademik və həyat vərdişlərinin diapazonunu artırır.

Tarixən incəsənətin ABŞ milli təhsilinə qaytarılması məsələsi hərtərəfli inkişaf etmiş tələbələrin hazırlanmasının zəruriliyi baxımından müxtəlif təşkilatlar tərəfindən əsaslandırılıb. Hazırda bu dairələrdə də elm və incəsənətin inteqrasiyasına iqtisadi arqumentlərdən istifadə edilməsinin zəruriliyi ilə bağlı dialoq fəallaşır. Məsələn, Massaçusets əyalətində yaradıcı iqtisadiyyat yolu ilə maddi rifahın yüksəldilməsinin zəruriliyinə əsaslanaraq, məktəblərin yalnız standart testləri yerinə yetirən şagirdlər baxımından deyil, eyni zamanda hər bir məktəbin tədris planlarının şagirdlərin kreativliyinin gücləndirilməsinə nə dərəcədə imkan yaratmasının qiymətləndirilməsini şərtləndirən qanun qəbul edilib.  Artıq “yaradıcılıq indeksi” bütün dövlət məktəblərinə şamil edilir.

ABŞ-da  daha çox insan hesab edir ki, məktəb və universitetlərin bütün tədris planlarında kreativliyin və innovasiyanın dəstəklənməsi üzrə bacarıq və səlahiyyətləri öyrədən fənlər olmalıdır. STEAM yanaşmada əksini tapan incəsənət istiqamət (Arts) Amerika təcrübəsində xüsusilə qabardılır. Məlumdur ki,  incəsənət düşüncə tərzinin yeni üsullarını, əlaqələrin qurulmasının yeni yollarını açır, innovasiyaların və kreativliyin stimullaşdırılması vasitəsi ilə rəqabətə davamlılığı dəstəkləməyə kömək edir.

Arts-in milli tədris planının zəruri komponenti kimi lehinə aşağıdakı arqumentlər səsləndirilir:

- Arts iqtisadiyyata 7 dəfə böyük təsir göstərir;

- Məktəb toplantılarında valideynlər bu təlimin davam etdirilməsini tələb edirlər;

- peşəkarlar incəsənət sahəsinə diqqəti artırmağa çağırırlar, bu sahənin gənclərin hərtərəfli inkişafı üçün vacibliyindən danışırlar.

Bununla yanaşı, məhz kreativliyin inkişafı və stimullaşdırılması innovasiyaların açarıdır. Təsadüfi deyil ki, ABŞ-da STEAM yanaşma ölkədə  təhsil islahatlarının və iqtisadiyyatın rəqabətə davamlılığının yaxşılaşdırılması cəhdinin sinoniminə çevrilib.

Elm və yüksək texnologiyalarla yanaşı, həmçinin innovativ iqtisadiyyatın mühüm sahələrindən biri kimi  yaradıcı sənayelər (creative industries) və ya yaradıcı, intellektual kapitala əsaslanan sahələr çıxış edir. Yaradıcı sahələrə kino, musiqi, kompüter texnologiyaları, təsviri incəsənət, qalereya biznesi, moda,  nəşriyyat işi, dizayn, arxitektura daxildir.

ABŞ-ın innovasiya iqtisadiyyatının yaradıcı istiqamətlərinə aşkar aksent özünü həm də onda göstərir ki, yaradıcı, bədii fənləri özündə birləşdirən ümumi incəsənət (Arts) STEAM təhsilə qoşulur.  Arts sahəsində liderlik edən fənlər hələ ki sənaye dizaynı, arxitektura və sənaye estetikasıdır.

Asiya təcrübəsi

Araşdırmaya görə, çinli uşaqların valideynləri ABŞ-dakı valideynlərdən fərqli olaraq, Arts-ların uşaqların yenilikçi bacarıqlarını formalaşdırmaq üçün xüsusilə vacib olduğuna inanırlar. Beləliklə, riyaziyyat və kompüter elmlərinin rolu Çində 9%,   ABŞ-da 52% qiymətləndirilir. İnnovasiya problemlərinin həlli üçün kreativ yanaşmaların əhəmiyyəti Çində 45%, ABŞ-da isə yalnız 18% qiymətləndirilir. Çində biznes və biznes bacarıqlarına 23%, ABŞ-da yalnız 16% üstünlük verilir. Dünya xalqlarının mədəniyyətləri üzrə bilik səviyyəsi Çində 18%, ABŞ-da  4%-dir. Bütün bunlar onu göstərir ki, ABŞ-da STEM-yanaşma üstünlük təşkil edərkən Çində artıq STEAM təhsili daha aktualdır.

Digər Asiya ölkələri, məsələn, Sinqapur də kreativ iqtisadiyyatın inkişafında böyük uğurlar qazanıb. Hələ 2002-ci ildə ölkənin dünyanın yaradıcılıq, innovasiya və dizayn mərkəzinə çevrilməsinə yönəlmiş “Sinqapurun transformasiyası” (RemakingSingapore) təşəbbüsünə start verilib. Yeni funksiyalar insan yönümlü sosial-humanitar modellə assosiasiya olunur. Sinqapur hökuməti gənclərin kreativ keyfiyyətlərini stimullaşdırmaq üçün təhsil sistemində islahatlar aparır. Bunun ən mühüm yollarından biri gənc, yeni fikirli istedadlı insanların iqtisadi siyasətə cavabdeh olan müxtəlif dövlət strukturlarına daxil edilməsidir.

Rusiyada STEAM

Hazırda Rusiyada STEM təhsili üstünlük təşkil edir, lakin ilk STEAM layihələri də artıq görünməkdədir.  STEAM yanaşmasından istifadə edərək proqramı inkişaf etdirən ilk uşaq mərkəzlər şəbəkələri yaranmaqdadır.  Bu sahədə təcrübə toplamaq məqsədilə rusiyalı mütəxəssislər ABŞ-da STEAM təhsil kurslarında təlim keçiblər.  Uşaq mərkəzlərində 3 yaşdan başlayaraq azyaşlılar özlərini mühəndis kimi sınaya, texnologiyalarla tanış ola, təcrübə qoya və kəşf edə bilərlər.

Mərkəzlərdə uşaqlar tədqiqatçılığa təşviq olunur, onlara səhv etməkdən və nəticə çıxarmaqdan çəkinməməyi öyrədirlər. Ünsiyyət bacarıqlarının inkişafına və layihə fəaliyyətlərinə də çox diqqət yetirilir. Bu keyfiyyətlər onlara gələcək iş yerlərində işləmək üçün xüsusilə vacib olacaqdır.

STEAM təlimin üstünlükləri

  1. Yaradıcı düşüncə tərzini stimullaşdırır - şagirdlər düşüncəli sualları necə   verməyi,  onlara cavab tapmağı,  onları  tətbiq etməyi, problemləri öyrənməyi və yaradıcı şəkildə həll etməyi öyrənəcəklər.
  2. Əhəmiyyətli əməkdaşlıq təklif edir - təhsilalanlar  problemləri necə həll edəcəkləri barədə fikirlərini bölüşürlər. Bu, komanda işinə və intellektual diskussiyalara əla kömək edəcək.
  3. Tənqidi təfəkkürü  gücləndirir - şagirdlər problemləri  sistemli şəkildə nəzərdən keçirir, əldə olunan məlumatları, eləcə də ən yaxşı həllərin axtarışı üçün mühəndislik və texnoloji həlləri tətbiq edirlər.
  4. Problemləri həll etmək üçün unikal bir üsul  təqdim edir - təhsilalanlar mövcud problemləri həll etmək üçün  qeyri-adi həllərə gətirib çıxaran metodlardan istifadə etməyə məcburdur.
  5. Praktiki təlim təcrübəsi verir - öyrənənlərə bir şeyin necə işlədiyini, necə düzəldiləcəyini öyrənmək üçün müxtəlif materiallar və vasitələrdən istifadə etmək tövsiyə olunur.

STEAM yanaşma ilə  təhsil  daha yaradıcı və əyləncəlidir. Bu yanaşma ilə yetişən uşaqlar vaxt keçdikcə  daha yaxşı təmin olunacaq və gələcəkdə də yeniliklər tətbiq edə biləcəklər.

STEAM təlimləri zamanı uşaqlar müxtəlif sahələrdən: riyaziyyat və digər dəqiq elmlər, mühəndislik, dizayn, rəqəmsal cihazlar və texnologiyalardan istifadə edirlər. Beləliklə, şagirdlər layihə üzərində yaratma və iş prosesinin ümumi anlayışını mənimsəyirlər.  STEAM şagirdlərə hər hansı bir mürəkkəb vəzifənin yerinə yetirilməsinə imkan verən universal praktik yönümlü bir yanaşmadır. Bununla yanaşı, uşaqlar öz biliklərini əməli surətdə həyata keçirirlər. Hər hansı bir istehsal və ya məişət problemini həll edərək, insan bir çox sahələrdən bilik toplamaq məcburiyyətindədir. Bu yanaşma faydalıdır  və hər bir müasir məktəbə lazımdır. Tədricən  fərdi fənlər çərçivəsində təhsil öz aktuallığını itirir və bu, təsadüfi deyil.  Yalnız məlumatların ötürülməsinə əsaslanan təlim öz mənasını itirir, çünki bu gün hər hansı bir məktəbli internetə daxil ola,  tədqiqat mövzusu haqqında lazımi və ya bitkin məlumatları tapa bilər.  Bu məlumatlardan istifadə etməyi, onu praktikada tətbiq etmək bacarıqları isə artıq məktəbdə hazırlanmalıdır.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)