Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 10:45:00
Koronovirus düşüncəsinin məktəblərdəki psixoloji zərərləri – “ Hələlik, valideynlərdə xof yoxdur, amma...”

 

 

Çində yayılan Koronavirus təhlükəsi bir sıra ölkələri həyəcan təbili çalmağa, profilaktik işlər görməyə məcbur edib.

Çünki bu günə qədər 5 mindən çox insana yoluxan Koronavirus epidemiyası 200-dən çox ölümə səbəb olub. Dünyaya yayılmaqda olan virus, həmçinin ABŞ, Almaniya və Fransa da daxil olmaqla bir çox ölkədə aşkar edilib.

Azərbaycanda da əhali arasında gigiyenik mühafizəkarlıq, dezinfeksiya işlərinə tələbatın artırılması çoxlarını təşvişə salıb. Bu qorxu xüsusilə də azyaşlı övladı orta təhsil alan valideynlərdə müşahidə edilir.

Bəs, belə bir situasiyada valideynlərlə iş baxımından məktəbin üzərinə nə kimi psixo – sosioloji işlər düşür?

“Psixoloq şagirdlərə təsir etmək üçün vasitədir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Leyla Əli bildirib ki, bu məsələdə psixoloji məqam azdır:

“Normal düşüncəli valideyn məktəbin yaxşı dezinfeksiya olduğunu, təmizlənmə işlərinin getdiyini bilirsə, qorxmayacaq. Təbii, maskalı şagird görsə, ajiotaj yaşaya bilər. Amma bu, psixoloqun geniş məsləhət verməklə həll edə biləcəyi məsələ deyil.

Maskalı şagird araşdırılmalıdır. Maska səviyyəsində problemi varsa, ümumiyyətlə,  məktəbə gəlməməlidir. Məsələn, bir pasientim talesemiyalı idi. Şagirdlərə izah edirdik ki, maskadan istifadə etsə də, ondan sizə heç nə yoluxa bilməz. Sizdən ona nə isə keçməməsi üçün maskadan istifadə edir. Bu, uşağın yaş səviyyəsindən də asılıdır. Yaşı 7-dən çoxdursa, ümumi izahla nəticə əldə etmək olur.  Maskalı şagirdə valideynlərin elə reaksiya verməyi normaldır.

Yaşı 7-dən çox olan uşaqlarda daha çox qorxu yaranır. Bu yaşa qədər şagirdlər həm də sosial şəbəkə istifadə etmədiklərinə görə bu halla az rastlaşırlar. 7 yaşdan sonra onlara əllərini tez–tez yumaları, ictimai yerdə çox olmamaları ilə bağlı xəbərdarlıqlar olunmalıdır.

Psixoloq nələrisə izah etməlidir. Spirtlənmək, gigiyena qaydalarına riayət olunması izah olunmalıdır. Bu, tam olaraq psixoloqun işi olmasa da, psixoloq şagirdlərə təsir etmək üçün vasitədir”.

“Bu, yalnız psixoloqun deyil, hər kəsin işidir”

Füzuli rayonu 7 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova da rəhbərlik etdiyi müəssisədə ara–sıra profilaktik tədbirlərin, dezinfeksiya işlərinin görüldüyünü bildirib:

 

“Onsuz da sinifləri gəzəndə bəzi şagirdlərin maskalı gəzdiklərini görürük. Bununla bağlı müəyyən qədər təbliğat da aparırıq. Amma kiməsə psixoloji təsir etmək çətin məsələdir. Sadəcə adi qrip keçirən hər hansı şagirdin də digərlərinə təsiri ola bilər. Buna görə də qorunma yollarını, gigiyena qaydalarını izah edirik. Valideynlər arasında qeyri–adi bir xof, təşviş görmürəm. Davamlı  profilaktik tədbirlər virus təhlükəsinə görə deyil, istənilən halda lazımdır. Amma sırf virusla  bağlı təşviş görmədiyimizə görə, bu barədə təlimatlandırma aparmamışıq.

Ümumiyyətlə, bu, yalnız psixoloqun deyil, müəllimdən tutmuş direktora qədər hər kəsin işidir. Onlar şagirdin səhhətində narahatlıq hiss etdikdə dərhal tədbir görməlidirlər. Söhbət yalnız Koronavirusdan getmir”.

“Əksər valideynlər məktəb  psixoloqunun onlara kömək edəcəyinə inanmırlar”

Neftçala rayon, Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev məktəbdəki bütün neqativ  hadisələrlə bağlı ilk növbədə valideynlərlə danışmalı olduğnu vurğulayıb:

“Valideyn şagirdi əmin edir ki, yanındayam, sənə heç nə olmayacaq. Şagird özünü məktəbdə qorxu içində hiss edir.  Buna görə də, məktəbin üzərinə böyük məsuliyyət düşür. Orada sağlam mühit formalaşdırılmalıdır ki, uşaqlar özlərini rahat, təhlükəsiz hiss etsinlər.

Əsas iş isə valideynlərlə bağlıdır. Onlarda sırf koronavirusla bağlı təşviş hiss etməmişəm. Amma məsələn, Nərmin Quliyevanın qətli ərəfəsində valideyn övladını məktəbə gətirməyə qorxurdu. Valideynlərlə danışandan sonra şagirdlər özlərini ələ ala bildilər. Əsas odur ki, şagird  psixologiyasında dəyişiklik edək, neqativ hissləri kənara atsın, bütün enerjisini dərsinə yönəltsin”.

Elmir Tağıyevin sözlərinə görə, əksər valideynlər məktəb  psixoloqunun onlara kömək edəcəyinə inanmırlar:

“Ümumiyyətlə, kənd yerlərində valideyn övladı üçün psixoloqa müraciət etməyə çəkinir. Söhbət xüsusilə də qız uşaqlarından gedir. Düşünürlər ki, psixoloji probleminin olması gələcəkdə ona problem yaradacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları