Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 17:45:00
Gənc soydaşımız – “Olimpiadada təcrübə aparmaq üçün verilən aparat məni çətinliyə saldı” - RUBRİKA

 

“Əcnəbi şagirdlər olimpiadalara elə bizim kimi hazırlşırlar. Aramızda çox fərq yoxdur. Sadəcə, Çin, Rusiya kimi çox  inkişaf etmiş ölkələrdə intizam, sərtlik daha çoxdur. Çinli şagirdlərin olimpiadalarda uğur qazanmalarının əsas səbəbi də elə bu sərtliklə bağlıdır”.

AzEdu.az-ın “Qızıl beyinlər” rubrikasında  Azərbaycanı istedadı və zehni bacarıqları ilə dünya ölkələrində təmsil edən məktəblilər öz uğur hekayələrini danışacaqlar.

Rubrika əsnasında ilk həmsöhbətimiz ölkəni Beynəlxalq Elm Olimpiadası və Jautikov Olimpiadasında təmsil edən Ayxan Süleymanzadədir. O, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdidir:

“Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında gümüş medal qazanmışam. Jautikov Olimpiadasının isə iştirakçısıyam.

Beynəlxalq Elm Olimpiadası Kimya, Biologiya, Fizika fələri üzrə  yaşı 16-a qədər olan şagirdlər üçün keçirilir. İştirak etdiyim müsabiqə Qətərdə keçirilirdi. İmtahan 3 mərhələdən ibarətdir: test, nəzəriyyə və eksperiment. Nəzəriyyədə açıq, test mərhələsində isə qapalı suallar olur. Eksperiment laborator işdən ibarətdir. Eksperiment mərhələsində hər birində 3 nəfər olmaqla, qruplara bölünürük”.

Ayxan Süleymanzadənin dediyinə görə, azərbaycanlı şagirdlərin çətinlik çəkdikləri əsas mərhələ eksperimentdir:

“Eyni şey mənim də başıma gəldi. Çünki bu mərhələ qabiliyyətə əsaslandığına görə, nəzəri biliklərlə yanaşı, müəyyən bacarıqlar da tələb olunur. Fizika həvəskarı  olduğuma görə, olimpiadaya da elə bu fənn üzrə qoşuldum.

Eksperiment dəqiq deyildi. Verdikləri aparat sabit güclə çalışmadığına görə, çətinliklə üzləşdim. Məqsəd suyu qaynadıb temperaturun zamandan asılılığını ölçmək idi. Qızdırıcının gücü sabit olmadığı üçün temperatur şiddətli şəkildə arta bilmirdi”.

Dediyinə görə, onun uğurlarında Beynəlxalq Olimpiyadalara Hazırlıq Mərkəzinin  payı çox olub:

“VII sinifdə bu mərkəzə qəbul olunmaq üçün imtahan verdim. İmtahandan keçərək mərkəzin hazırlıqlarında iştirak hüququ qazandım. VII sinifdə keçirilən bu müsabiqənin məqsədi istedadlı şagirdləri üzə çıxarmaqdır. Bütün uğurlarım həmin imtahandan başladı.

Orta məktəb proqramı olimpiada uğuru üçün kifayət etmir. Bunun üçün xüsusi hazırlıq lazımdır. Olimpiada proqramı orta məktəb proqramı ilə eyni mövzulardan ibarət olsa da, bir qədər genişləndirilmiş formadadır. Amma məktəbin də önəmi var. Təhsil aldığım məktəbdə tədrisin yüksək səviyyədə olması məni uğura yaxınlaşdırdı”.

Ayxan Süleymanzadənin əsas məqsədi bu il Beynəlxalq Fizika Olimpiadasında yer tutmaq, daha sonra nüfuzlu əcnəbi universitetlərdən birinə qəbul olunmaqdır:

“Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına qatılanda məqsədim gümüş medal əldə etmək idi. Belə də oldu. Qızıla inanmırdım, bu, mümkünsüz idi. Bəlkə də sırf eksperiment mərhələsinə, bəlkə də çox güclü ölkələrin iştirak etməsinə görə, Azərbaycan bəzən geridə qalır.

Eksperiment mərhələsində çətinlik çəkdiyimizə görə, məktəblərdə laboratoriya şəraitinin yaradılması əsas istəyimdir. Orta ümumtəhsil  müəssisələrində bu istiqamətdə görülən işləri isə yüksək qiymətləndirirəm”.

Dünyanın bir sıra ölkələrinin xeyli beynəlxalq oimpiadalarda liderliyi əllərində saxlamalarına gəlincə isə Ayxan Süleymanzadə belə cavab verib:

“Əcnəbi şagirdlər də  ali məktəbə, olimpiadalara bizim kimi hazırlşırlar. Aramızda çox fərq olmur. Sadəcə Çin, Rusiya kimi nisbətən inkişaf etmiş ölkələrdə intizam, sərtlik daha çoxdur. Çinli şagirdlərin olimpiada uğurlarının əsas səbəbi də elə bu sərtliklə bağlıdır. Bundan əlavə, olimpiada hazırlıqlarına daha kiçik yaşlarından başlamaları da bir üstünlükdür”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları