https://www.zirve.edu.az/
10.02.2020 11:23
İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi

Azərbaycan MDB-də ən yüksək göstəriciyə malikdir
Azərbaycan İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi (The Global Talent Competitiveness Index) üzrə dünyanın 132 ölkəsi arasında 42-ci yerdə qərarlaşıb. Hesabat "Adecco Group" və " Google" ilə əməkdaşlıq çərçivəsində Fransanın INSEAD Biznes məktəbi tərəfindən tərtib edilib. "Süni intellekt dövründə qlobal istedad" adlı sənəd Ümumdünya İqtisadi Forumun Davos forumunda təqdim olunub. Sənədə əsasən, reytinqə İsveçrə, ABŞ, Sinqapur, İsveç, Danimarka, Hollandiya, Finlandiya, Lüksemburq, Norveç və Avstraliya kimi inkişaf etmiş ölkələr başçılıq edir. İstedad uğrunda yarışda Avropa ölkələri 2020-ci ilin qlobal rəqabət qabiliyyətliliyi indeksində ilk 25 yerdən 17-ni tutub. Son illər bu sahədə dünya lideri olan İsveçrə 81,82 bal toplamaqla ABŞ-ı qabaqlayıb və birinciliyini qoruyub. Sıralamada onu Sinqapur (77.27) və Amerika Birləşmiş Ştatları (76.64) izləyir. Sinqapur İsveç və Danimarkadan öndədir.
Daha sonra siyahıda Skandinaviya ölkələri yer alıb. Reytinqdə sonuncu yeri Yəmən tutur.
Azərbaycan 132 ölkənin iştirak etdiyi reytinqdə 42-ci yerdə dayanır. Ölkəmiz qlobal indeksdə Yunanıstan (47-ci yer), Rusiya (48-ci yer), Bolqarıstan (55-ci yer), Rumıniya (64-cü yer), Gürcüstan (68-ci yer), Albaniya (76-cı yer), Tacikistan (84-cü yer), Moldova (86-cı yer), Ukrayna (90-cı yer) kimi ölkələri qabaqlayıb və MDB üzrə birinci yerdə qərarlaşıb. Azərbaycan, həm də postsovet məkanı ölkələri arasında lider (Baltikyanı ölkələri nəzərə almasaq) mövqedədir.
İstedadların Qlobal Rəqabətlilik İndeksi hər bir ölkədə əmək bazarındakı bazar və tənzimləmə şərtləri, iqtisadiyyatın əcnəbilər, mühacirlər və milli azlıqlar üçün açıqlığı, təhsil, sosial müdafiə, həyat keyfiyyəti, sağlamlıq, məhsuldarlıq, yüksək ixtisaslı və yenilikçi mütəxəssislərin mövcudluğu, eləcə də karyera imkanları, işəgötürənlərin dünyanın hər yerindən istedad cəlb etmək qabiliyyəti, ixtisaslı kadrları saxlamaq bacarığı, işçilərin istehsal bacarıqları və qlobal biliklər (innovativ sahələr üçün nə qədər təhsil və bacarıq kifayətdir) daxil olmaqla bir sıra parametrlər əsasında tərtib edilib. Hər bir meyar 100 ballıq şkala üzrə qiymətləndirilir, sonra ortalama ümumi bal hesablanır.
Qeyd edək ki, Qlobal İstedad Rəqabətliliyi İndeksi (GTCI) 2013-cü ildən tərtib olunur. Məqsəd ölkələrin istedadın inkişafına sərf etdiyi qaynaqları və səyləri, eləcə də insan kapitalının keyfiyyətini qiymətləndirməkdir.
(Azərbaycan müəllimi-Oruc MUSTAFAYEV)